Məhkəmə qərarları › İş №3(073)-218/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-218/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-218/2024 19.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 28 fevral 2024-cü il tarixli, MN № 12255708 saylı inzibati xəta haqqında protokoldan görünür ki, 28 fevral 2024-cü il tarixdə saat 11:41 radələrində Cəlilabad şəhəri Qurtuluş prospektində yerləşən “Cəlilabad Elektronics” adlı obyektin reklam yayıcısı X5 tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. Bununla da Cəlilabad şəhəri Qurtuluş prospektində fəaliyyət göstərən “Cəlilabad Elektronics” adlı obyektin reklam yayıcısı X2 barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib edilmiş və baxılması üçün Cəlilabad rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi X6 protokolun məzmununa uyğun izahat verərək məhkəmədən X2 barəsində müvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məhkəmədə verdiyi izahatında bildirdi ki, Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən onun barəsində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirmədiyi üçün müvafiq protokol tərtib edilmişdir. O, hazırda açıq məkanda reklam yerləşdirilməsinə dair icazə sənədlərini almış və bununla bağlı ödənişləri etmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 09 fevral 2024-cü il tarixli, 000043 nömrəli aktdan görünür ki, Cəlilabad şəhəri Qurtuluş prospektində fəaliyyət göstərən “Cəlilabad Elektronics” adlı obyektin reklam yayıcısı X5 tərəfindən açıq məkanda reklam yerləşdirmək üçün müvafiq icazə sənədi olmadan qanunsuz reklam yayımlanması aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 09 fevral 2024-cü il tarixli 000043 nömrəli “Yazılı göstəriş”dən görünür ki, həmin reklamın yayımının 5 (beş) gün müddətində dayandırılması tələb edilmişdir və həmin göstəriş Cəlilabad şəhəri Qurtuluş prospektində fəaliyyət göstərən “Cəlilabad Elektronics”-yə ünvanlanmışdır. İş materiallarında olan teleqramdan görünür ki, X9 İdarəsi tərəfindən X3 ünvanlanan xx.xx.2024-cü il tarixli SS889731323AZ saylı göndəriş xx.xx.2024-cü il tarixdə saat 09:24də çatdırılmışdır. İş materiallarında olan fotoşəkildən sözügedən reklam daşıyıcısının yayımlandığı görünür. İş materiallarında olan “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” haqqında çıxarışdan görünür ki, X5 vergi ödəyicisidir, yəni vəzifəli şəxsdir (VÖEN: **********). İş materiallarında olan xx.xx.2024-cü il tarixli açıq məkanda reklam yerləşdirilməsinə dair icazələrdən görünür ki, inzibati xəta haqqında protokol tərtib edildikdən sonra X5 xx.xx.2024-cü il tarixdə açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsi bağlamış, dövlət rüsumu və yayım haqqını ödəmiş, hal-hazırda heç bir borcu qalmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, X2 hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş faktiki hallarından görünür ki, X5 tərəfindən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması halı mövcüd deyil, çünki o, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən verilmiş yazılı göstərişi yerinə yetirərək açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsi bağlamış, dövlət rüsumu və yayım haqqını ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması, yəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yenə də Həmin Məcəllənin 105.1-ci maddəsi ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilən maddi-prosessual normalarının tələblərinə əsaslanmaqla və işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar