Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-235/2025 19.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş 23 dekabr 2024-cü il tarixli, EQ 25183884 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş 23 dekabr 2024-cü il tarixli, EQ 25183884 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi və şikayət verən şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə qərarı barəsində şikayət verilmiş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin və şikayət verən X1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 22 dekabr 2024-cü il tarixdə 18:50 radələrində şəhər istiqamətində hərəkətdə olarkən Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Postunda yol polisi inspektorunun göstərişi ilə idarə etdiyi “Kia" markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə avtobus zolağı ilə hərəkəti davam etdirmişdir. 23 dekabr 2024-cü il tarixdə ona 100 manat 2 bal cərimə gəlmişdir. Bununla bağlı “902" qaynar xəttə zəng edib məlumat vermişdir. Ona bildirmişlər ki, e-polis mobil tətbiqi vasitəsilə ərizə yazsın. Həmin tarixdə 23 dekabr 2024-cü il tarixdə yazdığı ərizəyə 28 yanvar 2025-ci il tarixdə elektron poçt vasitəsilə cavab gəlmişdir. Məktubda qeyd olunmuşdur ki, EQ25183884 nömrəli protokol qanunauyğundur və protokolun sənədləşməsində heç bir pozuntu olmamışdır. Odur ki, bununla bağlı 22 dekabr 2024-cü il tarixdə 18:30-18:55 radələrində Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Postunun qeydə aldığı video-görüntünü təqdim edilməsi ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinə və Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Postuna sorğu ilə müraciət etmişdir. Həmçinin 23 dekabr 2024-cü il tarixli qərarın verilməsini tələb etsə də ona qərarı verməyəcəklərini bildirdilər. Bununla bağlı dəfələrlə “102" və “902” qaynar xəttinə zəng edərək şikayət etmişdir. xx.xx.2025-ci il tarixdə ona zəng gəlmiş və idarəyə çağırıb qərarı verəcəklərini bildirdilər. xx.xx.2025-ci il tarixdə qərarı əldə etmişdir. Həmin gün tək onun yox, digər sürücülərin də avtobus zolağı il hərəkət etdiyi fotoşəkillərdən görünür. Göründüyü kimi, Baş Dövlət Yol Polis idarəsinin 23 dekabr 2024cü il tarixli qərarını xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Bu, qərarın özündə də əksini tapmışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə qərarı portaldan çıxarıb ona təqdim etmişlər. Qeyd edilənlərin nəzərə alınaraq Baş Dövlət Yol Polis İdarəsinin 23 dekabr 2024-cü il tarixli qərarının ləğv olunmasna dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat vermişdir. Bildirmişdir ki, qərar tərtib edilən tarixdə, yəni xx.xx.2024-cü il saat 19 radələrində Ekologiya postundan Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən hərəkətin sıxlığı, tıxac olduğuna görə postda dayanan yol polisi əməkdaşının göstərişi ilə o və digər bir çox sürücünün avtobus zolağı ilə hərəkət etməsinə icazə verilmişdir. Həmin icazə, yəni əl hərəkətindən sonra o da digər sürücülər kimi həmin zolağa daxil olmuş və hərəkətini davam etdirmişdir, səhəri gün isə müvafiq tənbeh qərarı tərtib edilmişdir. Həmin görüntünün, yəni yol polisi əməkdaşının sürücülərə avtobus zolağı ilə hərəkət etməsinə icazə verməsini əks etdirən video görüntünü əldə etmək üçün Ekologiya postuna, həmçinin BDYPİ-yə müraciətlər etsə də görüntünü əldə edə bilməmişdir. Hesab edir ki, həmin qərar tam qanunsuzdur, zolağa yol polisi əməkdaşının icazəsi ilə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir, ona görə ki, X1 ona istinad olunan Azərbaycan Respublikasının İXM-in 327.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmur. Belə ki, işdə olan: - Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş 23 dekabr 2024-cü il tarixli, EQ 25183884 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnxibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir; - İnzibati xətanın foto görüntüsünü əks etdirən foto şəkillərdən görünür ki, xx.xx.2024-cü il, saat 18:50-də şikayət verən şəxsin avtomobili və digər üç avtomobil avtobus zolağı ilə hərəkət edirlər; - BDYPİ tərəfindən Rufullayev Nemətə göndərilən məktubdan görünür ki, şəxsin inzbati tənbeh verilməsi haqda qərardan vermiş olduğu şikayətə baxılmış, araşdırma zamanı inzibati xətanın aşkar olunması və sənədləşməsində qanunazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, şikayət vermiş şəxsin şikayətində və məhkəməyə verdiyi izahatında göstərdiyi xüsusatlar həqiqətə yaxın olmaqla inandırıcıdır. Belə ki, hərəkətin sıxlığı və ya tıxac olduğu zaman avtomobillərin əks yola çıxmaqla və ya qadağan olunmuş zolaqlara daxil olmaqla hərəkəti davam etdirməsinə yol hərəkətini nizamlayan yol patrul əməkdaşları tərəfindən müvəqqəti icazələr verilməsi qanunvericilikdə nəzərdə tutulmaqla praktik olaraq mübahisələndirilməyən haldır. İndiki halda da müəyyən edilmişdir ki, avtobus zolağında tək şikayət verən şəxs deyil, digər şəxslər də hərəkət etmişdirlər ki, bunun da, şikayətdə göstərildiyi kimi, yol polisi əməkdaşının icazəsi ilə edilməsi daha inandırıcıdır. Bu halın əksini müəyyən edəcək sübutların məhkəməyə təqdim edilməsi üçün BDYPİ-nə məhkəmə tərəfindən bildiriş göndərilsə də, bunun üçün məhkəmə iclası təxirə salınsa da, müvafiq orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, şəxsin inzibati xəta törətməsi ilə bağlı şübhələr mövcud olsa da həmin şübhələr digər hər hansı halla aradan qaldırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz sayılır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şəxsin inzibati xətanın törədilməsində təqsirliliyi sübut olunmadığı üçün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 23 dekabr 2024-cü il tarixli, EQ 25183884 saylı qərar X2 tərəfindən verilmiş şikayətə əsasən ləğv edilməli və yenidən baxılmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir, yenidən aparılacaq araşdırma zamanı həqiqətən də yol patrul əməkdaşı tərəfindən avtomobillərə avtobus zolağı ilə hərəkət etmələrinə icazə verilib-verilməməsi məsələsinin aydnınlaşdırılması zəruriliyi inzibati orqanın diqqətinə çatdırılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X1 barəsində qəbul edilmiş 23 dekabr 2024cü il tarixli, EQ 25183884 saylı qərar ləğv edilsin və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla yenidən baxılmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-235/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-235/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver