Məhkəmə qərarları › İş №3(073)-1104/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1104/2023

23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1104/2023 23.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İnzibati xəta törədən Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs – xx.xx.1972-ci il tarixdə Cəlilabad rayonu Suluçeşmə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Cəlilabad rayonu Suluçeşmə kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə barəsində Cəlilabad rayon polis şöbəsindən Cəlilabad rayon məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonu Suluçeşmə kəndində rayonun Mollalı kənd sakini Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işin məhkəmə baxışı zamanı inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə olan inzibati material üzrə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 03 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində Cəlilabad rayonu, Suluçeşmə kəndində ona və qardaşına məxsus olan torpaq sahəsinin bibisi oğlu Vidadi Hüseynov tərəfindən əkilməsinə etiraz edib traktorun sahədən çıxartmağa çalışmışlar. Onun torpaq sahəsinə aid sənədinin olmasını Vidadiyə izah etməyə çalışmış, həmin vaxtı onlardan bir qədər kənarda dayanmış bir neçə nəfər şəxslərin arasında Vidadinin dostu Ədalət də olmuşdur. Vidadi həmin ərazidən uzaqlaşıb gedəndə Ədalət uzaqdan səslənərək, "buranı Vidadi əkəcək, bunları mən edəcəm" sözünü dedikdən sonra kənarlaşıb getmişlər. O və qardaşı Qubad Zərərçəkmiş şəxs vurmamışlar, onunla yaxın təmasda belə olmamışlar. Zərərçəkmiş şəxs onların barəsində yalan məlumat vermişdir. Nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, 03 oktyabr 2023-cü il tarixdə, Cəlilabad rayonu, Suluçeşmə kəndində yaşayan, bir neçə ildir ki, dostluq münasibətləri olan Vidadi Hüseynovun yaşadığı ünvana getmiş, lakin Vidadinin əkin sahəsində olduğunu öyrəndikdən sonra əkin sahəsinə getmişdir. Orada X1 ilə söhbət etdiyini görmüş, o, həmin yerə çatanda Rasət və onun qardaşı Qubad ona yaxınlaşıb gəlməsinin səbəbini soruşaraq onunla mübahisə etməyə başlamışlar. Mübahisə zamanı həmin torpaqların Vidadiyə məxsus olmasını bildirib, yalnız məhkəmə qaydasında ala biləcəyini demişdir. Onun bu sözündən hiddətlənən Rasət və Qubad ona zərbələr endirdikdən sonra onu itələyib yerə yıxmışlar. Nəticədə o, hər iki qolundan, sağ ayağından və yerə yıxıldığı üçün belindən xəsarət almışdır. Şəxsla barışmamış, məhkəmədən onun barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya ETT birliyinin Cəlilabad rayon şöbəsinin 06 oktyabr 2023cü il tarixli, 1078 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər iki said və sağ baldır nahiyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyaların təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta törədən şəxs Şəxs törətdiyi inzibati xəta zərərçəkmişin izahatı, inzibati xəta haqqında ******* saylı protokol və inzibati xəta haqqında işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs Azərbaycan Respulikası İXMnin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-cı maddələrini rəhbər tutaraq qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 23 oktyabr 2023-cü il tarixdən, saat 18:40-dan hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar