Məhkəmə qərarları › İş №3(073)-1184/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1184/2023

22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1184/2023 22.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İnzibati xəta törədən Şəxs iştirakı ilə Şəxs – xx xxxxxxx 1991-ci il tarixdə Cəlilabad rayonu, Edişə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Edişə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Cəlilabad RPŞ-dən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 21 noyabr 2023-cü il tarixdə saat 23:20 radələrində Cəlilabad RPŞ-nin inzibati binasında ucadan səs-küy salıb nalayiq ifadələr işlətmiş və onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikasının İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törədən Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, O, xx.xx.2023cü il tarixdə Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən avtoyuma yerinə xalça yumaq üçün getmişdir. Bu zaman mühafizəçi ona gecə vaxtı burada xalça yuyulmadığını demişdir. O da, buna əsəbləşərək DİN-nin 102 xidmətinə müraciət edərək oradan uzaqlaşmışdır. Daha sonra sərxoş vəziyyətdə Cəlilabad RPŞ-nə gəlmişdir, əsəbi olduğu üçün Cəlilabad RPŞ-nin inzibati binasında səs-küy salaraq, ucadan nalayiq ifadələr işlətmişdir. Onu sakitləşdirmək istəyən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Törətdiyi əməlindən peşmandır. Səhvini başa düşür və gələcəkdə bir daha hər hansı belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Şəxs törətmiş olduğu inzibati xəta özünün etirafı, MN ******* saylı inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati xəta haqqında işin materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta törətmiş Şəxs 21 noyabr 2023-cü il tarixdə saat 23:25-də Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 21 noyabr 2023-cü il tarixli 287 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğun vəziyyəti olmuşdur. Məhkəmə Şəxs törətdiyi əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdiran hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Şəxs törətmiş olduğu inzibati xətalara görə Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sankiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə yuxarıda qeyd edilən normanın tələbləri baxımından qeyd edir ki, hazırkı iş üzrə Şəxs inzibati qaydada tutulmuşdur və məhkəmə onun barəsində həbsdən başqa inzibati tənbeh tədbirinin, yəni inzibati cərimənin tətbiq edilməsini məqsədəuyğun hesab etmişdir. Buna görə də, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 200 manat məbləğində cərimə tənbeh tədbirinin dörddə üç hissəsindən artıq olmayan həddə, yəni 150 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115,117, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respulikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Elan edilmiş qərarın surəti inzibati xəta törədən Şəxs təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədr: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar