Məhkəmə qərarları › İş №3(073)-282/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-282/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-282/2023 15.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İcra məmuru X6, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə Şəxs – xx xxxx 1989-cu il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad şəhər Həməşara küçəsi döngə 2, ev 1-də qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli, 2(073)-4640/2016 saylı icra vərəqəsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü Tural, xx.xx.2011-ci il təvəllüdlü Hüseyn və xx.xx.2015-ci il təvəllüdlü Fatimə adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 70 manat, cəmi 210 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Həmçinin Cəlilabad Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(073)- 1857/2020 saylı icra vərəqəsinə əsasən xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 120 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədlərini icra müddəti ərzində icralarını tam təmin etməmiş, Cəlilabad Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli, 2(073)-4640/2016 saylı icra vərəqəsi üzrə 16380 manat və Cəlilabad Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(073)- 1857/2020 saylı icra vərəqəsi üzrə 2000 manat, cəmi 18380 manat aliment borcu yaranmışdır. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bəhanə edərək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Elşən Əsədov inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərmişdir ki, borclu Şəxs Cəlilabad Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli, 2(073)-4640/2016 saylı icra sənədinin və Cəlilabad Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(073)-1857/2020 saylı icra sənədlərinin icra müddəti ərzində icralarını təmin etməmiş və mütəmadi olaraq aliment borcunu ödəməmişdir. Şəxs bu günə qədər yaranmış aliment borcu 18380 manatdır. Bu borcun ödənilməsi ondan tələb olunsa da, o, icra vərəqələrinin icrasından qəsdən yayınmışdır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İnzibati xəta törədən Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, onun Cəlilabad Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli, 2(073)-4640/2016 saylı icra vərəqəsi üzrə tələbkar X3 ödənilməmiş 16380 manat və Cəlilabad Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(073)-1857/2020 saylı icra vərəqəsi üzrə tələbkar X2 ödənilməmiş 2000 manat aliment borcu vardır. Heç bir yerdə işləmir və maddi imkanı olmadığı üçün həmin borcunu ödəyə bilməmişdir. Əməlindən peşimandır, məhkəmədən ona köməklik edilərək, yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Cəlilabad rayon icra və probasiya şöbəsinin “Borclunun axtarılması haqqında” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası daxilində axtarış elan edilmişdir. İş materiallarında olan Cəlilabad rayon icra və probasiya şöbəsinin xx.xx.2023-ci il tarixli məktubundan görünür ki, borclu Şəxs saxlanılaraq Cəlilabad rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Şəxs törətmiş olduğu inzibati xəta onun özünün etirafı, Cəlilabad Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli, 2(073)-4640/2016 saylı icra vərəqəsi və Cəlilabad Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(073)-1857/2020 saylı icra vərəqəsi, icra məmuru Elşən Əsədovun izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs Azərbaycan Respulikası İXMnin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 15 mart 2023-cü il tarixdən, saat 18:15-dən hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar