Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1382/2025 24.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Rüstəmli Ruslan Fərahim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs və nümayəndəsi və vəkili Cəlilabad Rayon Vəkil Bürosunun vəkili X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Biləsuvar Rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 24 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin qərarına əsasən Zərərçəkmiş şəxs övladları ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 11:00-a qədər ünsiyyətdə olmalıdır. Lakin Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 göstərmişdir ki, məhkəmə qərarı ilə müəyyən edilmiş görüş günlərinin Şəxs övladları X14 və X6 icra şöbəsinə gətirərək Zərərçəkmiş şəxs ilə görüşməsini təmin etmiş, lakin uşaqlar özləri hər görüşdə analarından ayrılmayaraq atası ilə görüşmək istəmədiklərini bildirmişlər. Zərərçəkmiş şəxs uşaqların analarının təsiri altında olduğundan onunla görüşməkdən imtina etdiyini bildirdiyindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla bağlı xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli akt da tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, icra vərəqəsinin icrasından bir gün belə yayınmamışdır. O, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş gündə və saatda uşaqlarının atası ilə görüşməsini təmin etmək üçün onları icra şöbəsinə gətirmiş, lakin uşaqlar ağlayaraq ataları ilə görüşmək istəmədiklərini bildirmiş və ataları ilə görüşməkdən imtina etmişlər. O, uşaqlarına ataları ilə görüşməmələri üçün heç bir təsir göstərmir. Göstərilənlərin nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs müdafiəçisi X1 izahatında bildirmişdir ki, Şəxs məhkəmə qərarının icra olunmasından yayınmır. Uşaqlar ataları ilə ünsiyyətdə olmamaq üçün onunla görüşmək istəmirlər. Buna görə də inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, Şəxs bilərəkdən uşaqlara psixoloji təsir göstərərək onları atalarından uzaqlaşdırmaq istəyir. Dəfələrlə o, uşaqlara fiziki zorakılıq göstərmişdir. Hər görüş vaxtlarında uşaqların əlini sıxaraq onlara ataları görmüşməsinə mane olur. Bu səbəbdən barəsində inzibati qaydada tədbir görülməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmişin nümayəndəsi və vəkili X3 Eyvaz Mülayim oğlunun izahatında göstərdiklərini qeyd edərək, Şəxs məhkəmə qərarını icra etmədiyi üçün barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(073)-7/2025 saylı icra sənədindən görünür ki, Zərərçəkmiş şəxs övladları xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X9 ilə ünsiyyət saxlamaq hüququ təmin edilmiş və görüş vaxtı hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 11:00-a qədər (gecə qalmaq şərti ilə) görüş yeri isə iddiaçının Cəlilabad rayonu, Üçtəpə kəndində yaşadığı fərdi yaşayış evi müəyyən edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(073)-7/2025 tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır və tələbin könüllü icrası haqqında bildiriş Şəxs ünvanına göndərilmişdir. 12 fevral 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs icra sənədini müəyyən edilmiş vaxt ərzində icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, o, uşaqlarını vaxtlıvaxtında icra şöbəsinə gətirdiyini bildirmişdir. xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli aktlardan görünür ki, hər iki uşaq Şəxs tərəfindən təyin olunmuş gün və saatda İcra Şöbəsinə gətirilmiş, lakin uşaqlar ataları ilə görüşməkdən imtina etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Məhkəmə iclasında həm icra məmurunun, həm barəsində inzibati qaydada icraat aparılan şəxsin, həm də zərərçəkmiş şəxsin izahatları ilə müəyyən edilmişdir ki, Şəxs icra vərəqəsi ilə müəyyən edilmiş günlərdə övladlarının atası ilə görüşmələrinin təmin edilməsi məqsədi ilə onları icra şöbəsinə gətirmiş, lakin uşaqlar özləri ataları ilə görüşməkdən imtina etmişlər. Bununla yanaşı, iş materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş aktlarla da görüş günlərində Şəxs X14 və X6 icra şöbəsinə gətirməsi, lakin uşaqların ataları ilə görüşməkdən imtina etməsi təsdiq olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs özü də uşaqların anası tərəfindən icra şöbəsinə gətirildiyini, uşaqların onunla görüşmək istəmədiklərini, lakin uşaqların psixoloji təzyiq altında olduqlarını və anaları tərəfindən öyrədildiklərini bildirmişdir. Zərərçəkmiş şəxsin həmin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin icra vərəqəsinə və icra məmurunun qanuni tələbinə əsasən Şəxs məhkəmə aktı ilə müəyyən edilmiş görüş günlərində uşaqları ataları ilə görüşməyə gətirdiyindən və icra sənədinin icrasını təmin etmək üçün öz tərəfindən tələb olunan addımı atdığından uşaqların özlərinin ataları ilə görüşmək istəməmələri və zərərçəkmiş şəxsin uşaqların anası tərəfindən psixoloji təsirə məruz qalmalarını ehtimal etməsi Şəxs əməlində inzibati xəta tərkibin olması kimi qiymətləndirilməməklə şəxsin məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə aktını nəinki üzrsüz səbəbdən, ümumiyyətlə icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun məhkəmə aktını vaxtında icra etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs məhkəmə aktı əsasında verilmiş icra sənədini vaxtında və lazımi qaydada icra etməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №3(073)-1382/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1382/2025
24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver