Məhkəmə qərarları › İş №3(073)-213/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-213/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-213/2025 13.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, X1 iştirakları ilə, X1 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 28 sentyabr 2024-cü il tarixli, EQ 23844498 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 28 sentyabr 2024-cü il tarixli, EQ 23844498 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, “Elnur-2 UİKŞ” şirkətində işləyir. Həmin şirkət yolların təmir və tikinti işlərini həyata keçirir və balansında yükdaşıma fəaliyyətinin həyata keçirilməsi üçün yük avtomobilləri vardır. O, həmin şirkətin işçisi olduğu üçün həmin avtomobillərdən yük daşıması üçün istifadə edir. O, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 28 sentyabr 2024-cü il tarixli, EQ 23844498 saylı qərarı ilə yükdaşıma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Hesab edir ki, həmin qərar düzgün deyil və əsassız olaraq tərtib edilmişdir. Həmin qərarda inzibati xətanın törədildiyi vaxt xx.xx.2024-cü il tarix göstərilsə də, elektron qərar 28 sentyabr 2024-cü il tarixdə tərtib edilmişdir. Göründüyü kimi elektron qərar inzibati xətanın törədildiyi vaxtda 5 aydan artıq müddət keçdikdən sonra tərtib edilmişdir. Halbuki, həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməli idi. Odur ki, şikayətin təmin edilərək, Baş Dövlət Yol Polisi İdarəsinin 28 sentyabr 2024-cü il tarixli, EQ 23844498 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Baş Dövlət Yol Polis İdarəsinin 28 sentyabr 2024-cü il tarixli, EQ 23844498 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X4 29 mart 2024-cü il tarixində saat 14:29-da Astara rayonu Telman kəndində KAMAZ 65115-01813 yük markalı **-JE-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edərkən yük daşıma qaydalarını pozması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. Daxili İşlər Nazirliyi BDYPİ-nin sistemindən çıxarılmış fotoşəkildən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın yeri Astara rayonu Telman kəndi, vaxtı isə 29 mart 2024-cü il tarixində saat 14:29-da qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 38.6-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. - 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; - 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. - 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, X3 barəsində 29 mart 2024-cü il tarixində saat 14:29-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta müəyyən edilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında elektron qərar 28 sentyabr 2024-cü il tarixdə tərtib edilmişdir. Nəticədə həmin inzibati tənbeh vermə haqqında qərarın real vaxt rejimində tərtib olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsinin 28 sentyabr 2024-cü il tarixli, EQ 23844498 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Baş Dövlət Yol Polis İdarəsinin 28 sentyabr 2024-cü il tarixli, EQ 23844498 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar