Məhkəmə qərarları › İş №3(073)-447/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-447/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-447/2025 22.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Cəlilabad Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhruz Bayramovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Cəlilabad rayonunun Ocağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Cəlilabad rayonunun Qarazəncir kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(011)-997/2008 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 65000 (altmış beş min) ABŞ dolları və 19.80 (on doqquz manat səksən qəpik) manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qeyd edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədinin icra müddəti ərzində icrasını təmin etməmiş və məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhruz Bayramov verdiyi izahatında bildirdi ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(011)-997/2008 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 65000 (altmış beş min) ABŞ dolları və 19.80 (on doqquz manat səksən qəpik) manat dövlət rüsumunun alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qeyd edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Lakin dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu Şəxs icra sənədinin icrasını təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirdi ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(011)-997/2008 saylı icra vərəqəsinə əsasən ondan 65000 (altmış beş min) ABŞ dolları və 19.80 (on doqquz manat səksən qəpik) manat dövlət rüsumu alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qeyd edilmişdir. O, icra sənədinin icrasından yayınmır. Lakin ağır şəkər, ağciyər və ürək xəstəsidir. Üç ayaq barmağı amputasiya olunub. Normal şəkildə yeriyə bilmir. Həmçinin 60 yaşı var, əmək qabiliyyəti yoxdur. Ona görə də heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Özünə məxsus evi yoxdur və qızının evində qeydiyyatda olmaqla, orada yaşayır. Gələcəkdə gəlir yeri olarsa, icra sənədi üzrə borcundan ödəniş edəcəkdir. Hazırda əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 09 oktyabr 2008-ci il tarixli 2(011)-997/2008 saylı icra sənədindən görünür ki, borclu Şəxs 65000 (altmış beş min) ABŞ dolları və 19.80 (on doqquz manat səksən qəpik) manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qeyd edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 09 oktyabr 2008-ci il tarixli 2(011)-997/2008 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; İş materiallarında olan “Tələbin könüllü icrası haqqında” 15 noyabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs 09 oktyabr 2008-ci il tarixli 2(011)-997/2008 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; İş materiallarında olan Şəxs məxsus tibbi müayinə sənədlərindən görünür ki, Şəxs sağ pəncədə işemik dəyişikliklər, barmaq yarası; şəkərli diabet 2-ci tip orta ağır; ürək və digər daxili xəstəliklər müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs məsuliyyətinin yüngülləşdirən halın olmasını, onun məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, həmçinin ağır xəstəliyinin və 60 yaşının olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar