Məhkəmə qərarları › İş №3(073)-1388/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1388/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1388/2025 04.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X5 Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30588164 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30588164 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, etibarnamə əsasında "xxxx" MMC-yə məxsus **-AD-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobilini idarə edərkən, xx.xx.2025-ci il tarixdə, saat 22:31 radələrində Salyan rayonu, Xıdırlı kəndi ərazisində yerləşən elektron tərəzidən keçmiş və tərəzidə 43.460 kq çəki qeydə alınmışdır. Həmin fakt əsasında inzibati protokol tərtib edilərək sürücü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Eyni nəqliyyat vasitəsinin X3 (Azərsun qarajı) 39.710 kq çəki ilə yola düşməsi, habelə həmin nəqliyyat vasitəsinin Bakı–Ələt–Astara yolunun Qaradağ qəsəbəsi ərazisində quraşdırılmış elektron tərəzidən keçərkən cərimələnməməsi tərəzilərin göstəriciləri arasında uyğunsuzluq yarandığını göstərir. Qeyd olunan qərar qanunsuzdur və qanunvericiliyin tələblərinə zidd olaraq qəbul edilmişdir. Bu səbəbdən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin qərar barədə yalnız SMS vasitəsilə təzəlikcə xəbərdar olmuş və məlumat aldıqdan dərhal sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Buna görə də həmin qərar ləğv edilməli, işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30588164 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, EQ 30588164 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 22:31 radələrində Salyan rayonu, Xıdırlı kəndi ərazisindən keçərkən Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 600 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; - xx.xx.2025-ci iltarixli tərəzi qəbzindən görünür ki, sürücüsü X2 olan **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 çıxarkən ümumi çəkisi 39.710 kq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan əlavə məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, X2 barəsində tərtib edilmiş inzibati protokol əsasında qəbul edilmiş qərarın qanunauyğunluğundan narazı qalaraq həmin qərar üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət vermişdir. Şikayət icraata qəbul edildikdən sonra məhkəmə tərəfindən iş üzrə faktiki halların obyektiv, tam və hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlanmışdır. Lakin məhkəmənin sözügedən sorğusuna müəyyən olunmuş müddətdə heç bir cavab daxil olmamış, bu isə işin halları barədə zəruri məlumatların əldə edilməsinə və inzibati xəta haqqında protokolda göstərilən məqamların tam şəkildə qiymətləndirilməsinə imkan verməmişdir. Sorğuya cavabın təqdim olunmaması nəticəsində iş üzrə obyektiv araşdırma aparılması üçün zəruri məlumat bazası formalaşmamışdır. Mövcud prosessual vəziyyəti nəzərə alan məhkəmə nəticəyə gəlmişdir ki, inzibati xəta haqqında iş üzrə halların tam şəkildə müəyyənləşdirilməsi, mübahisəli məqamların dəqiqləşdirilməsi və protokolun yazılmasına səbəb olmuş situasiyanın yenidən araşdırılması üçün əlavə tədbirlərin görülməsinə ehtiyac vardır. Bu əsaslarla məhkəmə şikayət üzrə tələbləri qismən təmin edərək, inzibati materialları yenidən və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilməsinin məqsədəuyğun olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30588164 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinı qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30588164 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar