Məhkəmə qərarları › İş №3(073)-1085/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1085/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1085/2025 25.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 25 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Hacıqabul Rayon Məhkəməsinin qərarına əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq X2na verilməlidir. İş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs 1.523,80 manat məbləğində aliment borcu mövcuddur. X2 ilə telefon vasitəsilə əlaqə saxlamış, o, borcun tam ödənilməsini tələb etmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxsin axtarışla gəlməsi səbəbindən inzibati xəta haqqında protokolla məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Tələbin könüllü icrası barədə bildiriş bu günə qədər ona təqdim edilməmişdir. Məhkəmə qərarlarından və onların icraya yönəlməsindən altı aydan sonra xəbəri olmuşdur. Ona tələbin könüllü icrası barədə bildiriş də bu gün təqdim olunmuşdur. Heç vaxt icra məmurunun çağırışlarından yayınmamış, hər hansı sənəd və ya çağırış almadığından bu günədək icra şöbəsinə yaxınlaşmamışdır. Bundan əlavə məhkəməyə qəbzlər təqdim edərək xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 200 manat ödəniş etdiyini bildirmiş, qalan məbləğləri də hissə-hissə ödəyəcəyinə söz vermişdir. Göstərilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hacıqabul Rayon Məhkəməsinin 2(071)-27/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki,xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X1 üçün cavabdeh Şəxs iddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-27/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə icraat başlanılmış və tələbin könüllü icrası barədə bildiriş Şəxs ünvanına göndərilmişdir. Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Hacıqabul Rayon Məhkəməsi tərəfindən verilmiş 2(071)-27/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması və bu müddətdə tələbi üzrsüz səbəblərdən icra etməzsə, icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. “Borclunun axtarışı haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünürki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Şəxs tələbkara xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 200 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs tələbkara aliment borcu üzrə xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 200 manat ödəniş etdiyi müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş məbləği tam ödəyə bilməmiş, lakin buna baxmayaraq borcun müəyyən hissəsini ödəyərək məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmışdır ki, belə olan halda şəxsin üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Bundan əlavə iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəldilməsi və icraata başlama barədə qərarın, o cümlədən, tələbin könüllü icrası barədə bildirişin Şəxs tərəfindən alınmasına dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs məhkəmə qətnaməsinin icraya yönəlməsindən xəbərinin olmadığını, onun ünvanına icra şöbəsinə gəlməsinə dair hər hansı bildirişin daxil olmadığını, tələbin könüllü icrası barədə bildirişin ona təqdim edilmədiyini, ilk dəfə olaraq bu gün icra şöbəsinə gəldiyini, məhkəmə aktlarının da onun iştirakı olmadan çıxarıldığını və bu səbəbdən barəsində qəbul edilmiş məhkəmə aktlarından da xəbərsiz olduğunu, icra məmuru da borclunun ilk dəfə olaraq bu gün icra şöbəsinə gəldiyini, onun yaşayış yeri məlum olmadığından barəsində axtarış elan edildiyini bildirmişdir. Göründüyü kimi, həm iş materialları, həm barəsində inzibati qaydada icraat aparılan şəxsin, həm də icra məmurunun izahatları ilə Şəxs tələbin könüllü icrası barədə bildirişi almadığı, bu günədək icra şöbəsinə çağırılaraq izahatlarının alınmaması, ona xəbərdarlıq məktublarının göndərilmədiyi öz təsdiqini tapmışdır ki, bu da Şəxs əməlində inzibati xəta tərkibinin olmasını və onun üzürsüz səbəbdən məhkəmə qətnaməsini icra etməməsini istisna edir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş borcun müəyyən hissəsini ödəməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar