Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1106/2025 19.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X2 Lənkəran Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X2 Lənkəran Regional İdarəsinin inspektoru Nazim Musayev tərəfindən tərtib edilmiş 15 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 15 avqust 2025 tarixdə saat 11:10 radələrində Cəlilabad şəhər ərazisində monitorinq zamanı sürücü Şəxs idarə etdiyi “Mersedes mik-s markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanunvericiliklə sərnişindaşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyəti reysqabağı yoxlanmamış, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsi təşkil edilmədiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə 15 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X2 Lənkəran Regional İdarəsinin inspektoru Nazim Musayev tərəfindən Şəxs barəsində tərtib edilmiş 15 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla İXM-nin 326-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olduğundan Azərbaycan Respublikasının İXM-nin 100-cü maddəsində göstərilən hallar əsasında tərtib olunmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) törədilibtörədilməməsi sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən edir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının əsas məqsədi onların reysqabağı texniki vəziyyətinin qüvvədə olan təhlükəsizlik və istismar qaydalarının, normativlərinin, standartlarının tələblərinə uyğun olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir. Həmin Qərarın 2.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Həmin Qərarın 2.3-cü bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir. Həmin Qərarın 2.5-ci bəndinə əsasən Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması zamanı onların tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları, təkərlər və şinlər, mühərrik və konstruksiyanın digər ünsürləri yoxlanılır. Həmin Qərarın 3.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin (bundan sonra - sürücülər) reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. Həmin Qərarın 3.5-ci bəndinə əsasən reysqabağı tibbi müayinə hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir. Həmin Qərarın 3.6-cı bəndinə əsasən reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmaması təyin edilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X2 Lənkəran Regional İdarəsi ilə Şəxs arasında avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanması haqqında müqavilə materiala əlavə olunmamış və məhkəmə baxışı zamanı da mhkəməyə təqdim olunmamışdır. Məhkəmə işin faktiki hallarını, həmçinin iş üzrə hər bir sənədi və sübutu hərtərəfli, obyektiv və müqayisəli şəkildə təhlil etməyi zəruri hesab edərək qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən İXM- nin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi İXM-nin 100-cü maddəsində göstərilən hallara riayət edilmədən tərtib olunmuş, o cümlədən qeyd edilən inzibati xəta inzibati xəta haqqında iş üzrə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan sadəcə müşahidə aparmaqla, o cümlədən video və foto şəkillər çəkməklə kifayətlənmiş, bu barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını almamış, o cümlədən həmin inzibati xətanı təsdiq edən digər sübutları, yəni nəqliyyat vasitələrini idarə edən sürücüdən bu barədə izahat almamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, İXM-nin tələbinə əsasən inzibati xəta haqqında protokolun qanuniliyi və əsaslığı ilə bağlı mötəbər sübutları təqdim etmək vəzifəsi səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq, o cümlədən yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş video və foto şəkillər Şəxs əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz və belə olan halda məhkəmə əməldə inzibati xəta tərkibinin yaranması üçün dispozisiyada müəyyən edilmiş şərtlərin olmaması qənaətinə gəlir. İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 105, 111-112, 114-115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayilov
Məhkəmə qərarları › İş №3(073)-1106/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1106/2025
19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver