Məhkəmə qərarları › İş №3(072)-49/2024

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-49/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-49/2024 02.05.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi: X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC 22 mart 2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2587 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən, Rusiya Federasiyasından 96352992 nömrəli nəqliyyat vasitəsilndə idxal edilmiş yüklər Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək, gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 20 mart 2024-cü il tarixdə, saat 14:58-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, o, Şəxs MMC-nin həm qanuni təmsilçisidir, həm də cəmiyyətin direktoru vəzifəsində işləyir. Şəxs MMC xarici ölkədən meşə materialından hazırlanmış taxta məhsullarının Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Hüquqi şəxs Şəxs MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır və VÖEN **********.dir. Baş vermiş hadisə barədə bildirir ki, Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" Şirkətindən invoys sənədinin müşayiəti ilə 96352992 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş malları 20 mart 2024-cü il tarixdə, saat 14:58-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Hesab edir ki, törədilmiş inzibati xəta əməlində AZVOOD GROUP” MMC təqsirlidir və ilk dəfə inzibati xəta əməlini törədir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan “elektron sorğu məlumatı”ndan görünür ki, hüquqi şəxs Şəxs MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır və VÖEN **********.dir. İş materiallarında olan “Kommersiya qurumlarının dövlət reyestri məlumatın”dan görünür ki, hüquqi şəxs Şəxs MMC sahibkarlıq subyetkti kimi kiçik sahibkardır, vergi ödəyicisidir, VÖEN **********.dir, hüquqi ünvanı Biləsuvar rayonu, 10 saylı qəsəbə, təsisçisi və qanuni təmsilçisi X2r. İş materiallarında olan “Gömrük Xidmətinin vahid avtomatlaşıdırlmış idarəetmə sistemi-malın çatdırılması və boşaldılmasında dair çıxarış”dan görünür ki, Şəxs MMC Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" Şirkətindən Şirkətindən invoys sənədinin müşayiəti ilə 96352992 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş malları 20 mart 2024-cü il tarixdə, saat 14:58-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirməklə, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirmişdir. (bəyannamənin rekvizitləri...) İş materiallarında olan “Gömrük bəyannaməsi üzrə elektron çıxarış”dan görünür ki, Şəxs MMC Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" Şirkətindən invoys sənədinin müşayiəti ilə 96352992 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş malları 20 mart 2024-cü il tarixdə, saat 14:58-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. (Gömrük bəyannaməsinin rəsmiləşdirilməsi barədə elektronjurnal...) Məhkəmə inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs (vergi ödəyicisi olan hüquqi şəxs) Şəxs MMC-nin inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.1-ci maddəsinə əsasən bəyanetmə - Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. Həmin Məcəllənin 13-1.1-ci maddəsinə əsasən gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunur. Həmin Məcəllənin 13-1.2-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları, o cümlədən xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli Fərmanının 1.5.5-ci bəndinə əsasən gömrük nəzarəti - gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlərdir. Həmin Fərmanın 2.1-ci bəndinə əsasən qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri mövcuddur. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin inzibati xəta əməlini ilk dəfə törətməsini və hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi (direktor) X1 əməli etiraf etməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar