Məhkəmə qərarları › İş №3(073)-323/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-323/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-323/2025 17.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X11 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X11 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ilə X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində şərti olaraq inzibati cərimə edilmişdir, hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. X6 şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət ərizəsinə əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X11 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmiş və həmin qərar əsasında da şərti olaraq 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. O, barəsində olan şərti cərimə ilə razı deyil və qeyd edilən normanın tələbləri onun tərəfindən pozulmamışdır. Belə ki, qeyd edilən qərarda göstərilmişdir ki, Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində yerləşən “Nəzrin” şadlıq sarayına verilmiş xx.xx.2023-cü il tarixli, G-MG/4023-153 nömrəli “Məcburi göstəriş”in tələbləri yerinə yetirilməmişdir. Adı qeyd edilən qurumun əməkdaşları qeyd edilən şadlıq sarayına gələrək manqalxanada təmizləyici qurğunun olmadığını ona bildirərkən, o da həmin vaxt qurumun əməkdaşlarına həmin manqalxananın söküldüyünü bildirmiş və əməkdaşlara təklif etmişdir ki, şadlıq sarayında daxil olub özləri də söküntünü əyani olaraq görsünlər, lakin əməkdaşlar buna ehtiyacın olmadığını ona bildirmişlər. Bundan sonra əməkdaşlar onun xəbəri olmadan protokol tərtib etmişlər. Bir müddətdən sonra onun ünvanına bu barədə bildiriş gəlmişdir. Həmin bildirişdə isə müəyyən edilən müddətdə quruma çağırılmağı qeyd edilmişdir. O da həmin bildirişi aldıqdan sonra buna uyğun olaraq həmin şadlıq sarayında ümumi gedən təmir işləri ilə əlaqədar, manqalxana söküldüyündən tərəfindən Lənkəranda yerləşən adı qeyd edilən quruma gedərək sübut kimi həmin söküntüyə dair bir neçə fotoşəkilləri təqdim etmiş, həmin vaxt orada bildirmişdir ki, hazırda manqalxana ilə yanaşı digər hissələrdə də təmir işləri aparılır. Həmin vaxt orada ona bildirilmişdir ki, “təmir işlərini davam etdirin və qeyd edilən təmir işləri ilə bağlı sizə heç bir cərimə tətbiq edilməyəcəkdir.” O da buna əmin olduqdan və verilən tövsiyyədən sonra manqalxanada təmir işlərimi davam etdirmişdir. Lakin təmir işləri başa çatmamış onun xəbəri və məlumatı olmadan barəsində AR İXM-nin 541 -ci maddəsi ilə 3000 (üç min) manat məbləğində şərti cərimə tətbiq edilmişdir. Halbuki o, qeyd edilən quruma şəxsən gedərək təmirlə bağlı sübut kimi fotoşəkilləri təqdim edərkən heç bir əlavə cərimənin yazılmayacağanı və təmir işlərinin həyata keçirilməsinin davam etdirilməsi ona bildirilmişdir. 30 yanvar 2024-cü il tarixdə protokol tərtib edilmiş, 15 fevral 2024-cü il tarixdə isə qərar qəbul edilmiş, təmir işləri isə hələ 15 fevraldan sonrakı tarixlərdə başa çatmışdır. Göründüyü kimi, o, təmir işlərini başa çatdırmamış barəsində şərti olsa da cərimə tətbiq edilmişdir. Həmçinin, adı qeyd edilən protokolda onun adı yazılan qrafalarda protokolu imzalamaqdan və yazılı izahat verməkdən imtina etdiyi qeyd edilmişdir. Halbuki o, hər hansı bir izahatın verilməsindən imtina etməmişdir. Haqlı olduğu halda, yəni əyani olaraq təmir işləri getdiyi halda bu barədə yazılı izahat verməməyi barədə protokolda qeydin aparılması inandırıcı deyildir. Qeyd olunanların nəzərə alınaraq şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X6 şikayəti müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati cərimənin tətbiq edilməsindən yalnız son 2 ayda xəbər tutmuşdur. Belə ki, onun pensiyasından hər ay 100 manat pul çıxılmağa başlanılmışdır. Bundan sonra müəyyən etmişdir ki, cərimələnib. Qərarın və protokolun surətini əldə etmək üçün cəriməni tətbiq edən inzibati orqana getmiş və xx.xx.2025-ci il tarixdə qərar və protokolu rəsmi qaydada əldə etmişdir. Cərimə yazılan vaxt, yəni 2024-cü ilin əvvəllərində şadlıq sarayı tam təmirə bağlı idi, təmir həmin ilin may ayında bitmişdir. İnzibati orqanın quraşdırılmasını tələb etdiyi tüstü təmizləyici qurğu çox bahadır və rayondakı, hətta digər rayonlardakı restoranların böyük əksəriyyətində yoxdur. İnzibati orqan sakit, xəbərsiz şəkildə cərimə yazmaqdansa həmin qurğu haqda daha ətraflı məlumat versəydi daha faydalı olardı. İştirakı təmin olunmadan, xüsusilə də fəaliyyəti dayanmış restoranla bağlı bu qədər yüksək məbləğdə cərimələnməsi isə qanunsuz və ədalətsizdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X11 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, şikayətçi X6 onun (şahidin) həmkəndlisidir. O (şahid), Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində yerləşən “Nəzrin“ şadlıq sarayında aşpaz işləyir. Şadlıq sarayı 2023-cü ilin dekabr ayında təmirə bağlanmışdı, 2024-cü ilin may ayında açılış olmuşdu. Həmin müddətdə özü də orada işləyən usta və fəhlələrə kömək edirdi. 10 ildən çoxdur ki, həmin şadlıq sarayında işləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, şikayətçi X6 onun (şahidin) müdiridir. O (şahid), “Nəzrin” şadlıq sarayında ofisant işləyir. Şadlıq sarayı 2023-cü ilin sonunda təmirə bağlandıqdan 2 ay sonra Ekologiyanın nümayəndələri gəlmişlər, lakin restorana adi baxış keçirib getmişlər, daha sonrasından isə məlumatsız olmuşdur. Restoranda təmir işləri 2024-cü ilin may ayında bitmişdir. Həmin müddətdə orada işləyən usta və fəhlələrə kömək edirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, şikayətçi X6 onun (şahidin) müdiridir. O (şahid), 2010-cu ildən “Nəzrin” şadlıq sarayında ofisant işləyir. 2023-cü ilin dekabr ayından 2024-cü ilin may ayına kimi şadlıq sarayı təmirə bağlanmışdı, ofisiantlar, aşpaz və s. orada işləyən şəxslər usta və fəhlələrə kömək etmişlər. İşdə olan xx.xx.2024-cü il tarixli, MN1764621 saylı protokoldan görünür ki, X2 rayonu, Qarazəncir kəndi ərazisində yerləşən “Nəzrin“ şadlıq sarayına verilmiş 29 dekabr 2023-cü il tarixli, G-MG/4023-153 nömrəli “Məcburi göstərişin” tələblərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinin tələblərini pozmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, G-MG/4023-153 nömrəli “Məcburi göstərişin” tələblərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 3000 (üç min) manat məbləğində şərti cərimə edilmişdir və hüquqpozmanın aradan qaldırılması üçün 1 aylıq müddət müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, binanın daxilindəki manqalxana sökülmüş vəziyyətdədir. İşdə olan şikayətçinin 1 X11 və Təbii Sərvətlər İdarəsinin rəisinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən və həmin orqanın əməkdaşının imza qeydindən görünür ki, tənbeh qərarı şikayətçiyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X11 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın qanuniliyi məsələsinə qiymət verməyi zəruri hesab etməklə qeyd edir ki, şikayət vermiş şəxsin əməlində hər hansı inzibati xəta hadisəsi yoxdur, çünki inzibati orqan tərəfindən onunla bağlı edilmiş tələbin özü qanuni olmamışdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarət olmuşdur ki, 2023-cü ilin dekabr ayından 2024-cü ilin may ayına qədər müvafiq kommersiya obyekti (şadlıq sarayı) təmirə bağlı olmuşdur və fəaliyyətdə olmamışdır. Fəaliyyəti dayandırılmış obyektdə hər hansı qurğunun quraşdırılması ilə bağlı yazılı göstəriş verilməsi və bu göstərişin qısa müddət ərzində icra edilməsi tələbi isə özlüyündə qanuni hesab edilə bilməz. Belə ki, təmir işlərinin hansı müddətə davam edəcəyi, təmirdən sonra obyektin tamamilə başqa bir istiqamətdə fəaliyyət göstərib-göstərməyəcəyi inzibati orqan üçün bəlli deyildi ki, hüquqpozmanı müəyyən etsin və aradan qaldırılması üçün 30 gün müddət müəyyən etməklə şərti cəza tətbiq etsin. Məhkəmə hesab edir ki, şadlıq sarayı fəaliyyətini tam bərpa etdikdən sonra və inzibati orqan tərəfindən həmin obyektin məhz şadlıq sarayı kimi işləməsi təsbit edildikdən, başqa sözlə, müxtəlif qida məhsulları hazırlanarkən ətraf mühitə tüstü xaric etməklə ekoloji hüquqpozma faktı müəyyən edildikdən sonra şəxsin İXM-in 541-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxıla bilərdi. İnzibati orqan tərəfindən yazılı göstəriş verilərkən, həmçinin şərti cəza tətbiq edilməsi haqda qərar qəbul edilərkən sözügedən kommersiya obyektinin işlək vəziyyətdə olaraq ekoloji hüquqpozma törətməsi faktı ilə bağlı isə həmin orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; - 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; - 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 116.1-ci maddəsinə əsasən bu Məcəllənin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır; - 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur; - 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; - 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə qərar ləğv edilir; - 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, X6 ona istinad olunan inzibati xəta hadisəsini törətmədiyindən onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X11 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X11 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş X4 Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə 3000 (üç min) manat cərimə olunmasına dair onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar