Məhkəmə qərarları › İş №3(073)-1020/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1020/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1020/2024 16.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə Şəxs – xx.xx.1993-cü il tarixdə Cəlilabad rayonu Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu Günəşli kəndində qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində olan inzibati xəta haqqında materialdan görünür ki, o, 22 noyabr 2024cü il tarixdə Cəlilabad rayonu Günəşli kəndinin örüş sahəsində lisenziya olmadan özünə məxsus 12 kalibrli, MR-155 markalı ********** nömrəli yivsiz lüləli ov silahı ilə ov etmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati protokol tərtib edilmiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan 22 noyabr 2024-cü il tarixli aktdan görünür ki, 22 noyabr 2024-cü il tarixdə Şəxs tərəfindən Cəlilabad rayonu Günəşli kəndi ərazisində ov edərkən aşkar edilmiş 1 ədəd çöl quşu və 1 ədəd MR-155 markalı, 12 çaplı, bir lüləli ********** nömrəli ov silahı müvəqqəti saxlanması üçün götürülmüşdür. İşdə olan DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 287 nömrəli şəhadətnamədən görünür ki, Şəxs 12 kalibrli, MR-155 markalı, ********** nömrəli yivsiz lüləli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün şəhadətnaməsi vardır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, iş materiallarına əlavə edilmiş fotoşəkil və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Ona görə də məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 272.3-cü maddəsinə görə Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 sentyabr 2023-cü il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində inzibati tənbeh növü kimi nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılması, yalnız "verilmiş xüsusi hüquq" olduğu halda, yəni "Ovçuluq haqqında" Qanunun müvafiq maddələrində müəyyən edilmiş ovçuluq bileti, üzvlük bileti və ov etmək üçün icazəsi olan şəxslərə münasibətdə tətbiq edilməlidir. Həmin hüququ olmayan şəxslər ov qaydalarını kobud şəkildə pozduqda isə İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş digər tənbeh tədbiri - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 sentyabr 2023-cü il tarixli qərarına əsaslanaraq hesab edir ki, şəxsin ovçuluq hüququ məhdudlaşdırıla bilmədiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasının hədləri daxilində cərimə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati xətanın bilavasitə obyekti olmuş predmet yəni, 12 kalibrli, MR-155 markalı ********** nömrəli yivsiz lüləli ov silahı müsadirə edilməməklə 1000 (min manat) məbləğində cərimə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş predmet yəni, 12 kalibrli, MR- 155 markalı ********** nömrəli yivsiz lüləli ov silahı müsadirə edilməməklə barəsində 1000 (manat) məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İnzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd çöl quşu məhv edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar