Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-69/2025 25.04.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ 26293325 saylı, 25 fevral 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarından şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 tərəfindən məhkəməyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ 26293325 saylı, 25 fevral 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarından şikayət daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X4 25 fevral 2025-ci il tarixdə, gündüz saatlarında özünə məxsus “KİA CARNİVAL” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə "xxxx" QSC-nin “Koroğlu” metrostansiya qarşısında 2-ci zolaqla hərəkət edərkən ondan öncə hərəkətdə olan minik avtomobilinin sürücüsü əyləci basmaqla avtomobili dayandıraraq, qəza dayanma işiqlarını yandırdığı üçün o da məcbur olub, idarə etdiyi avtomobili dayandırmışdır. Sonda hərəkətdə olan avtomobilləri buraxaraq sol zolağa çıxaraq hərəkəti davam etdirməyə başlamışdır. Qarşısında başqa nəqliyyat vasitəsi dayandığı üçün məcbur olub dayandığı 6-7 saniyəlik vaxt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qayda pozuntusu kim qiymətləndirilməklə, əsassız olaraq barəsində “İnzibati xəta haqqında” qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ 26293325 saylı, 25 fevral 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, o, avtomobili idarə edərkən heç bir qayda pozuntusu törətməmiş və yol hərəkəti qaydalarına əməl etmişdir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ 26293325 saylı, 25 fevral 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarının ləğv edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsi xahiş edilmişdir. X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, o, ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, şikayətə onun iştirakı olmadan baxılmasını və şikayəti müdafiə edərək, şikayətin təmin edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən X1 və səlahiyyətli orqan-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə (şikayət) mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan EQ 26293325 saylı, 25 fevral 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, X1 şikayəti əsaslı olduğu üçün qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ 26293325 saylı, 25 fevral 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Məhkəmə şikayət ilə bağlı ilk əvvəl onu qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən aşkar edilmiş inzibati xəta faktı əsasında inzibati xətanın subyekti, yəni inzibati məsuliyyətə cəlb olunmalı olan fiziki və ya vəzifəli şəxs müəyyən edilməli, inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin olub-olmaması məsələsi, eləcə də, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar araşdırılmalı və əmələ düzgün hüquqi qiymət verilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddi hüquq normasına düzgün tövsif edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş materialının tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verilməsi məqsədi ilə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən müvafiq hüquqi sənədlərin əslinin və ya müvafiq qaydada təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi üçün bir neçə dəfə səlahiyyətli orqan-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə məktub göndərilməsinə baxmayaraq, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən müvafiq hüquqi sənədlər məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən inzibati məsuliyyətə cəlb olunmalı olan, yəni inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin daşıyıb-daşımaması məsələsi araşdırılmamış, ümumiyyətlə, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan əmələ hüquqi qiymət verilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir və ona dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 61.1.9. yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ 26293325 saylı, 25 fevral 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarı ləğv edilməli və səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına görə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ 26293325 saylı, 25 fevral 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-69/2025
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-69/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver