Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-10/2025 22.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Brəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ25146513 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ25146513 saylı inzibati tənbeh vermə haqqında qərarından şkayət vermişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, hal-hazırda tələbədir, Azərbaycan Respublikası Tibb Universitetində təhsil alır. 20 dekabr 2024-cü il tarixdə saat 13:33-də onun guya “Range Rover” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobili yolda müəyyən edilmiş sürət həddindən artıq, yəni sürət həddi 90 km/saatla məhdudlaşdırılan ərazidə 166 km/saat sürətlə idarə etdiyinə görə barəsində Azərbaycan Respublikası DİN Baş X4 İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nm 328.4-cü maddəsi ilə EQ 25146513 saylı, xx.xx.2024-cü il tarixli inzibatı xəta haqqında iş üzrə qərar qəbul olunaraq 300 manat cərimə olunmuşdur. Həmin qərarla razılaşmır, həmin qərar tam əsassızdır, ona görə də ləğv olunmalıdır. Belə ki, o, həmin tarixdə və vaxtda təhsil aldığı universitetdə olmuşdur. “Range Rover” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil atası Hamlet Babayevin adınadır və onun istifadəsindədir. O, hərdən rayona gələndə avtomobili idarə etdiyi üçün atası onun adına avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Azərbaycan Respublikası DİN Baş X4 İdarəsi həmin etibarnaməni əsas götürərək avtomobili onun idarə etdiyi qənaətinə gələrək barəsində inzibati qərar qəbul etmişdir. Halbuki həmin vaxtı o, avtomobil idarə etməmiş, avtomobil atasının istifadəsində olmuşdur. Göründüyü kimi o, Azərbaycan Respublikası İXM-nin 328.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İXM-nin 122.1-ci maddəsində tənzimlənən inzibati xətalara aiddir. Həmçinin həmin inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Belə olduğu təqdirdə belə formada aşkar edilmiş, bu cür inzibati xətaların aparılması qaydasını tənzimləyən İXM-nin 81-ci, 100.1.8-ci, 122.1-ci, 122.3.1-ci, 122.3-ci maddələrinin tələbləri pozulmaqla aparılmış, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə qərarda göstərilməmiş, inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materialları əlavə edilməmişdir. Belə olduğu təqdirdə İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmədiyi üçün həmin sübutlarla, şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Qeyd edilənlərin nəzərə alınaraq Bakı şəhər X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ25146513 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ümumiyyətlə avtomobilin guya saatda 166 km sürətlə radara düşməsi real deyil, çünki görüntülərdən də görünür ki, avtomobil 80-90 km/saat sürətlə hərəkət edənə bənzəyir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Baş X4 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ25146513 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 300(üç yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş diskdə olan video və foto görüntülərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, “Range Rover” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil orta sürətlə hərəkət edərkən yol kənarında dayanmış yol polisi avtomobilində quraşdırılmış xüsusi texniki vasitə ilə yüksək sürətlə hərəkət etməsi aşkarlanır. Həmin görüntülər ilə avtomobili kimin idarə etməsi müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. Həmin Məcəllənin 125.4-cü maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, X1 ona istinad olunan Azərbaycan Respublikasının İXM-in 328.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmur. Belə ki, iş materiallarında olan görüntülər ilə inzibati xətanın həqiqətən də X2 tərəfindən törədilməsi məhkəmə iclası zamanı müəyyən edilməmişdir ki, bu da onun tərəfindən inzibati xəta törədilməsini şübhə altına alır. Məhkəmə bu hissədə, həmçinin şikayət vermiş şəxsin tələbə olması və hadisənin dərs günlərindən birində baş verməsi, özünün bildirməsinə görə həmin vaxt ayrı şəhərdə dərsdə olması ilə bağlı izahatını daha inandırıcı hesab edir. Məhkəmə iclası təxirə salınsa da və qərarı vermiş orqana işlə bağlı əlavə sübutları təqdim etməsi təklif edilsə də, orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta tərkibi formalaşmamışdır – xətanın subyekti bəlli deyil və X2 həmin vaxt ona istinad olunan inzibati xəta hadisəsini törətmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ25146513 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş X1 Azərbaycan Respublikası İXM-nin 328.4-cü maddəsi ilə 300 (üç yüz) manat cərimə olunmasına dair onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ25146513 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarı vermiş orqanın nəzərinə İXM-nin 122.7-ci maddəsində nəzərdə tutulmuş tədbirlərin icrası mümkünlüyü çatdırılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-10/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-10/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver