Məhkəmə qərarları › İş №3(073)-463/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-463/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-463/2024 20.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən «Bakı Binə mall” adlı obyektin reklam yayıcısı X2 barəsində Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: 24 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 24 may 2024-cü il tarixdə saat 13:34 radələrində Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən «Bakı Binə mall” adlı obyektin reklam yayıcısı X5 tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişləri və qərarları vaxtında və tam yerinə yetirməmişdir. Bununla da Cəlilabad şəhəri Cavadxan küçəsində fəaliyyət göstərən «Bakı Binə mall” adlı obyektin reklam yayıcısı X5 Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə X2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verərək, «Bakı Binə mall” adlı obyektin reklam yayıcısı X5 barəsində qanuna uyğun tədbir görülməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 06 may 2024cü il tarixli aktdan görünür ki, idarə tərəfindən xx.xx.2024-cü il tarixli, 000201 nömrəli aktın və yazılı göstərişin Cəlilabad şəhəri Qurtuluş prospektində fəaliyyət göstərən «Bakı Binə mall”-nin reklam yayıcısı X3 təqdim edilməsinə baxmayaraq obyektə təkrar baxış keçirilərkən qanunsuz reklam yayımlanmasının davam etdirilməsi aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 06 may 2024cü il tarixli 000201 nömrəli “Yazılı göstəriş”dən görünür ki, həmin reklamın yayımının 5 (beş) gün müddətində dayandırılması tələb edilmişdir və həmin göstəriş Cəlilabad şəhəri Cavadxan küçəsində fəaliyyət göstərən «Bakı Binə mall”-yə ünvanlanmışdır. İş materiallarında olan teleqramdan görünür ki, X7 İdarəsi tərəfindən X3 ünvanlanan xx.xx.2024-cü il tarixli SS899407426AZ saylı göndəriş xx.xx.2024-cü il tarixdə saat 10:11-də çatdırılmışdır. İş materiallarında olan fotoşəkildən sözügedən reklam daşıyıcısının yayımlandığı görünür. İş materiallarında olan “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” haqqında çıxarışdan görünür ki, X5 vergi ödəyicisidir, yəni vəzifəli şəxsdir (VÖEN: **********). Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin məzmununa əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 75-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Maddənin 2-ci bəndinə görə bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Cəlilabad şəhəri Qurtuluş prospektində fəaliyyət göstərən «Bakı Binə mall” obyektinin reklam yayıcısı X2 barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar