Məhkəmə qərarları › İş №3(073)-402/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-402/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-402/2024 27.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, 02 yanvar 1999-cu il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X1 Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X2 şikayətlə Cəlilabad rayon Məhkəməsinə müraciət edərək, Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərardan şikayət verən X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onların iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçi və qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində idarə etdiyi BMW 530E PLUG-in Hibrid minik markalı **-GK-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyatvasitəsi ilə Bakı-Salyan yolunun12-ci km-də Lökbatan dairəsi istiqaməti ilə hərəkət edərkən BDYPİ-nin Şəmsi adlı əməkdaşı DYP-yə məxsus 742 nömrəli xidməti avtomobillə onu dayandıraraq avtomobilin disk və təkər ölçüsünün avtomobilə uyğun olmadığını bildirmiş və həmin xətaya görə 150 manat məbləğində cərimə olunması ilə bağlı İXP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol tam qanunsuz tərtib olunmuşdur. Belə ki, həmin vaxt avtomobilin disk və təkər ölçüsü tam olaraq qanuna uyğun olmuşdur. O, bununla bağlı BDYP-nə şikayət etmiş, bir müddət sonra isə BDYPİ-nə dəvət olunmuş, oradan ona protokolun qanuni yazıldığını, həmçinin məhkəməyə müraciət etsə belə, şikayətin məhkəmə tərəfindən təmin edilməyəcəyi bildirilmişdir. Son olaraq bu məsələ (disk və təkər ölçüsü) ilə bağlı sözügedən avtomobilin Azərbaycanda rəsmi idxalçısı eyni zamanda rəsmi distribyutoru olan "xxxx" Servis Mərkəzindən bu barədə yazılı rəy almışdır. Servis Mərkəzinin yazılı rəyinə əsasən avtomobilin üzərində olan təkərin istehsalçı tərəfindən tam olaraq icazə verilən radius və ölçüdə olduğu bildirilmişdir. Servis Mərkəzindən yazılı rəyin alınması üçün 35.05 AZN rüsum ödəmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli İnzibati Tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. İşdə olan "xxxx" X4 tərəfindən X3 ünvanlanmış xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 2017-2024-cü illərdə istehsal olunan G30 indeksli BMW 5-ci seriya avtomobillərində R17, R18,R19 və R20 radiusları ilə təkərlərin mövcud olduğu, sahib olduğu VİN kodu WBAJA9C58JB253549 olan, BMW 530E avtomobilinə istehsalçı tərəfindən A)225/55/R17, B)245/45/R18 və 275/40/R18, C)245/40/R19 və 275/35/R19, D)245/35/R20 və 275/30/R20 ölçüdə təkərlərin istifadəsinə icazə verildiyi bildirilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddə ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi göstərilmişdir. Həmin Məcəllənin 342.2.3-cü maddəsinin tövsifedici əlaməti təkər bazasının və ya təkər düsturunun pozulmasından ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Bakı şəhər X8 İdarəsi tərəfindən iş üzrə bütün hallar araşdırılmamışdır. İnzibati xətanın hansı qaydada törədilməsi, bunun hansı sübutlarla təsdiq edilməsi və s. barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X1 hərəkətlərində inzibati xəta tərkibi olmadığından, inzibati xətanın törədilməsi və təqsiri sübuta yetirilmədiyindən onun barəsində Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 barəsində Baş X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar