Məhkəmə qərarları › İş №3(073)-294/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-294/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-294/2023 17.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad rayon Məhkəməsinin hakimi Cəbrayılov Vüsal Adil oğlu, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İnzibati xəta törədən Şəxs iştirakı ilə Şəxs – xx xxxx 1989-cu il tarixdə Cəlilabad rayonu, Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu, Göytəpə şəhəri, Pişəvəri küçəsi ev 70-də qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad RPŞ-dən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1, 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 16 mart 2023-cü il tarixdə saat 21 radələrində Cəlilabad şəhəri, Qurtuluş prospektində sərxoş vəziyyətdə özünə məxsus “LADA 21440” markalı A 0** TV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən həmin ərazidə xidmət aparan YPX əməkdaşlarının saxla tələbinə tabe olmamış və nəqliyyat vasitəsini idarə etməyə davam etmiş, YPX əməkdaşları ona dəfələrlə səs gücləndirici və sayrışan işıqlarla saxlama işarəsi versələrdə, onların qanuni tələblərinə tabe olmayaraq avtomobili saxlamamış, nəqliyyat vasitəsini saxladıqdan sonra onu polis əməkdaşlarının köməyi ilə duracağa aparmaq istəyərkən vətəndaş ucadan polis əməkdaşlarının ünvanına nalayıq ifadələr işlətmiş və onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa, o, Cəlilabad RPŞ-nin inzibatı binasına gətirildikdən sonra inzibati binanın daxlində yenidən ucadan nalayıq ifadələr işlətmiş və onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin hərəkətləri ilə o, Azərbaycan Respublikasının İXM-in 334.1-ci maddəsində nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, İXM-nin 510-cu maddəsində nəzərdə tutulan xırda xuliqanlıq və İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, polis işçisinin qanuni tələblərrinə qəsdən tabe olmama inzibati xətalarını törətmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs özünü barəsində olan inzibati xəta haqqında material üzrə təqsirli bilərək verdiyi izahatında bildirdi ki, 16 mart 2023-cü il tarixdə, saat 20 radələrində tanışı Cəlilabad rayonu, Göytəpə şəhər sakini X3 ilə Cəlilabad şəhərində yerləşən “Basqal” kafedə yemək yeyib spirtli içki qəbul etmişlər. Daha sonra o, idarə etdiyi “LADA 21440” markalı A 0** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Qurtuluş prospekti ilə hərəkət edərkən, X12 əməkdaşları sayrışan işıqları və səsgücləndirici ilə vasitəsilə ona saxla işarəsi vermişlər. Lakin o, sərxoş olduğu üçün avtomobili saxlamayıb hərəkətinə davam etmişdir. Daha sonra onun arxasınca PPX əməkdaşları da gəlməyə başlamışdır. Cəlilabad şəhəri, Qurtuluş prospektində onu polis əməkdaşları saxlamışlar. O, polis əməkdaşları ilə mübahisə etməyə başlamış və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu nizam intizama dəvət etsələr də, o, sərxoş olduğu üçün öz hərəkətlərinə davam etmişdir. Polis əməkdaşları onu Cəlilabad RPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində də o, polis əməkdaşlarının ünvanına yenidən nalayiq ifadələr işlətmişdir. Bütün bunlara səbəb onun sərxoş olaraq özünü idarə edə bilməməsi olmuşdur. Hazırda əməlindən peşmadır, səhvini başa düşür və gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəkdir. Odur ki, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin DYPB-nin YPX inspektoru X4 verdiyi izahatında bildirdi ki, 16 mart 2023-cü il tarixdə saat 21 radələrində Cəlilabad şəhəri, Qurtuluş prospektində YPX inspektoru X7 ilə xidmətdə olarkən “LADA 21440” markalı A 0** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa işıq göstəricisi nasaz olduğu üçün xidməti istifadələrində olan avtomobilin sayrışan işıqlarını yandırmaqla və səsgücləndirici vasitəsi ilə həmin avtomobilə saxla işarəsi vermişlər. Lakin həmin avtomobilin sürücüsü onların saxla işarəsinə məhəl qoymayaraq hərəkətinə davam etmişdir. Onlar radiocihaz vasitəsi ilə xidmətdə olan PPX əməkdaşlarını köməyə çağırmışlar. Bir qədər irəlidə həmin avtomobili saxlamışlar və o, sürücüyə yaxınlaşıb özünü təqdim etmək istəyəndə, sürücü polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başladı. Onlar sürücünü nizam intizama dəvət etsələr də, sürücü öz hərəkətlərinə davam etmişdir. Onlar PPX əməkdaşları ilə birlikdə sürücünü Cəlilabad RPŞnin inzibati binasına gətirmişlər. Polis şöbəsində də sürücü polis əməkdaşlarının ünvanına yenidən nalayiq ifadələr işlətmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, sürücü Cəlilabad rayonu, Göytəpə şəhər sakini Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin DYPB-nin YPX inspektoru X7, PPXB-nin polis nəfərləri X5 və X2 da eyni məzmunlu izahat verərək şahid X1 göstərdiklərini təsdiq etmişlər. Şəxs törətmiş olduğu inzibati xəta özünün etirafı, inzibati xəta haqqında protokol, şahidlərin izahatları və işin digər materialları ilə tam təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş 16 mart 2023-cü il tarixli, 88 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktda əsasən sürücü Şəxs 0,8 promil orta dərəcəli alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs Azərbaycan Respulikası İXMnin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. Şəxs törətmiş olduğu inzibati xətalara görə Azərbaycan Respublikasının İXM-in 334.1, 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sankiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, ailə vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respulikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarına əlavə olunmuş 16 mart 2023-cü il tarixli, AZA 019536 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 16 mart 2023-cü il tarixdə, saat 23:30-da inzibati qaydada tutulmuşdur. Buna görə də Şəxs inzibati həbs etməsinin əvvəli 16 mart 2023-cü il tarixdən, saat 23:30-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115,117, 129, 130-cu maddələrini rəhbər tutaraq qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İXM-nin 334.1, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respulikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 16 mart 2023-cü il tarixdən, saat 23:30-dan hesablansın. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Elan edilmiş qərarın surəti inzibati xəta törədən Şəxs təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar