Məhkəmə qərarları › İş №3(072)-72/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-72/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-72/2025 25.04.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Şikayətçi: X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şərqi Zəngəzur Regional Şöbəsinin MN ******* saylı, 02 aprel 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarından şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 tərəfindən məhkəməyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şərqi Zəngəzur Regional Şöbəsinin MN ******* saylı, 02 aprel 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarından şikayət daxil olmuşdur. Məhkəmə iclasında X2 izahatında bildirmişdir ki, o, hüquqi şəxs “X7” MMC-nin həm qanuni təmsilçisidir, həm də cəmiyyətin direktoru vəzifəsində işləyir. Hüquqi şəxs “X7” MMC Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olar bilər. “X7” MMC-nin işçilərilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən “İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarından icbari sığorta“ müqaviləsi bağlanmışdır. Lakin ona məlum olmayan səbəblərə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şərqi Zəngəzur Regional Şöbəsi tərəfindən əsassız və qanunsuz olaraq onun barəsində MN ******* saylı, 18 mart 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokol və MN ******* saylı, 02 aprel 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərar qəbul etmişdir. Belə ki, o vəzifəli şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şərqi Zəngəzur Regional Şöbəsinin MN ******* saylı, 02 aprel 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Eyni zamanda bildirir ki, əgər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə aşkar edilmişdirsə, niyə inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində elektron sənəd şəklində onun barəsində elektron protokol tərtib edilmədiyi halda barəsində isə inzibati tənbeh vermə haqqında elektron protokol və elektron qərar çıxarılmamışdır...? Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şərqi Zəngəzur Regional Şöbəsinin əməkdaşı tərəfindən məhz qərəzli və qanunsuz olaraq, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla barəsində “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və “İnzibati xəta haqqında” qərar qəbul edilmişdir. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şərqi Zəngəzur Regional Şöbəsinin MN ******* saylı, 02 aprel 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsi xahiş etmişdir. Səlahiyyətli orqan-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şərqi Zəngəzur Regional Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqan-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şərqi Zəngəzur Regional Şöbəsinin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə (şikayət) mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan MN ******* saylı, 18 mart 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokolun surətindən görünür ki, protokola əsasən “X7” MMC-nin direktoru X6 tərəfindən “İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarından icbari sığorta“ müqaviləsi bağlanmadığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan MN ******* saylı, 02 aprel 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə X1 izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, X1 şikayəti əsaslı olduğu üçün təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şərqi Zəngəzur Regional Şöbəsinin MN ******* saylı, 02 aprel 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şikayət ilə bağlı ilk əvvəl onu qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən aşkar edilmiş inzibati xəta faktı əsasında inzibati xətanın subyekti, yəni inzibati məsuliyyətə cəlb olunmalı olan fiziki və ya vəzifəli şəxs müəyyən edilməli, inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin olub-olmaması məsələsi, eləcə də, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar araşdırılmalı və əmələ düzgün hüquqi qiymət verilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddi hüquq normasına düzgün tövsif edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şərqi Zəngəzur Regional Şöbəsinin MN ******* saylı, 18 mart 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokolu və MN ******* saylı, 02 aprel 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarı Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin tələblərinə düzgün əməl edilmədən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə” – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə, bu Məcəllənin 16-1 fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şərqi Zəngəzur Regional Şöbəsinin MN ******* saylı, 18 mart 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokolu və MN ******* saylı, 02 aprel 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16-1 fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmadan tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının sahəvi qanunvericilik bazasında real vaxt rejimi - sistemlərdə müəyyən əməliyyatların və məlumat mübadiləsinin müvafiq sistemin reqlamenti çərçivəsində dərhal həyata keçirilməsini nəzərdə tutan iş rejimidir. “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə” baxılmasının xüsusi qaydasının müəyyən edilməsinin əsas məqsədi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 634 saylı, 19 aprel 2019-cu il tarixli Fərmanına əsasən şəffaflıq, istifadə rahatlığı, səmərəlilik, fasiləsizlik və operativlik təmin edilməklə, əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən real vaxt rejimində və elektron qaydada təqdim olunması, o cümlədən vətəndaşların yaranmış hüquqları əsasında proaktiv formada əməliyyatların aparılması və onların həmin əməliyyatlar barədə məlumatlandırılmasıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Həmin Məcəllənin 81-1.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında elektron protokolda və ya inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir. Həmin Məcəllənin 127-3-cü maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə (16-1) müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 634 saylı, 19 aprel 2019-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” və 2. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı haqqında Əsasnamə” təsdiq edilmişdir. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 1.2-ci bəndinə əsasən MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. Həmin Əsasnamənin 2.1-ci bəndinə əsasən MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildir: 2.1.1. “Sənəd dövriyyəsi” altsistemi; 2.1.2. “Əmək və məşğulluq” altsistemi; 2.1.3. “Ünvanlı yardım” (VEMTAS) altsistemi; 2.1.4. “Sosial ödənişlər” altsistemi; 2.1.5. “Əlillik” (TSERAS) altsistemi; 2.1.5-1. Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi; 2.1.6. “Sığorta” altsistemi; 2.1.6-1. “Dövlət icbari şəxsi sığorta” altsistemi; 2.1.7. “Monitorinq” altsistemi; 2.1.8. “Pensiya” altsistemi; 2.1.10. “Sovqat” altsistemi; 2.1.11. “Çağrı mərkəzi” altsistemi; 2.1.12. “Tapşırıqlar" altsistemi; 2.1.13. “Vətəndaşların qəbulu” altsistemi; 2.1.14. “Sanatoriya-kurort” altsistemi; 2.1.15. “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi; 2.1.15-1. “Zəfər” altsistemi; 2.1.16. “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı. Həmin Əsasnamənin 2.3.6-cı bəndinə əsasən “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. “e-sosial” internet portalı haqqında Əsasnamə”nin 2.0-cı bəndinə əsasən portalın fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 2.0.1. şəffaflıq – portalın fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənməsi imkanının mövcudluğu; 2.0.2. istifadə rahatlığı – istifadəçilərin və dövlət qurumlarının portaldan istifadəsinin və informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi; 2.0.3. səmərəlilik – müraciətlərin təqdim edilməsi, qəbulu, cavablandırılması üçün tələb olunan vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, habelə istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi; 2.0.4. təhlükəsizlik – sertifikatlaşdırılmış proqram təminatından və proqram-texniki vasitələrdən istifadə olunması, informasiya mübadiləsi zamanı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, təşkilati, texniki, texnoloji tədbirlər həyata keçirməklə informasiyanın tamlığının və mühafizəsinin təmin edilməsi; 2.0.5. fasiləsizlik – portalda fəaliyyətin fasiləsiz həyata keçirilməsi; 2.0.6. modulluq və miqyaslılıq – ən son texnologiyalardan istifadə etməklə portalın davamlı təkmilləşdirilməsi və inkişaf etdirilməsi, funksiyasına və imkanlarının artırılmasını təmin edən proqram-texniki komponentlərin olması; 2.0.7. operativlik – müraciətlərin təqdim edilməsinin, qəbulunun, cavablandırılmasının, nəticələrinin göndərilməsinin, informasiyanın əldə olunmasının və mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şərqi Zəngəzur Regional Şöbəsinin MN ******* saylı, 18 mart 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokolu və MN ******* saylı, 02 aprel 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16-1-ci fəsil ilə müəyyən edilmiş, yəni “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə” baxılması xüsusiyyətləri nəzərə alınmadan tərtib edildiyi üçün şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şərqi Zəngəzur Regional Şöbəsinin MN ******* saylı, 02 aprel 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarı ləğv edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və vəzifəli şəxs X6 inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şərqi Zəngəzur Regional Şöbəsinin MN ******* saylı, 02 aprel 2025-ci il tarixli “İnzibati xəta haqqında” qərarı ləğv edilsin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəzifəli şəxs X6 inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar