Məhkəmə qərarları › İş №3(072)-99/2024

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-99/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-99/2024 14.08.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi: X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC 913000 (doqquz yüz on üç min) Rusiya rublu məbləğində olan vəsaiti Bank hesabından 09 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) il müddət keçsə də, 913000 (doqquz yüz on üç min) Rusiya rublu məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, o, hüquqi şəxs Şəxs MMC-nin həm qanuni təmsilçisidir, həm də cəmiyyətin direktoru vəzifəsində işləyir. Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olar bilər. Belə ki, hüquqi şəxs Şəxs MMC-dən xarici ölkədən tikinti materiallarının Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Hüquqi şəxs Şəxs MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır və VÖEN **********.dir. Baş vermiş hadisə barədə bildirir ki, Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən sahibkar X5 arasında bağlanmış 7/22 saylı, 21 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən Şəxs MMC "xxxx" ASC tərəfindən sahibkar X2 xeyrinə 913000 (doqquz yüz on üç min) Rusiya rublu məbləğində pulu 09 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin məlum müəyyən səbəblərə görə həmin müddət ərzində Rusiya Federasiyasından tikinti materiallarının ixracı mümkün olmamışdır. Buna baxmayaraq, 09 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödənilmiş 913000 (doqquz yüz on üç min) Rusiya rublu məbləğində pul vəsaiti avans ödənişi kimi 07 iyun 2024-cü il tarixdə “Bank VTB (Azərbaycan) ASC-nin hesabına daxil olmuş və həmin hesabdan "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Eyni zamanda bildirir ki, “Rusiya-Ukrayna” müharibəsi davam etdiyi üçün Rusiya Federasiyasında fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə ticarət əlaqələrinin həyata keçirilməsi üçün Rusiya banklarına ödənilmiş pul vəsaitlərinin digər banklar vasitəsilə deyil, məhz “Bank VTB (Azərbaycan) ASC vasitəsilə geri qaytarılması mümkündür. Bu səbəbdən də, 09 iyun 2022ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödənilmiş 913000 (doqquz yüz on üç min) Rusiya rublu məbləğində pul vəsaiti 09 iyun 2024-cü il tarixədək "xxxx" ASC-nin hesabına daxil olmamışdır. Bununla yanaşı, həm “Bank VTB (Azərbaycan) ASC, həm də "xxxx" ASC 09 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödənilmiş 913000 (doqquz yüz on üç min) Rusiya rublu məbləğində pul vəsaitinin avans ödənişi kimi 07 iyun 2024-cü il tarixdə “Bank VTB (Azərbaycan) ASC-də olan hesablaşma hesabına daxil olmasını, heç bir avans ödənişi ilə bağlanmadığını və heç bir ixrac əməliyyatlarına istifadə edilmədiyini təsdiq edir. Hesab edir ki, hüquqlarını təmsil etdiyi hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsi yoxdur. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan-Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, inzibati xəta haqqında protokolu tərtib edən orqan-Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, inzibati xəta haqqında işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını, eləcə də 09 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödənilmiş 913000 (doqquz yüz on üç min) Rusiya rublu məbləğində olan vəsaitinin aparılmış bank əməliyyatlarına əsasən hüquqi şəxs Şəxs MMC-nin hesabına geri qaytarıldığını bildirmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqan-Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan “elektron sorğu məlumatı”ndan görünür ki, hüquqi şəxs Şəxs MMC MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır və VÖEN **********.dir. İş materiallarında olan “Kommersiya qurumlarının dövlət reyestri məlumatın”dan görünür ki, hüquqi şəxs Şəxs MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır və VÖEN **********.dir, hüquqi ünvanı Cəbrayıl şəhəri, M.Ə.Rəsulzadə küçəsi, təsisçisi və qanuni təmsilçisi X3r. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 7/22 saylı, 21 yanvar 2022-ci il tarixli “müqavilə”nin surətindən görünür ki, Şəxs MMC ilə sahibkar X5 arasında ümumi dəyəri 913000 (doqquz yüz on üç min) Rusiya rublu məbləği təşkil edən malın satışına dair müqavilə bağlanmışdır. İş materiallarında olan OX3 saylı, 09 iyun 2022-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, tapşırıq verən-Şəxs MMC tərəfindən 7/22 saylı, 21 yanvar 2022-ci il tarixli müqavilənin icrası ilə bağlı göndərənin bank-"xxxx" ASC vasitəsi ilə benefisiar (alan müştəri)- sahibkar X2 xeyrinə benefisiar bank-“EKATERİNBURQ” PAO-ya ilkin ödəniş olaraq 913000 (doqquz yüz on üç min) Rusiya rublu məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 13002-01/40 saylı, 12 iyun 2024-cü il tarixli “məktubu”nun surətindən görünür ki, "xxxx" ASC tərəfindən Şəxs MMC-nin 913000 (doqquz yüz on üç min) Rusiya rublu məbləğində vəsaitin Bank hesabından 09 iyun 2022ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi, lakin ödənişin aparıldığı gündən 2 (iki) il müddət keçsə də, 913000 (doqquz yüz on üç min) Rusiya rublu məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim etməməsi və qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarmaması barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi məlumat verilmişdir. İş materiallarında olan “Bank VTB (Azərbaycan) ASC-nin 4028 saylı, 14 iyun 2024-cü il tarixli “məktubu”nun surətindən görünür ki, Şəxs MMC tərəfindən 09 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödənilmiş, yəni X2 xeyrinə ödənilmiş 913000 (doqquz yüz on üç min) Rusiya rublu məbləğində olan vəsaiti avans ödənişi kimi 07 iyun 2024-cü il tarixdə “Bank VTB (Azərbaycan) ASC-də olan hesablaşma hesabına daxil olmuş, heç bir avans ödənişi ilə bağlanmamış və heç bir ixrac əməliyyatlarına istifadə edilməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 12517 saylı, 30 iyul 2024-cü il tarixli “məktubu”nun surətindən görünür ki, Şəxs MMC tərəfindən 09 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödənilmiş, yəni X2 xeyrinə ödənilmiş 913000 (doqquz yüz on üç min) Rusiya rublu məbləğində olan vəsaiti avans ödənişi kimi 07 iyun 2024-cü il tarixdə “Bank VTB (Azərbaycan) ASC-də olan hesablaşma hesabına daxil olmuş və tam bağlanılmışdır. İş materiallarında olan EP ******* №-li, 08 iyul 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs MMC 913000 (doqquz yüz on üç min) Rusiya rublu məbləğində olan vəsaiti Bank hesabından 09 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) il müddət keçsə də, 913000 (doqquz yüz on üç min) Rusiya rublu məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən “valyuta tənzimi qaydalarının pozulması” dedikdə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə müşayiət edilən hərəkətlər başa düşülür. Lakin hüquqi şəxs Şəxs MMC tərəfindən 09 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödənilmiş, yəni X2 xeyrinə ödənilmiş 913000 (doqquz yüz on üç min) Rusiya rublu məbləğində olan vəsaiti avans ödənişi kimi 07 iyun 2024-cü il tarixdə “Bank VTB (Azərbaycan) ASC-də olan hesablaşma hesabına daxil olmuş, heç bir ixrac əməliyyatlarına istifadə edilməmiş və tam bağlanılmışdır. Bu səbəbdən də, vergi ödəyicisi olan hüquqi şəxs Şəxs MMC-nin qeyd olunan hərəkətləri valyuta tənzimi qaydalarının pozulması kimi qiymətləndirilməməlidir. Beləliklə, vergi ödəyicisi olan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətdən azad edilməli və barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə inzibati xəta haqqında material ilə bağlı ilk əvvəl onu qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən aşkar edilmiş inzibati xəta faktı əsasında inzibati xətanın subyekti, yəni inzibati məsuliyyətə cəlb olunmalı olan fiziki və ya vəzifəli şəxs müəyyən edilməli, inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin olub-olmaması məsələsi, eləcə də, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar araşdırılmalı və əmələ düzgün hüquqi qiymət verilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddi hüquq normasına düzgün tövsif edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, ...məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər...Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28 fevral 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir...İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir...Müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vergi ödəyicisi olan hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsi olmadığı üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsi olmadığı üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs MMC inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar