Məhkəmə qərarları › İş №3(073)-1201/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1201/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1201/2025 26.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, X1, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 nümayəndələri X8 və X9 iştirakları ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 31 oktyabr 2024-cü il tarixli MN N2099796 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X16 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 17 aprel 2024-cü il tarixli MN N1315835 saylı və 31 oktyabr 2024-cü il tarixli MN N2099796 nömrəli inzibati tənbeh vermə haqqında qərarları ilə X16 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində və həmin Məcəllənin 444.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X16 şikayət verərək, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 Lənkəran Xidmət sahəsinin əməkdaşlan tərəfindən tərtib olunmuş 05 aprel 2024-cü il tarixli, MN № ******* nömrəli və 31 oktyabr 2024-cü il tarixli MN № ******* nömrəli İnzibati xəta haqqında Protokolların etibarsız hesab olunaraq akta görə daxildə tempratur göstəricinin yüksək olması və buna görə əsassız olaraq hesablanmış cərimə borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında şkayətçi X16 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonu Muğan kəndində yaşayır. Orada özünə məxsus ərzaq mağasası fəaliyyət göstərir, kiçik sahibkarlıqla məşğuldur. Həmin dükanı qurmaq üçün bankdan kredit götürmüş, habelə ailə üzvlərindən borc almışdır. İnzibati orqanın qeyd edilən protokollarla onu yüksək məbləğdə cərimələməsini isə ədalətsiz hesab edir. Hesab edir ki, yeni işləməyə başlamış sahibkar kimi onun bu qədər yüksək məbləğdə cərimələnməsi onun biznesinin çökməsinə gətirib çıxara bilər. Şikayət verdiyi iki protokoldan biri üzrə xeyli ödəniş edib, təqribi min manat civarında borcu qalıb. Etiraf edir ki, yoxlama zamanı bəzi məhsulların yararlılıq müddəti keçmiş ola bilərdi, lakin nəzərə alınmalı idi ki, bu onun yox, malı dükana tədarük edən təchizatçı şirkətin təqsiridir. Maddi vəziyyəti yaxşı olmadığı üçün qalıq cərimə borcunu ödəyə bilmir, ona köməklik göstərilməsini, cərimənin silinməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 nümayəndəsi X12 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Muğan kəndində X13 məxsus ərzaq mağazasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 əməkdaşlar tərəfindən aparılmış yoxlama zamanı X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi aşkar edilmiş və X16 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 31 oktyabr 2024-cü il tarixli MN N2099796 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X16 təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barələrində şikayət verilmiş qərarlar qanuni və əsaslıdır. Növbədən kənar yoxlamaların keçirilməsi üçün əsas vətəndaş şikayəti olmuşdur, belə olan halda isə yoxlama keçiriləcəyi barədə sahibkarlar xəbərdar edilmirlər. Yoxlama ilə bağlı müvafiq reyestr qeydiyyatı məlumatı və digər sənədləri isə məhkəməyə təqdim etmişdirlər. İnzibati orqan tərəfindən şikayət vermiş şəxsə ən aşağı həddə cərimə tənbeh tədbiri tətbiq edilib, onun maddi vəziyyəti nəzərə alınıb. Hətta cərimə ödənilməsi üçün ona 6 aylıq möhlət də verilib, lakin ödənişi etmədiyinə görə məcburi icra tədbirlərinin görülməsi üçün iş Cəlilabad rayon İcra və probasiya Şöbəsinə göndərilib. Habelə hər iki qərarla bağlı şəxsin dükanında aparılmış yoxlamalarda şəxsin özü də iştirak etmiş və protokolların surətləri ona təqdim edilmişdir. Göründüyü kimi, şəxs qərarlardan şikayət verilmə müddətini də ötürmüşdür. Bu səbəbdən də şikayəti əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X4 tərəfindən tərtib edilmiş 05 aprel 2024-cü il tarixli, MN N1520339 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad rayon Muğan kəndində yerləşən X13 məxsus ərzaq mağazasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 əməkdaşları tərəfindən aparılmış yoxlama zaman yararlılıq müddəti bitmiş bir sıra məhsullar aşkar edilmişdir, 17 aprel 2024-cü il tarixli MN N1315835 saylı inzibati tənbeh vermə haqqında qərarla şəxs İXM-in 447.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qida X5-X17 tərəfindən tərtib edilmiş 31 oktyabr 2024-cü il tarixli MN N2099796 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X13 məxsus ərzaq mağazasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 əməkdaşları tərəfindən aparılmış yoxlama zaman mağazada mövcud olan müxtəlif qida məhsullarının temperatur rejiminə riayət edilmədiyi müəyyən edilmişdir, 07 noyabr 2024-cü il tarixli MN N1799909 saylı inzibati tənbeh vermə haqqında qərarla şəxs İXM-in 444.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan hər iki inzibati xəta haqqında protokoldan görünür ki, şikayət vermiş şəxs hər iki protokolun surətini imzalamaqla əldə etmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, şikayət vermiş şəxs tərəfindən müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə olmaqla cərimə ödənişləri həyata keçirilmişdir. İşdə olan “Yoxlamanın aparılması haqqında” xx.xx.2024-cü il tarixli və xx.xx.2024cü il tarixli Qərarlardan, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”lardan, yoxlama aktlarından və digər alt sənədlərdən görünür ki, şikayət vermiş şəxsə məxsus ərzaq mağazasında hər iki yoxlama keçirilən zaman inzibati orqan qanunvericiliyin tələblərinə əməl etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Muğan kəndində X13 məxsus ərzaq mağazasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı X13 məxsu ərzaq mağazasında yararlılıq müddəti müddəti bitmiş məhsulların satışı faktı və məhsulların saxlanılması üçün nomativ temperatur rejiminin tələbləri pozulmuş və şəxs inzbati qaydada cərimə edilmişdir. Yoxlamalar qanunvericiliyin tələbləri daxilində aparılmışdır. Hər iki yoxlama zamanı şikayət vermiş şəxsin də iştirakı təmin edilmiş, habelə hər iki halla bağlı tərtib edilmiş inzibati xəta haqqında protokolların surətlərini əldə etmişdir. Şikayətin əsl mahiyyəti qəbul edilmiş qərarların qanunsuzluğu deyil, şikayət vermiş şəxsin maddi imkanının zəif olmasıdır. Şikayətçi cərimələrin silinməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X10 ona istinad edilən inzibati inzibati xətaları törətməsi öz təsdiqini tapır və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətaları törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar inzibati xəta törətmiş şəxs X10 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Məhkəmə, habelə onu da nəzərə alır ki, şikayətçi hər iki qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti əhəmiyyətli dərəcədə ötürmüşdür və bu halı özü də məhkəmə iclasında təsdiq etmişdir. Məhkəmənin bu barədə sualına cavab olaraq şikayətçi bildirmişdir ki, indi şikayət verməsinin səbəbi o olmuşdur ki, hazırki vaxtadək cərimələri hissə-hissə ödəyirdi, lakin son zamanlar icra və probasiya şöbəsindən ona bildirişlər göndərilmiş və məcburi icra tələb edilmişdir ki, bu da onun maddi imkanları xaricindədir. Məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Qida X5-X17 tərəfindən qəbul edilmiş 17 aprel 2024-cü il tarixli, MN N1315835 nömrəli inzibati tənbeh vermə haqqında qərar və 07 noyabr 2024-cü il tarixli MN N1799909 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və qanunauyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X10 həmin qərarın ləğvinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130-134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar