Məhkəmə qərarları › İş №3(073)-1263/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1263/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1263/2025 06.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, müəllim vəzifəsində işləyən, Cəlilabad şəhəri S.Axundov küçəsi ev 52-də qeydiyyatda olan və yaşayan, Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs oğlu Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-1588/2020 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-1588/2020 saylı icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs yanında yaşayan xx.xx.2016-cı il təvəllüdlü Röyalə və xx.xx.2018-ci il təvəllüdlü Banu adlı uşaqları ilə ünsiyyətdə olma hüququ bərdə edilsin və onun həmin uşaqlarla görüş vaxtı hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 16:00-dək müəyyən edilmişdir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, icra sənədi üzrə göstərilən tələbi Bakı şəhərində yaşadığı üçün icra edə bilmir. Hazırda da uşaqların atası ilə görüşməsinə etiraz etmir. İcra sənədi 5 ildir qəbul edilib və icrasında hər hansı problem olmayıb. Son dəfə icra etməməyinin əsas səbəbi isə uşaqların səhhətindəki problemlər olmuşdur, uşaqlar xəstələndiyinə görə son dəfə onları Bakıdan rayona gətirə bilməmişdir. Habelə icra etməməyinin digər səbəbi tələbkar tərəfindən aliment ödənilməməsi olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, məhkəmə iclası olanadək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs uşaqları gətirmiş və onun ünsiyyət məsələsi həll olunmuşdur. Lakin o, uşaqları ilə həftə sonları, yəni icra vərəqsəində qeyd edildiyi kimi görüşmək isdəyir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul ediləməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. O, icra sənədində göstərilən qaydada vəzifəsini yerinə yetirmişdir, son dəfə icra edilməməsinin səbəbi isə zərərçəkmişin aliment ödəməməsi və uşaqların xəstəliyi olmuşdur. Məhkəmə onu da nəzərə alır ki, barəsində icraat aparılan şəxs uşaqları ilə birlikdə Bakı şəhərində yaşayır və hər həftə uşaqları ilə Cəlilabad rayonuna gəlməsinin ona və uşaqlara çətinlik yaratması ağlabatandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir, çünki onun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 29 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar