Məhkəmə qərarları › İş №3(073)-132/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-132/2023

17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-132/2023 17.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, X4 10 yanvar 2023-cü il tarixdə qanuni əsaslarla əldə etdiyi özünə məxsus 12 kalibrli «Kral» markalı, 21-K12507 nömrəli yivsiz ov tüfəngi ilə mülki silahın daşıma qaydalarını pozmaqla ov üçün nəzərdə tutulmayan yer olan Cəlildabad rayon Maşlıq kəndində yerləşən əkin sahəsində 5 ədəd sığırçın növünə aid quşları həmin ov tüfəngi ilə ovlayan zaman Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən aşkarlanmış və X1 bir ədəd 12 kalibrli «Kral» markalı, 21-K12507 nömrəli yivsiz ov silahı, ona aid 13 ədəd patron və ovlanmış 5 ədəd sığırçın quşları maddi sübut kimi götürülmüşdür. Həmin hərəkətləri ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulması və İXM-nın 590.1-ci maddəsində nəzərdə tutulan xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın daşıma qaydalarını pozma inzibati xətalarını törətmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə X2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, X2 ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə iclasında X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, X4 eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki X2 barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə 1000 (bir min) manat məbləğində cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. İş üzrə maddi sübut olan 12 kalibrli «Kral» markalı, 21-K12507 nömrəli yivsiz ov silahı, ona aid 13 ədəd patron sahibi X3 qaytarılmalı, 5 ədəd sığırçın növünə aid quşlar isə məhv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.1-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə inzibati xətanın törədilməsində alət və inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə 1000 (bir min) manat cərimə edilsin. İş üzrə maddi sübut olan 12 kalibrli «Kral» markalı, 21-K12507 nömrəli yivsiz ov silahı, ona aid 13 ədəd patron sahibi X3 qaytarılsın və 5 ədəd sığırçın növünə aid quşlar isə məhv edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədr: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar