Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-266/2024 29.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 16 noyabr 2023cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 16 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 verdiyi izahatında göstərdi ki, 24 oktyabr 2023-cü il tarixdə təsərrüfatında olan üç baş inəyini itmişdir. Heyvanlarını axtarmaq üçün əvvəllər də heyvanlarını oradan tapdığı çala adlanan Zəvvar ovçuluq təsərrüfatının ərazisinə getmişdir. Həmin vaxt onun üzərində özünə məxsus sənədli 16 çaplı, İJ 58 markalı qoşalülə ov tüfəngi olmuşdur. Həmin vaxt Şahin və Zəkəriyyə adlı şəxslər ona yaxınlaşaraq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, həmin şəxslərə orada olma səbəbini izah edərək, ov niyyətinin olmadığını və tüfəngi canavarlara görə götürdüyünü bildirmişdir. Onun üzərinə baxış keçirilmiş, sənədləri yoxlanılmışdır. Lakin o, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarla İXM-nin 272.3-cü maddəsi ilə ov qaydalarının kobud şəkildə pozulmasına görə fiziki şəxs qismində 1000 (bir min) manat cərimə edilmişdir. Özü 3-cü qrup əlildir. O, həmin əraziyə ov etmək məqsədi ilə getməmişdir. Barəsində tərtib edilmiş qərarla razı deyil və hesab edir ki, həmin qərar əsassızdır. Qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 16 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayətə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 24 oktyabr 2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, X4 24 oktyabr 2023-cü il tarixdə Zəvvar ovçuluq təsərrüfatı ərazisində qanunsuz ov edərkən saxlanılmış, barəsində Azərbaycan Respublikası İXM-nin 272.3 maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 noyabr 2023-cü il tarixli, MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 24 oktyabr 2023-cü il tarixdə Zəvvar ovçuluq təsərrüfatı ərazisində qanunsuz ov edərkən saxlanılmış və Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə ov qaydalarının kobud şəkildə pozulmasına görə fiziki şəxs qismində 1000 (bir min) manat cərimə edilmişdir. İş materiallarında olan 24 oktyabr 2023-cü il tarixli, AA № 000297 saylı aktdan görünür ki, “Zəvvar” ovçuluq təsərrüfatının “Alar ferması” adlanan ərazisində aparılan reyd zamanı qanunsuz ovla məşğul olan Cəlilabad rayonu Alar kənd sakini X1. Onun ova aid heç bir icazə sənədi olmadığı üçün üzərində olan 16 çaplı ij-58 markalı, 0089 saylı qoşalülə ov tüfəngi maddi sübut kimi götürülmüş və onun ov çantasına baxış keçirilən zaman heç bir ov qəniməti aşkar edilməmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 ünvanlanmış 17 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 noyabr 2023-cü il tarixli, MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ilə vəzifəli şəxs qismində 1000 (bir min) manat məbləğində cərimə edilmiş, cəriməni 30 gündən gec olmayaraq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq bank hesabına köçürülməsi ondan tələb edilmiş, əks təqdir qərarın məcburi icra olunması üçün aidiyyatı orqanlara göndəriləcəyi qeyd edilmişdir. Şikayətə əlavə edilmiş DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş B-47/20 nömrəli şəhadətnamədən görünür ki, X2 adına ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün 16 çaplı, ij-58 markalı, 0089 saylı qoşalülə ov tüfəngi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində qeyd edilmişdir ki, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Qanunun tələbindən də göründüyü kimi qeyd edilən maddənin tərkibi yalnız ov edilməsinə, habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə yaranır. Mübahisələndirilən qərarda X2 “Zəvvar” ovçuluq təsərrüfatının “Alar ferması” adlanan ərazisində qanunsuz olaraq ov ilə məşğul olması qeyd edilsə də, bunu təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, şəxsdə tüfəngin müəyyən edilməsi hələ onun birmənalı şəkildə ov etməsi anlamına gəlmir. Məhkəmə hesab edir ki, şikayət təmin edilməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-266/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-266/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver