Məhkəmə qərarları › İş №3(073)-1236/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1236/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1236/2023 20.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə EP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs ASC Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli 6-126/2-7008/2023 saylı məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatını) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2023-cü il tarixdə törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin qanuni təmsilçisi X2 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə tərtib etdilmiş 29 noyabr 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola etiraz edir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-nə ünvanlanmış 12 sentyabr 2023-cxü il tarixli, 6-1- 26/2-7008/2003 saylı məktubu 22 sentyabr 2023-cü il tarixdə almışdır. Məktubu aldıqdan sonra bu tələb ilk dəfə olduğu üçün anlamadığından məktubda göstərilən telefon nömrəsi ilə əlaqə saxlayaraq hansı sənədləri göndərməli olduğu barədə məlumat aldıqdan sonra müvafiq sənədləri yenə də məktubda göstərilən elektron poçt ünvanına göndərmişdir. Sonradan Şəxs ASC-nin barəsində inzibati protokol tərtib edilməsi barədə məlumat aldıqdan sonra Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə telefonla əlaqə saxlayaraq sənədləri onların məktubda qeyd etdikləri elektron poçt ünvanına göndərdiyini bildirmiş, lakin Bankdan sənədlərin onlara çatmadığını bildirmişlər. O da sənədlərin elektron formada “Vhatsaap” mobil tətbiqi vasitəsi ilə və rəsmi olaraq poçt vasitəsi ilə təkrarən Mərkəzi Banka göndərmişdir. Göstərilən halları əsas tutaraq hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-nə tərtib etdilmiş 29 noyabr 2023-cü il tarixli, EP ******* saylı, inzibati xəta haqqında protokol əsassızdır. Odur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş həmin protokol üzrə inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Odur ki, məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının ***-***-**- ** nömrəli telefon nömrəsi ilə əlaqə saxlanıldıqda əlaqqələndirici şəxs Nərmin Əliyeva Şəxs ASC-yə aid müvafiq sənədlərin onlara çatdığını təsdiq etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-in 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestr məlumatları haqqında çıxarışından görünür ki, nizamnamə kapitalı 64749,00 manat olan Şəxs ASC xx.xx.1998-ci ildə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının Şəxs ASC-yə ünvanladığı 12 sentyabr 2023-cü il tarixli 6-1-26/2-7008/2023 nömrəli məktubdan görünür ki, müəssisənin nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1.2-ci və 107-1.3-cü maddələrinə əsasən səhmdar cəmiyyətin səhmdarlarının ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec, ildə bir dəfədən az olmayaraq çağırılmalıdır. Eyni zamanda bildirilmişdir ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) təqdim edilir. Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla') öz əksini tapmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq 2022-ci ilə dair emitentin illik hesabatı 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim etmələri tələb olunur. Əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb oluna biləcəkləri bildirilir. Məhkəmə belə qənaətə gəlir ki, Mərkəzi Bankın 12 sentybr 2023-cü il tarixli 6-1- 26/2-7008/2023 nömrəli məktubu Şəxs ASC-nin ünvanına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur və ASC-nin hərəkətlərində Azərbaycan Respublikasının Mərkəzi Bankının tələbi ilə zəruri olan məlumatların Banka qəsdən təqdim edilməməsi kimi hallar mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının məktubu Şəxs ASC-nə daxil olduqdan sonra qanuni təmsilçi X2 tərəfindən müvafiq sənədlər Mərkəzi Banka göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənoin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs ASC tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə təqdim edilməməsi kimi hərəkətlər edilmədiyindən onun İXM-in 548.2-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan Şəxs ASC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs ASC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar