Məhkəmə qərarları › İş №3(073)-390/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-390/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-390/2024 14.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İcra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs – xx.xx.1975-ci il tarixdə Cəlilabad rayonu Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Sabirabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şirvan Kommersiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, e-2-2(121)-128/2021 saylı icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 33325 (otuz üç min üç yüz iyirmi beş) manat əsas borc, 1000 (min) manat dəbbə (cərimə borcu) və 15,60 (on beş manat altmış qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 34340,60 (otuz dörd min üç yüz qırx manat, altmış qəpik) manat məbləğində pulun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədinin icra müddəti ərzində icrasını təmin etməmişdir. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bildirərək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Mahir Əskərov inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərdi ki, Şirvan Kommersiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, e-2-2(121)-128/2021 saylı icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 33325 (otuz üç min üç yüz iyirmi beş) manat əsas borc, 1000 (min) manat dəbbə (cərimə borcu) və 15,60 (on beş manat altmış qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 34340,60 (otuz dörd min üç yüz qırx manat, altmış qəpik) manat məbləğində pulun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Lakin borclu Şəxs icra vərəqəsinin icra müddəti ərzində icrasını tam təmin etməmiş və icra vərəqəsinin icrasından yayınmışdır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şirvan Kommersiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, e-2-2(121)-128/2021 saylı icra vərəqəsinə əsasən, ondan ümumilikdə 34340,60 (otuz dörd min üç yüz qırx manat, altmış qəpik) manat məbləğində pulun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bu ilin avqust ayında tələbkara olan borcundan 200 (iki yüz) manat ödəniş etmiş və maddi imkanı olmadığı üçün borcunu tam ödəyə bilməmişdir. O, icra sənədinin icrasından boyun qaçırmır, qısa müddətdə icra edəcəkdir. Həmçinin yaxın vaxtlarda onun oğlu avtomobil qəzası keçirmiş, hazırda xəstəxanada müalicə alır. Əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən ona köməklik edilməsini xahiş edir. Şəxs törətmiş olduğu inzibati xəta onun özünün etirafı, Şirvan Kommersiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, e-2-2(121)-128/2021 saylı icra vərəqəsi, icra məmuru Mahir Əskərovun izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1 və 32.2-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati qaydada cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon icra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar