Məhkəmə qərarları › İş №3(073)-152/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-152/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-152/2024 19.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi (vəkil) X1 iştirakları ilə, xx.xx.1980-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Göytəpə şəhəri O.Eynullayev küçəsi ev 58-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 333-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 333-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 17 fevral 2024-cü il tarixdə Cəlilabad şəhəri H.Əliyev prospektində idarə etdiyi avtomobillə manevr hərəkətləri edən zaman yol hərəkəti qaydalarını pozmuş, həmin vaxt ona saxla işarəsi verən YPX əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini narkotik vasitədən istifadə etməklə idarə etdiyi müəyyən edilmişdir. Barəsində inzizibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 333-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, əməlindən səmimi peşman olduğunu, həyat yoldaşının onu və iki azyaşlı uşaqlarını atıb getdiyini, hazırda həmin uşaqlara təkbaşına baxdığını və özünün də hepatit C xəstəliyindən əziyyət çəkdiyini göstərərək məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 333-1.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi və işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 39 saylı aktdan aktdan görünür ki, müayinə zamanı Şəxs narkotik sərxoşluğu müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü ildə, saat 00:40-da tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 333-1.2-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34.3 və 31.4-1-ci maddələri tətbiq edilməklə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 600 (altı yüz) manat cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar