Məhkəmə qərarları › İş №3(073)-297/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-297/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-297/2023 07.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1971-ci ildə Cəlilabad rayonunun Novoqolovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Cəlilabad rayon Uzuntəpə kənd İƏDÜN-də baş mühasib işləyən, Cəlilabad rayonunun Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Əsgərov X1 rayon məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(073)-1458/2021 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2376/2021 saylı və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)- 2146/2022 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1458/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh X3 3150 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu alınıb iddiaçı X7 verilməlidir. Bundan başqa Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2376/2021 saylı icra vərəqəsinə əsasən cavabdehlər X3 və X4 vurulmuş ziyanın əvəzi olaraq 4500 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınıb iddiaçı X7 verilməlidir. Bundan başqa Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-2146/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh X3 2892 manat alınıb iddiaçı “Ruslan-No” MKM-nin xeyrinə verilməlidir. İcra sənədləri Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. İcra sənədləriin məcburi icrası üçün tutma cavabdehin əmək haqqına yönəldilmiş və icra edilməsi üçün bildiriş Cəlilabad rayon Uzuntəpə kənd İƏDÜ nümayəndəliyinə göndərilmişdir. Həmin nümayəndəlikdə baş mühasib işləyən Şəxs tutmanın cavabdehin əmək haqqına yönəldilməsini təmin etməmiş və nəticədə 2022-ci ilin noyabr, dekabr ayları və 2023-cü ilin yanvar ayı üzrə cavabdehin əmək haqqından tutularaq tələbkara ödənilməsi təmin edilməmişdir. Buna görə də baş mühasib vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə qismən təqsirli bilərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)- 1458/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh X3 3150 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu alınıb iddiaçı X7 verilməlidir. Bundan başqa Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2376/2021 saylı icra vərəqəsinə əsasən cavabdehlər X3 və X4 vurulmuş ziyanın əvəzi olaraq 4500 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınıb iddiaçı X7 verilməlidir. Bundan başqa Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-2146/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh X3 2892 manat alınıb iddiaçı “Ruslan-No” MKM-nin xeyrinə verilməlidir. Özü Cəlilabad rayon Uzuntəpə kənd İƏDÜN-də baş mühasib işləyir. Cəlilabad rayon məhkəməsinin icra sənədləri üzrə tutulmaların aparılması üçün bildiriş nümayəndəliyə daxil olduqdan sonra tutma borclunun əmək haqqına yönəldilmiş və 2022-ci il üzrə avqust, sentyabr və oktyabr ayları üzrə borclunun əmək haqqından tutulmaların aparılması təmin edilmişdir. Cəlilabad rayon Uzuntəpə kənd İƏDÜ nümayəndə işləyən borclu X6 2022-ci ilin noyabr ayından məzuniyyətdə olduğuna görə həmin ay və sonrakı aylar üçün tutmanın borclunun əmək haqqına yönəltməli olduğunu bilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə bildiriş nümayəndəliyə daxil olsa da ona icra olunması üçün verilməmişdir. Bu səbəbdən həmin icra sənədinin icrası təmin edilməmişdir. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün qismən etirafı və icra məmurunun izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar