Məhkəmə qərarları › İş №3(073)-170/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-170/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-170/2025 13.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Muradzadə X3 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-348/2021 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-348/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3967 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-nə verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə borcunu ödəməkdən yayınmış və qaçıb gizlənmişdir. O, həmçinin Cəlilabad Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərarı ilə eyni icra sənədinə münasibətdə inzibati məsuliyyətə cəlb edilmiş və 500 manat məbləğində cərimə edilmişdir. Lakin buna baxmayaraq icra sənədini icra etməmişdir, borcundan rəsmi olaraq 650 manat ödəmişdir, bu barədə qəbzlər var, dediyinə görə 200 manat da ödəmişdir, lakin bununla bağlı qəbzləri təqdim etməmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, yaranmış borcunu bir dəfəyə ödəmək iqtidarında deyildir, borcunu ancaq hissə-hissə ödəyə bilər. O, ümumiyyətlə məhkəmə qətnaməsinin mövcudluğundan xəbərsiz olmuşdur, yalnız 2024-cü ilin yanvar ayında inzibati məsuliyyətə cəlb edilərkən qətnamədən məlumatlı olduğunu bildirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, yaranmış borcun mülki münasibətlərdən irəli gəldiyini, daha əvvəl də eyni icra sənədinə münasibətdə inzibati tənbeh edildiyini, bildirməsinə görə himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, Bakı şəhərində kirayə yaşamasını və bildirməsinə görə orada ustalıq fəaliyyəti ilə məşğul olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdən təqsirli bilinsin və o, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar