Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-26/2025 13.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Cəlilabad rayonunun Ocağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Ocağlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Cəlilabad Rayon Polis Şöbəsindən inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonu ərazisində özünə məxsus “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərkən polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək verdiyi izahatında həmin gün spirtli içki qəbul etdiyini etiraf etsə də, avtoxuliqanlıq hərəkətləri etmədiyini, sadəcə içkili olduğuna görə qorxub polisin saxla əmrinə tabe olmadığını, əməlindən səmimi peşman olduğunu göstərərək barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin dispozisiyasına görə avtoxuliqanlıq edən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmaq və ya yolun səthində çoxsaylı təkər izləri buraxmaq ilə müşayiət edilməyən hərəkətlər avtoxuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Şəxs əməlində avtoxuliqanlıq hərəkətlər etməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və hər hansı bir sübutla təsdiq edilməmişdir. Məhkəmə iclasında baxış keçirilmiş həmin 1 ədəd DVD disk daşıyıcıda olan video görüntülərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin avtoxuliqanlıq hərəkətləri etmədiyi müşahidə edilmişdir. Müəyyən edilmişdir ki, yolda hərəkətdə olarkən polis barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə avtomobilini saxlaması barədə göstəriş vermiş, şəxs polisin əmrinə tabe olmamış və avtomobilini idarə etməkdə və polisi yayındırmaqda davam etmiş, lakin müəyyən müddət davam edən təqibdən sonra polis şəxsin avtomobilin saxlanılmasına nail olmuşdur. Görüntüdə şəxsin yerin səthi üzərində avtomobili qəsdən sürətləndirməklə davamlı olaraq yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya səthdə təkər izlərinin buraxılması hadisəsi müşahidə edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, şəxsin əməlində İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi şəxsin özünün etirafedici ifadəsi və tibbi müayinə aktı ilə tam təsdiq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə alkotesterlə yoxlamanın nəticəsindən görünür ki, müayinə zamanı Şəxs 4,177 % promil alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində avtoxuliqanlıq, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından və sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməlidir və həmin Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən, inzibati xətanı sərxoş vəziyyətdə törətməsi isə onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiya hissəsində göstərilən inzibati tənbehin daha ciddi növünün nisbətən yuxarı həddə tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ 7 (yeddi) ay müddətinə məhdudlaşdırılsın. Şəxs əməlində İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-26/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-26/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver