Məhkəmə qərarları › İş №3(073)-1223/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1223/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1223/2025 09.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, X1, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X5 şikayət verərək, barəsində qəbul edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvədər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsinə əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ilə o (şikayətçi), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Səbəb kimi onun xx.xx.2025-ci il tarixdə Cəlilabad meşəbəyliyinin 1 saylı meşə dolayısında qanunsuz olaraq vələs cinsli yaş köküstə ağacı kəsərək aparmağı göstərilmişdir. Hesab edir ki, həmin qərar ədalətli olmamışdır və həmin qərarla inzibati məsuliyyətə cəlb edilməyi İnzibati Xətalar Məcəlləsinin müddəalarına zidd olmuşdur. Belə ki, onlar, yəni o (şikayətçi) və X10 xx.xx.2025-ci il tarixdə yaşadıqları kəndin yaxınlığındakı meşə sahəsində qurumuş ağacların yerə tökülmüş budaqlarını at ilə aparmaq istəyəndə iki ədəd kəsilərək yerə atılmış ağac parçasına rast gəlmişlər və onları da özləri ilə aparmaq qərarına gəlmişlər. Daha sonra meşə sahəsindən çıxmaq istəyən zaman meşəbəyi tərəfindən saxlanılmışdır. Bundan sonra, həmin əmələ görə barələrində Cəlilabad rayon X7 bölməsində material toplanmış, material üzrə araşdırma aparılmış və izahatları alınmışdır. Nəticədə onun törətdiyi əməldə cinayət tərkibinin olmadığı qənaətinə gəlinərək cinayət işinin başlanması rədd edilmişdir. Lakin törətdiyi həmin əmələ görə barəsində inzibati xətanın əlamətləri mövcud olduğundan İnzibati Xətalar Məcəlləsinin 252-ci maddəsi ilə barəsində ilk öncə protokol və daha sonra qərar qəbul edilərək, lXM-nin 252-ci maddəsi ilə 350 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin cəriməni isə sonradan ödəmişdir. Göründüyü kimi, 07 avqust 2025-ci il tarixində törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilmiş, yəni inzibati qaydada cərimə edilmiş, həmin cəriməni isə ödəmişdir. Həmin əmələ görə ikinci dəfə, yəni Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, ******* saylı qərarı ilə inzibati məsuliyyətə cəlb edilməyi İnzibati Xətalar Məcəlləsinin müddəalarına ziddir. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası İXM-nın 253-1-ci maddəsi ilə təqsirli bilib 700 (yeddi yüz) manat cərimə edilməyi barədə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanların nəzərə alınaraq şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 şikayəti müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, eyni əmələ görə iki dəfə məsuliyyətə cəlb edilmişdir. Törətdikləri inzibati xətaya görə Cəlilabad RPŞ-də araşdırma aparılmış və o, 350 manat cərimə edilmişdir. Cəriməni ödədikdən sonra ekologiya idarəsindən onu çağırmışlar. Ora getdikdə vəziyyəti onlara izah etmiş, eyni əmələ görə cərimələndiyini və cəriməni ödədiyini bildirmişdir, lakin idarənin nümayəndələri artıq qərarın qəbul edildiyini və qərarı yalnız məhkəmənin ləğv edə biləcəyini bildirmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, şəxs polis şöbəsində eyni əmələ görə cərimələndikdən sonra material onların idarəsinə daxil olmuşdur və şəxs barəsində müvafiq tənbeh qərarı qəbul edilmişdir. Hər iki qərar eyni fakta görə tərtib edilib. Şikayətlə bağlı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan: - xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 07.082025-ci il tarixdə Cəlilabad meşəbəyliyinin 1 saylı meşə dolayısında qanunsuz olaraq vələs cinsli yaş köküstə ağacı kəsərək aparmış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir; - Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli HK-1-2144 saylı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”ından görünür ki, X5 və X6 xx.xx.2025ci il tarixində Cəlilabad rayonu Əsədli kəndi ərazisində yerləşən meşədən evinə aparmaq məqsədilə qanunsuz olaraq ağac kəsmələri barədə məlumat əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 252-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir; - xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonu Əsədli kəndi ərazisində yerləşən meşədən qanununsuz olaraq ağac kəsmiş və bununla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 252-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; - xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 252-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 350 (üç yüz əlli) manat məbləğində cərimə edilmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin MN ******* saylı “Qeydiyyat haqqında arayış”ından görünür ki, X5 xx.xx.2025-ci il tarixdə 350 (üç yüz əlli) manat məbləğində cərimə ödənişi etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının qanuniliyi məsələsinə qiymət verməyi zəruri hesab edərək belə qənaətə gəlir ki, həmin qərar qəbul edilərkən İXM-in tələbləri pozulmuşdur. İş materiallarından, şikayətçinin və inzibati orqanın nümayəndəsinin izahatlarından mübahisəsiz şəkildə müəyyən edilir ki, şəxs xx.xx.2025-ci il tarixdə qanunsuz olaraq vələs cinsli yaş köküstə ağacı kəsərək aparmış, bu hal müvafiq səlahiyyətli şəxslər tərəfindən aşkar edilmiş və əmələ hüquqi qiymət verilməsindən ötrü rayon polis şöbəsində araşdırma aparılmış, Cəlilabad RPŞ-nin qərarı ilə cinayət işi başlanması rədd edilmiş və şəxs İXM-in 252-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə 350 manat inzibati qaydada cərimə edilmiş və şəxs həmin cəriməni ödəmişdir. Sonradan eyni əmələ görə şəxs yenidən inzibati məsuliyyətə cəlb edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-in 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 700 manat cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 252-ci maddəsi “meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına görə”, 253.1-ci maddəsi isə “meşəqırma bileti olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsi və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tinliklərində, böyümə və plantasiya sahələrində toxmaracların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə” inzibati məsuliyyət müəyyən edir. Məhkəmə hesab edir ki, şəxs eyni əmələ görə iki dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati orqanın xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarında inzibati xəta kimi “yaş köküstə ağacı kəsərək aparma”, RPŞ-nin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolunda isə inzibati xəta kimi “qanunsuz ağac kəsmə” göstərilmişdir. Göründüyü kimi, şəxsin əməli hər iki orqan tərəfindən eyni cür qiymətləndirilmişdir, lakin həmin orqanlar tərəfindən ayrı-ayrılıqda iki tənbeh vermə qərarı qəbul edilmişdir. RPŞ-nin qərarından da aydın olur ki, şəxs İXM-in 252-ci maddəsində nəzərdə tutulmuş “oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına” görə deyil, “meşəqırma fondundan istifadənin pozulmasına” görə məsuliyyətə cəlb edilmişdir ki, belə olan halda, yəni faktiki olaraq qanunsuz olaraq yaş köküstə ağacı kəsmə əməlinə görə ETSN tərəfindən yenidən məsuliyyətə cəlb edilmişdir və həmin orqan tərəfindən də əməl “qanunsuz ağac kəsib aparma” kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur; - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; - 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; - 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə 700 (yeddi yüz) manat inzibati qaydada cərimə olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar