Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-222/2025 04.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, “Şəfəq (Cəbrayıl) Solar Limited” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “Şəfəq (Cəbrayıl) Solar Limited” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokol onunla əsaslandırılmışdır ki, “Şəfəq (Cəbrayıl) Solar Limited” Azərbaycan Respublikasındakı Nümayəndəliyi 01 oktyabr 2025-ci il tarixdə X1 İdarəsində **********0564 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən, Çin Xalq Respublikasında yerləşən “Trina Solar (Huai AN) X2” şirkətindən 77HU823/99ZG823 nömrəli nəqliyyat vasitəsində idxal edilmiş yüklər Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək, gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 29 sentyabr 2025-ci il tarixdə, saat 09:44-də Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Şəfəq (Cəbrayıl) Solar Limited” Azərbaycan Respublikasındakı Nümayəndəliyi inzibati xəta haqqında işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən hüquqi şəxs “Şəfəq (Cəbrayıl) Solar Limited” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin iştirakı olmadan inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan “elektron sorğu məlumatı”ndan görünür ki, hüquqi şəxs “Şəfəq (Cəbrayıl) Solar Limited” Azərbaycan Respublikasındakı Nümayəndəliyi vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdadır və VÖEN **********.dir. İş materiallarında olan “Gömrük Xidmətinin vahid avtomatlaşıdırlmış idarəetmə sistemi-malın çatdırılması və boşaldılmasında dair çıxarış”dan görünür ki, “Şəfəq (Cəbrayıl) Solar Limited” Azərbaycan Respublikasındakı Nümayəndəliyi Çin Xalq Respublikasında fəaliyyət göstərən “Trina Solar (Huai AN) X2” Şirkətindən invoys sənədinin müşayiəti ilə 77HU823/99ZG823 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş malları 29 sentyabr 2025-ci il tarixdə, saat 09:44-də Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirməklə, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirmişdir. (bəyannamənin rekvizitləri...) İş materiallarında olan “Gömrük bəyannaməsi üzrə elektron çıxarış”dan görünür ki, “Şəfəq (Cəbrayıl) Solar Limited” Azərbaycan Respublikasındakı Nümayəndəliyi Çin Xalq Respublikasında fəaliyyət göstərən “Trina Solar (Huai AN) X2” Şirkətindən invoys sənədinin müşayiəti ilə 77HU823/99ZG823 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş malları 29 sentyabr 2025-ci il tarixdə, saat 09:44-də Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir, yəni idxal olunmuş mallara dair elektron qaydada qısa idxal bəyannaməsi 29 sentyabr 2025-ci il tarixdə, saat 11:37-də gömrük orqanına təqdim edilmişdir. (Gömrük bəyannaməsinin rəsmiləşdirilməsi barədə elektronjurnal...) Məhkəmə inzibati xəta inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs “Şəfəq (Cəbrayıl) Solar Limited” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, “Şəfəq (Cəbrayıl) Solar Limited” Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs (vergi ödəyicisi olan hüquqi şəxs) “Şəfəq (Cəbrayıl) Solar Limited” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, “Şəfəq (Cəbrayıl) Solar Limited” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.1-ci maddəsinə əsasən bəyanetmə - Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. Həmin Məcəllənin 13-1.1-ci maddəsinə əsasən gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunur. Həmin Məcəllənin 13-1.2-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları, o cümlədən xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli Fərmanının 1.5.5-ci bəndinə əsasən gömrük nəzarəti - gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlərdir. Həmin Fərmanın 2.1-ci bəndinə əsasən qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri mövcuddur. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs “Şəfəq (Cəbrayıl) Solar Limited” Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Şəfəq (Cəbrayıl) Solar Limited” Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-222/2025
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-222/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver