Məhkəmə qərarları › İş №3(073)-318/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-318/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-318/2025 15.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi Məhkəmə iclas katibi liyev Elməddin Fizuli oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsini əsaslandıraraq izahatında göstərdi ki, Cəlilabad rayonu Uzuntəpə kəndində yaşayır və şəxsi təsərrüfatında mal-heyvan saxlamaqla dolanışığını təmin edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd olunan qərarda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə, Cəlilabad rayonu, Qırmızıkənd ovçuluq təsərüfatında heç bir icazə olmadan qanunsuz olaraq çöl quşları ovlamışdır. Bildirmək istəyir ki, onun evi qeyd edilən Qırmızıkənd ərazisində yerləşir və o mal-qara ilə məşqul olur, hər dəfəsində qarşılarına it, çaqqal və yırtıcı heyvanlar çıxdığına görə həmişə ona məxsus ov silahı üzərində olur. xx.xx.2025-ci il tarixdə yenə həmin ərazidə mal-heyvanlarını otararkən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onun barəsində qanunsuz olaraq protokol və onun əsasında əsasız qərar qəbul etmişlər. O, bu barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına bildirmişdir ki, o, ov etməmişdir O, bu barədə əməkdaşlara etiraz etdikdə ona izah etmişlər ki, qərardan narazı qalarsa məhkəməyə şikayət etsin. Hesab edir ki, həmin qərar əsassızdır, ona görə də ləğv olunmalıdır. Ona görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanların nəzərə alınaraq şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 şikayətin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, X5 08 fevral 2025-ci il tarixdə X11 ərazisində yerləşən “Qırmızıkənd” OT ərazisinə müvafiq icazə sənədi olmadan ov tüfəngi ilə daxil olmuşdur. Buna görə də o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 08 fevral 2025-ci il tarixdə Şirvan Milli Parkı ərazisində yerləşən “Qırmızıkənd” OT ərazisində qanunsuz ov edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 1476 saylı şəhadatnamənin surətindən görünür ki, “MR-27” markalı qoşa lüləli, 12 çaplı, ********* nömrəli silah X4 məxsusdur. Məhkəmə iclasında X3 08 fevral 2025-ci il tarixdə X11 ərazisində yerləşən “Qırmızıkənd” ovçuluq təsərrüfatında qanunsuz ovçuluq fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X3 08 fevral 2025-ci il tarixdə X11 ərazisində yerləşən “Qırmızıkənd” OT ərazisində qanunsuz ov etdiyi qeyd olunsa da, həmin halı təsdiq edən sübutlar (fotoşəkillər və ya videogörüntü, ov qəniməti) məhkəməyə təqdim edilməmişdir. X3 həmin vaxt həmin ərazidə ov silahı ilə olması onun ovçuluq fəaliyyəti ilə məşğul olması kimi qəbul edilə bilməz. Məhkəmə iclasında verdiyi izahatında da X5 həmin vaxt silahdan istifadə etmədiyini, silahı yırtıcı heyvanlardan qorunmaq üçün gəzdirdiyini bildirmişdir. Həmçinin məhkəmə tərəfindən inzibati orqanın nümayəndəsinə bu barədə suallar verilmişdir, nümayəndə isə protokolu tərtib etmiş əməkdaş tərəfindən hər hansı ov qənimətinin aşkar edilmədiyini, şəxsin çiynində silah olduğuna görə onun ov etməsi ehtimalını nəzərə alaraq müvafiq protokolun tərtib edildiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, ovçuluq quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Göründüyü kimi, ovçuluq, başqa sözlə ov etmək göstərilən hərəkətlərin, yəni heyvanların izlənilməsi, təqib edilməsi, tutulması və vurulmasında ifadə olunan hərəkətlərdir. İnzibati orqan tərəfindən isə şəxsin bu hərəkətlərin hər hansı birini etməsi sübuta yetirilməmişdir. İnzibati orqanın protokol tərtib etmiş nümayəndəsi şəxsin çiynində silah olmasını əsas tutaraq müvafiq protokolu tərtib etmişdir ki, bu hal da şəxsin inzibati xətanı törətməsi ilə bağlı şübhədən başqa bir şey deyildir və bu şübhə digər hər hansı halla aradan qaldırılmadığına görə şikayət vermiş şəxsin xeyrinə həll edilməlidir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, şəxs öz təqsirsizliyini sübut etmək öhdəliyi daşımır, bu yük tamamilə inzibati orqanın üzərindədir. İş materiallarında, həmçinin inzibati orqan tərəfindən şikayət vermiş şəxsə barəsində aparılan inzibati icraatla bağlı bildiriş göndərilmədiyi və ya məlumat verilmədiyi də müəyyən edilmişdir. Halbuki protokol xx.xx.2025-ci il tarixdə, inzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2025-ci ildə qəbul edilmişdir. Bu bir aydan çox müddət ərzində isə şəxsin həqiqətən də müvafiq inzibati xətanı törədib-törətməməsi inzibati orqan tərəfindən müəyyən edilə bilərdi (şəxsin özünün izahatının alınması, şahidlərin izahatları, ətraf ərazidə ov qənimətlərinin olub-olmaması və s. halları araşdırmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; - 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; - 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə iclasında X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, X5 həmin vaxt ona istinad olunan inzibati xəta hadisəsini törətmədiyindən, başqa sözlə, inzibati xəta hadisəsi olmadığından onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 Azərbaycan Respublikası İXM-in 272-1ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat cərimə olunmasına dair onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar