Məhkəmə qərarları › İş №3(073)-1199/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1199/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1199/2025 01.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Azərbaycan Dövlət Su X6 Suların İstifadəsində və X7 Xidməti 5 saylı X2 nümayəndəsi X11 iştirakı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su X6 Suların İstifadəsində və X7 Xidməti 5 saylı X4 tərəfindən vəzifəli şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 08 sentyabr 2025-ci il tarixli, MN ******* seriya və nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 08 sentyabr 2025-ci il tarixdə Cəlilabad rayonu Göytəpə şəhəri Qurtuluş küçəsində yerləşən “MEB-EL-LUX” ticarət obyektində tullantı və məişət sularının kənara təyinatsız axıldılması aşkar edilmişdir, bununla da X5 Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Dövlət Su X6 Suların İstifadəsində və X7 Xidməti 5 saylı X2 nümayəndəsi X1 Sahib İnşallah oğlunun vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyət cəlb edilməsini və barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Hesab etmişdir ki, şəxs tərəfindən inzibati xəta törədilməsi iş materialları ilə tam təsdiqini tapır. İşə əlavə edilmiş fotoşəkillərdən sözügedən tullantı və məişət sularının kənara təyinatsız axıldılması görünür. İş materiallarında olan “Vergi uçotuna alınması haqqında şəhadətnamədən görünür ki, X5 vergi ödəyicisidir, yəni vəzifəli şəxsdir (VÖEN: **********). Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 75-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Maddənin 2-ci bəndinə görə bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 262.2.3-cü maddəsinin məzmununa əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə X3 barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 800 (səkkiz yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar