Məhkəmə qərarları › İş №3(072)-33/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-33/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-33/2025 18.02.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Cəbrayıl Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X2, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxx 1990-cı ildə Cəbrayıl rayonunda anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, “Vətən-N” Mühafizə Xidmətində 1-ci şöbənin rəis müavini vəzifəsində işləyən, Cəbrayıl rayonu, Qurbantəpə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokol onunla əsaslandırılmışdır ki, Şəxs 17 fevral 2025-ci il tarixdə, təxminən saat 15:00 radələrində Cəbrayıl şəhəri ərazisində əməliyyat-axtarış fəaliyyəti subyektinin fərqlənmə nişanları olan geyim formasını qanunsuz daşımışdır. Məhkəmə iclasında Cəbrayıl Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis leytenantı X3 izahatında bildirmişdir ki, 17 fevral 2025-ci il tarixdə Cəbrayıl şəhəri ərazisində xidmətdən olan zaman “Böyük Qayıdış” proqramına əsasən Cəbrayıl şəhərinə köçmüş sakinlərdən Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının xidməti istifadəsində və üzərində Polisin fərqlənmə nişanları olan səhra çıxış formasından istifadə etmişdir. O, bu barədə Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudova raportla müraciət edərək, məlumat vermiş onun göstərişi əsasında Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulan “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Onu da qeyd edir ki, Şəxs əynində olan geyim Polisin səhra çıxış forması olmasa da, lakin həmin geyim formasına bənzəyir. Bütün bunları nəzərə alaraq, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, Cəbrayıl rayonu, Qurbantəpə kəndində pasport qeydiyyatında olsa da, bir müddət başqa yaşayış sahəsində məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Bununla yanaşı, o və ailə üzvləri “Böyük Qayıdış” proqramına əsasən ünvan 1 ünvanda dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunmuşlar. Bu səbəbdən də, ailə üzvləri ilə birlikdə 17 fevral 2025-ci il tarixdə Cəbrayıl şəhərində köçmüşlər. Özü “Vətən-N” Mühafizə Xidmətində 1-ci şöbənin rəis müavini vəzifəsində işləyir, 3-cü dərəcəli DMXƏ-dir və ona 21 yanvar 2026-cı il tarixədək etibarlılıq müddəti olan xidməti vəsiqə verilmişdir. “Vətən-N” Mühafizə Xidməti Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin müvafiq lisenziyası əsasında fəaliyyət göstərir. Özünə, eləcə də Xidmətin əməkdaşlarına geyim formaları “Vətən-N” Mühafizə Xidmətinin rəhbərliyi tərəfindən verilmişdir. Eyni zamanda bildirir ki, əynindəki geyim tünd boz rəngli olsa da, lakin geyimin üzərində “DİN” və ya “POLİS” sözləri yazılmamış və Polisin fərqlənmə nişanları yoxdur. Belə ki, papağına bərkdilmiş kokardada Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin emblemindən istifadə edilməmişdir. Sol qol nişanının üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı əks olunsa da, üzərində “VMX” sözü yazılmışdır. Sağ qol nişanının üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin emblemi əks etdirilməmişdir. Onu da qeyd edir ki, 3-cü dərəcəli DMXƏ olduğu üçün “Vətən-N” Mühafizə Xidməti tərəfindən idarədaxili rütbə verilmişdir. Poqonda olan mayor rütbəsini bildirən ulduz olsa da, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis mayoru rütbəsinə uyğun poqon üçün emblemlər əks etdirilməmişdir və poqonların yuxarı hissəsinə Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunmuş forma düyməsi bərkidilməmişdir. Eyni zamanda bildirir ki, xidmət etdiyi müddət ərzində “Vətən-N” Mühafizə Xidmətinin rəhbərliyi tərəfindən verilmiş məhz bu geyim formasında Dövlət tədbirlərində iştirak etmiş, dövlət və özəl obyektlərin mühafizəsini təşkil etmişdir. Bu günədək geyim forması ilə bağlı nə ona, nə də “Vətən-N” Mühafizə Xidmətinin digər əməkdaşlarına xəbərdarlıq edilmiş və ya Xidmətin rəhbərliyinə məlumat verilmişdir. Halhazırda özünü təqsirli bilmir və hesab edir ki, onun əməlində inzibati xəta hadisəsi yoxdur. Özü ailəlidir, övladı yoxdur və həyat yoldaşı hamilədir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis leytenantı X4 Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudova ünvanlanmış raportdan görünür ki, Şəxs 17 fevral 2025-ci il tarixdə, təxminən saat 15:00 radələrində Cəbrayıl şəhəri ərazisində əməliyyat-axtarış fəaliyyəti subyektinin fərqlənmə nişanları olan geyim formasını qanunsuz daşımışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 655 №-li “Vəsiqə”nin surətindən görünür ki, “Vətən-N” Mühafizə Xidməti Azərbaycan Respublikası Daxil İşlər Nazirliyindən xüsusi razılıq (lisenziya) almış hüquqi şəxsdir, Şəxs “Vətən-N” Mühafizə Xidmətində 1-ci şöbənin rəis müavini vəzifəsində işləyir, 3-cü dərəcəli DMXƏ-dir və ona 21 yanvar 2026-cı il tarixədək etibarlılıq müddəti olan xidməti vəsiqə verilmişdir. İş materiallarında olan fotoşəkillərdən (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının nümunəsi ilə müqayisəli təhlil edilməklə (orta və böyük rəis heyətinin geyim forması...)...) görünür ki, Şəxs əynindəki geyim forması...1. tünd boz rəngli qış səhra geyiminə oxşayır, üzərində (gödəkçənin və ya şalvarın) “DİN” və ya “POLİS” sözləri yazılmamış və Polisin fərqlənmə nişanları yoxdur. 2. Papağına bərkdilmiş kokardada Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunmamışdır. (müvafiq Fərmana əsasən təkcə kokardanın ortasında Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunur...) 3. Sol qol nişanının üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı əks olunsa da, üzərində “VMX” abreviaturası yazılmışdır, yəni “DİN”-in fəaliyyət sahəsindən asılı olaraq, müvafiq xidmətlərin xüsusiyyətlərini əks etdirən fərqləndirici rəmzlər, adlar və abreviaturalar göstərilməmişdir. (müvafiq Fərmana əsasən sol qol nişanının üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı, fəaliyyət sahəsindən asılı olaraq, müvafiq xidmətlərin xüsusiyyətlərini əks etdirən fərqləndirici rəmzlər, adlar və abreviaturalar göstərilir...)

4. Sağ qol nişanının üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin emblemi əks etdirilməmişdir, yəni “DİN” abreviaturası yazılmamışdır. (müvafiq Fərmana əsasən sağ qol nişanının üzərində isə Daxili İşlər Nazirliyinin emblemi əks etdirilir, emblemqalxandan və qılınclardan ibarətdir. Üzərində Azərbaycan Respublikasının Dövlət gerbi, yuxarı hissəsində “DİN” abreviaturası yazılır, altında isə çarpaz qılınclar olur...) 5. Poqonların üzərində polis mayoru rütbəsini bildirən səkkizgüşəli ulduz olsa da, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis mayoru rütbəsinə uyğun poqon üçün emblemlər əks etdirilməmiş, poqonların yuxarı hissəsinə Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunmuş forma düyməsi bərkidilməmişdir. (müvafiq Fərmana əsasən poqonların yuxarı hissəsinə Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunmuş forma düyməsi ilə bərkidilir...) İş materiallarında olan MN ******* №-li, 18 fevral 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 17 fevral 2025-ci il tarixdə, təxminən saat 15:00 radələrində Cəbrayıl şəhəri ərazisində əməliyyat-axtarış fəaliyyəti subyektinin fərqlənmə nişanları olan geyim formasını qanunsuz daşımışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən Cəbrayıl Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis leytenantı X2 və inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən “əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma” dedikdə, hazırki iş üzrə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 538 saylı, 01 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kursant, sıravi, kiçik, orta və böyük rəis heyəti üçün baş geyimləri və digər atributların nümunəsi, yəni məhz fərqlənmə nişanları olan nümunəvi geyim formasının daşınması ilə müşayiət edilən hərəkətlər başa düşülür. Yəni geyim formasının üzərində müvafiq Fərmanla təsdiq edilmiş fərqlənmə nişanları əks olunmalıdır. Lakin Şəxs üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kursant, sıravi, kiçik, orta və böyük rəis heyəti üçün baş geyimləri və digər atributların nümunəsi, yəni fərqlənmə nişanları olan nümunəvi geyim formasını daşımamışdır, geyimin üzərində olan fəqrlənmə nişanları məhz müvafiq Fərmanla təsdiq edilmiş fərqlənmə nişanları deyildir və eynilik təşkil etmir. Bu səbəbdən də, Şəxs qeyd olunan hərəkəti əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarının qanunsuz olaraq daşınması qaydalarının pozulması kimi qiymətləndirilməməlidir. Yəni inzibati xəta hadisəsi baş verməmişdir. Bununla yanaşı, hüquq normasının quruluşu baxımından qanunun dispozisiyasına görə əməldə inzibati xəta tərkibi yoxdur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətdən azad edilməli və barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, hüquq elmində hüquq norması quruluşu baxımından 3 (üç) hissədən ibarət olur: 1. Hipotez (əgər…)-hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. 2. Dispozisiya (yəni…)konkret hərəkətin edilməsi və ya edilməməsinin qaydası göstərilir. 3. Sanksiya (o halda…)hüquq normasının tələblərinin pozulmasına görə məsuliyyət tədbirlərini nəzərdə tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsininqanunun dispozisiyasında əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin məhz fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarının qanunsuz olaraq daşınması, yəni konkret bu hərəkətin edilməsi qadağan edilir və bu hüquq normasının tələblərinin pozulmasına görə məsuliyyət tədbiri nəzərdə tutulur. Yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsininqanunun dispozisiyasında əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanlarına oxşarlıq və (və ya) bənzərlik təşkil edən fərqlənmə nişanları olan geyim formalarının qanunsuz olaraq daşınması nəzərdə tutulmur, eləcə də bu Məcəllədə belə bir əmələ (hərəkət və ya hərəkətsizlik) görə məsuliyyət tədbiri nəzərdə tutulmamışdır. Hazırki iş üzrə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 538 saylı, 01 may 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kursant, sıravi, kiçik, orta və böyük rəis heyəti üçün baş geyimləri və digər atributların nümunəsi, yəni fərqlənmə nişanları olan məhz tam nümunəvi geyim forması təsdiq edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Şəxs “Vətən-N” Mühafizə Xidməti tərəfindən verilmiş geyim forması kənardan ilk baxışdan Polisin geyim forması ilə oxşarlıq təşkil edə bilər. Lakin həmin geyim formasına diqqət yetirildikdə onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kursant, sıravi, kiçik, orta və böyük rəis heyəti üçün baş geyimləri və digər atributların nümunəsi, yəni fərqlənmə nişanları olan nümunəvi geyim forması olmadığı aydın şəkildə aşkar olunur. Əgər mühafizəçinin geyim forması və müvafiq mühafizəçi vəsiqəsi müvafiq icra hakimiyyəti orqanının geyim forması və xidməti vəsiqəsi ilə oxşarlıq və (və ya) bənzərlik təşkil edirsə, bu məsələ “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təznimlənməlidir. Beləliklə, məhkəmə “şəxsin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə icraatın başlanılması” ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən Cəbrayıl Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis leytenantı X2 və inzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatı iş materialları ilə müqayisəli şəkildə təhlil edərək, eləcə də toplanmış materialların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə icraatın başlanılması üçün əsas inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxs) tam və hərtərəfli araşdırma aparmadan, formal və subyektiv mülahizələri təşkil etmişdir. Məhkəmə inzibati xəta haqqında material ilə bağlı ilk əvvəl onu qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən aşkar edilmiş inzibati xəta faktı əsasında inzibati xətanın subyekti, yəni inzibati məsuliyyətə cəlb olunmalı olan fiziki və ya vəzifəli şəxs müəyyən edilməli, inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin olub-olmaması məsələsi, eləcə də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar araşdırılmalı və əmələ düzgün hüquqi qiymət verilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddi hüquq normasına düzgün tövsif edilməlidir. “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti (bundan sonra “özəl mühafizə fəaliyyəti”) - qeyri-dövlət (özəl) mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən fiziki və ya hüquqi şəxslərin mülkiyyətinin hüquqa zidd qəsdlərdən qorunması məqsədilə bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan mühafizə xidmətlərinin göstərilməsidir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən qeyri-dövlət (özəl) mühafizə müəssisəsi (bundan sonra “özəl mühafizə müəssisəsi”) - fiziki və ya hüquqi şəxslə bağlanmış müqavilə əsasında bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan mühafizə xidmətlərini göstərən, müvafiq qaydada dövlət qeydiyyatından keçmiş və müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq (lisenziya) almış hüquqi şəxsdir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi mühafizəçiləri geyim forması və müvafiq mühafizəçi vəsiqəsi ilə təmin etməlidir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən mühafizəçilərin geyim formaları Azərbaycan Respublikasının Silahlı Qüvvələri və başqa silahlı birləşmələrin, prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, fövqəladə hallar, ədliyyə, vergi, gömrük və digər dövlət orqanlarının xüsusi və ya hərbi geyim formalarından aşkar və aydın şəkildə seçilməlidir. Mühafizəçinin geyim formasının və vəsiqəsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən özəl mühafizə müəssisəsi və hüquqi şəxsin mühafizə bölməsinin mühafizəçisinin geyim formasının üzərində həmin müəssisənin tam adı, fərdi qeydiyyat nömrəsi, habelə mühafizəçinin adı və soyadı göstərilməlidir. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 538 saylı, 01 may 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kursant, sıravi, kiçik, orta və böyük rəis heyəti üçün baş geyimləri və digər atributların nümunəsi təsdiq edilmişdir. Həmin Fərmana əsasən poqon, qol nişanı, kokarda, qalstuk sıxacı, forma düyməsi, emblem, ulduzlar, palıd yarpağı, serjant lenti, Yol Patrul Xidmətinin döş nişanı, kursant poqonu, “K” hərfi, kursları əks etdirən nişan və furajka kəməri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin fərqlənmə nişanlarıdır. Həmin Fərmana əsasən (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orta və böyük rəis heyəti üçün geyim formalarının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kursant, sıravi, kiçik, orta və böyük rəis heyəti üçün baş geyimləri və digər atributların nümunəsinə əsasən...) Poqon parad-çıxış geyim formasında qızılı, gündəlik formada isə orta və böyük rəis heyəti üçün tünd göy, sıravi və kiçik rəis heyəti üçün qara rəngli olur. Yuxarı hissəsi fiqurlu, aşağı hissəsi isə düz olur. Poqonun üstünə 4,9 sm enində naxışlı ipək lent tikilir. Lentin kənarları 0,2 sm enində bəzək tikişi ilə baxyalanır. Poqon 0,3 sm enində qırmızı mahud (aşağı hissədən başqa) kantla haşiyələnir. Poqonun ucda eni 2,5 sm, ucdan 1,5 sm aşağıdakı məsafədə isə 5,5 sm-dir. Poqonlar üç ölçüyə bölünür. Kostyumun ölçüsü 48-50 olduqda poqonun uzunluğu 13,5 sm, 52-54 olduqda 14 sm, 56-60 olduqda isə 15,5 sm-dir. Polis rütbələrinə uyğun poqon üçün emblemlər əks etdirilir, poqonların yuxarı hissəsinə Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunmuş forma düyməsi bərkidilir. Qol nişanı-qol nişanı iki cür olur, sol qol nişanının üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı, fəaliyyət sahəsindən asılı olaraq, müvafiq xidmətlərin xüsusiyyətlərini əks etdirən fərqləndirici rəmzlər, adlar və abreviaturalar göstərilir. Sağ qol nişanının üzərində isə Daxili İşlər Nazirliyinin emblemi əks etdirilir. Rəmzlər, adlar və abreviaturalar tünd göy rəngli parçada basma üsulu ilə sarı rəngdə hazırlanır. Kokarda-qızılı rəngli metaldan basma üsulu ilə hazırlanır. Kokardanın ortasında Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunur. Emblem-qızılı rəngli metaldan hazırlanır, ölçüsü 2,5x2,2 sm olur. Emblem qalxandan və qılınclardan ibarətdir. Üzərində Azərbaycan Respublikasının Dövlət gerbi, yuxarı hissəsində “DİN” abreviaturası yazılır, altında isə çarpaz qılınclar olur. Ulduzlar-Ulduzlar qızılı rəngli metaldan basma üsulu ilə hazırlanır. Böyük rəis heyəti üçün ulduzların ölçüsü 2,2 sm, orta rəis heyəti üçün isə 1,7 sm diametrdə olur. Ulduzların arxasına poqona bərkitmək üçün nazik metal tutacaq lehimlənir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 534-cü maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta hadisəsi olmadığı üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Şəxs əməlində inzibati xəta hadisəsi olmadığı üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar