Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1282/2025 17.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və iş üzrə digər materiallar aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə etiraz göndərərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraza əsasən hüquqi şəxs inzibati orqan tərəfindən sözügedən faktı təsdiq edən hər hansı sübutun təqdim edilmədiyini bildirmişdir. Qeyd edilmişdir ki, dərman vasitələrinin reseptsiz satılması faktı yalnız dərman vasitəsi satıldığı halda öz təsdiqini tapa bilərdi. Bu halı təsdiq edən sübut isə nəzarət kassa aparatının satış çekidir. İş materiallarında yalnız aptekin kompüterində öz əksini tapmış dərman vasitəsinin fotosu əlavə edilmişdir. Həmin fotonun hansı texniki vasitə tərəfindən və hansı tarixdə qeydə alınması da iş üzrə materiallardan aydın olmur. Həmçinin həmin sübutun qanunsuz olduğunu da qeyd etmək lazımdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun 4-2.2.3-cü bəndinə əsasən yoxlayıcı sahibkarın razılığı olmadan onun resurslarından, o cümlədən kompüterlərdən istifadə etmək imperativ şəkildə qadağan edilmişdir. Yoxlama orqanı qanunun həmin tələbini pozaraq sahibkarın razılığı olmadan onun kompüter resurslarına daxil olmuş və oradan məlumatlar əldə edilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X2 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 12 avqust 2025-ci il tarixli qərardan və ona əlavə edilmiş “Yoxlama suallarının siyahısı”ndan görünür ki, Cəlilabad şəhəri, ünvan 1 ünvanda yerləşən Şəxsnə məxsus aptek təşkilatında planlı yoxlama keçirilməsi qərara alınmış, yoxlayıcı şəxslər təyin edilmiş və yoxlama sualları tərtib edilmişdir; - xx.xx.2025-ci il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, yoxlama qərarı və yoxlayıcı şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada AR Ədliyyə Nazirliyinin müvafiq reyestrində qeydə alınmışdır; - xx.xx.2025-ci il tarixli inzibati orqan (yoxlayıcı) tərəfindən hüquqi şəxsə göndərilmiş məktubdan görünür ki, hüquqi şəxs yoxlayıcı tərəfindən yoxlama barədə məlumatlandırılmış və və yoxlama zamanı tələb ediləcək sənədlərin siyahısı hüquqi şəxsə təqdim edilmişdir; - xx.xx.2025-ci il tarixli Ə-264 nömrəli “Yoxlama aktı forması”ndan görünür ki, Şəxs tərəfindən plan üzrə növbəti yoxlama zamanı resept təqdim edilməklə buraxılmalı olan dərman vasitəsinin (“Sulfokamfokain”) reseptsiz buraxılması faktı aşkar edilmişdir və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Akt hər üç yoxlayıcı tərəfindən imzalanmışdır; - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə məxsus Cəlilabad şəhəri, Babək küç. 32 ünvanında yerləşən aptekdə xx.xx.2025-ci il saat 09:30-da plan üzrə yoxlama zamanı resept təqdim edilməklə buraxılmalı olan dərman vasitəsinin reseptsiz buraxılması faktı aşkar edildiyinə görə hüquqi şəxs barəsində İXM-nin 452.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilmişdir, hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla və göstərilən digər iş materialları ilə tamamilə sübuta yetirilir. Hüquqi şəxsin məhkəməyə göndərdiyi etiraz məktubunda göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, yoxlayıcı tərəfindən aptekdə yoxlama aparılan zaman sahibkarın kompüter resursundan qanunsuz istifadə halı müəyyən edilmir. İş materiallarında olan və hüquqi şəxsin qanunsuz hesab etdiyi elektron mühasibatlıq sistemi səhifəsinin şəklinin (fotosunun) çəkilməsi yoxlayıcının həmin resursdan, yəni kompüterə daxil olaraq ondan qanunsuz istifadə etməsi anlamına gələ bilməz, həmin fotonun aptekdə əczaçı kimi işləyən şəxsin razılığı ilə çəkilməsi halı istisna edilmir, habelə inzibati xəta haqqında protokolda əczaçı tərəfindən bu barədə hər hansı qeyd qoyulmamış, əczaçı protokolu imzalamaqdan imtina etmişdir. Habelə dərman vasitəsinin reseptsiz satılması faktının yalnız satış çeki əsasında müəyyən edilməsi ilə bağlı hüquqi şəxsin etirazı ilə məhkəmə razılaşmayaraq qeyd edir ki, həmin halın çeklə yanaşı, digər sübutlar olan yoxlama aktı və ya elektron mühasibatlıq sistemindən çıxarış (və ya foto şəkli) ilə müəyyən edilməsi də mümkündür. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən həkim resepti əsasında buraxılan dərman vasitələrinin on dörd yaşı tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxılması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü aşağı həddə tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 49-51, 114-115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat cərimə edilsin. Qərardan, surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-1282/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1282/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver