Məhkəmə qərarları › İş №3(073)-1269/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1269/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1269/2025 15.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, Cəlilabad şəhəri Qurtuluş prospekti 75 ünvanında yerləşən “Avtomobil ehtiyyat hissələri” adlı obyektin reklam yayıcısı X3 Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən vəzifəli şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 22 sentyabr 2025-ci il tarixli, MN ******* seriya və nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında protokoldan görünür ki, 22 sentyabr 2025-ci il tarixdə saat Cəlilabad şəhəri Qurtuluş prospekti 75 ünvanında yerləşən “Avtomobil ehtiyyat hissələri” adlı obyektin reklam yayıcısı X6 tərəfindən icazə sənədlərinin tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir, bununla da reklam yayıcısı X6 Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə X3 və nümayəndənin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonu, Qurtuluş prospekti 75 ünvanında “Avtomobil ehtiyyat hissələri” adlı obyektin reklam yayıcısı X6 açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişin tələblərini tam və vaxtında yerinə yetirməmişdir. İşdə olan 21 avqust 2025-ci il tarixli “Açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə Akt”dan görünür ki, Cəlilabad rayonu Qurtuluş prospekti 75 “Avtomobil ehtiyat hissələri” ünvanında açıq məkanda X6 tərəfindən müvafiq icazə sənədi olmadan açıq məkanda ümumi ölçüsü 3.6 kv. m olan digər fasad reklamlarının yayımlanması faktı aşkar edilmişdir, habelə is.adra.gov.az icazələr sistemində göstərilən reklamların yayımlanması ilə bağlı icazə sənədi aşkar edilməmişdir. İşdə olan 21 avqust 2025-ci il tarixli “Yazılı göstəriş”dən görünür ki, açıq məkanda yayımlanan reklamın dərhal dayandırılması və “Reklam haqqında” AR Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş icazənin alınması üçün 5 gün müddətində AR DRA-nın X5 İdarəsinə müraciət edilməsi X2 tələb edilmişdir. İşdə olan poçt teleqramından görünür ki, “Yazılı göstəriş” xx.xx.2025-ci il tarixdə Əkbərov Vasifə çatdırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli baxış aktı və həmin gün tarixli imtina aktından görünür ki, idarənin əməkdaşları tərəfindən obyektə baxış keçirilmiş, reklam yayıcısı tərəfindən reklamların yayım haqqı ödənilmədən yayımlanması faktı aşkar edilmişdir, X6 baxış aktını, hüquq və vəzifələr haqqında bildirişi və inzibati xəta haqqında protokolu imza etməkdən və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. İşdə olan fotoşəkillərdən sözügedən reklam fasadlarının yayımlandığı görünür. İş materiallarında olan “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” haqqında çıxarışdan görünür ki, X6 vergi ödəyicisidir, yəni vəzifəli şəxsdir (VÖEN: **********). Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Məhkəmə hesab edir ki, protokol tərtib edən orqan tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu və “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın tələblərinə əmək edilərək icazə verilməsi və nəzarət funksiyaları icra edilmiş, vəzifəli şəxsə qanunsuz olaraq yayımladığı reklamın dayandırılması tələb edilmiş, bu barədə yazılı göstəriş verilmiş, lakin vəzifəli şəxs tərəfindən həmin tələblər müəyyən edilmiş vaxtda və qaydada icra edilməmişdir, bununla da tərəfindən icazələrin tələbələri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 75-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Maddənin 2-ci bəndinə görə bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 428.7.3-cü maddəsinin məzmununa əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Cəlilabad şəhəri Qurtuluş prospekti 75 ünvanında yerləşən “Avtomobil ehtiyyat hissələri” adlı obyektin reklam yayıcısı X3 barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar