Məhkəmə qərarları › İş №3(073)-1486/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-1486/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-1486/2025 03.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Sucəddi oğlunun–xx.xx.1993-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad RPŞ-dən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs Sucəddi oğlu 02 noyabr 2025-ci il tarixdə Cəlilabad şəhəri H.Əliyev prospektində və Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikasının İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sucəddi oğlu verdiyi izahatında özünü barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə təqsirli bilərək göstərdi ki, 02 noyabr 2025-ci il tarixdə Cəlilabad şəhəri Heydər Əliyev prospektində yerləşən “Bazar Store” adlı marketin yaxınlığında küçə ticarəti ilə məşğul olarkən polis əməkdaşlarının ona yaxınlaşaraq bu əməlin qanunla qadağa olduğunu izah etdikdə, o ucadan səs küy salaraq polis əməkdaşlarına etiraz etdiyi üçün onu Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. Cəlilabad rayon Polis şöbəsinin inzibati binasına gəldikdən sonra da o, ucadan nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu nizam intizama dəvət etsələr də, o, hərəkətlərini davam etdirmişdir. Hazırda əməlindən peşman olduğunu, səhvini başa düşdüyünü və gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəyini bildirərək nəzərə alınmasını xahiş etdi. Şəxs Sucəddi oğlunun törətmiş olduğu inzibati xəta özünün etirafı, MN № ******* nömrəli inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Sucəddi oğlunun əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sucəddi oğlunun Azərbaycan Respulikası İXM-nin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. Şəxs Sucəddi oğlu törətmiş olduğu inzibati xətalara görə Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sankiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Şəxs Sucəddi oğlu Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs Sucəddi oğlunun şəxsiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan 02 noyabr 2025-ci tarixli AZA 023416 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Sucəddi oğlu 02 noyabr 2025-ci il tarixdə saat 13:20-də inzibati qaydada tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 02 noyabr 2025-ci il tarixdən, saat 13:20-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115,117, 129, 130-cu maddələrini rəhbər tutaraq qərara aldı: İnzibati xəta törətmiş Şəxs Sucəddi oğlu Azərbaycan Respulikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respulikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 02 noyabr 2025-ci il tarixdən, saat 13:20-dən hesablansın. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Elan edilmiş qərarın surəti inzibati xəta törədən Şəxs Sucəddi oğluna təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar