Məhkəmə qərarları › İş №3(073)-476/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-476/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-476/2024 24.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş, Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən obyektlərdə “Cappy” və “Fuse tea” reklamlarının yayıcısı X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında iş üzrə icraat materialına baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş 31 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol və inzibati icraat materialı daxil olmuşdur. Protokoldan görünür ki, 31 may 2024-cü il tarixdə Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən obyektlərdə “Cappy” və “Fuse tea” adlı reklamların yayıcısı X5 müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişi vaxtında və tam yerinə yetirməmişdir. Məhkəmə iclasında brəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 verdiyi izahatında göstərmişdir ki, həqiqətən də 15 may 2024-cü il tarixdə agentlikdən şəxslər gəldilər və müxtəlif dükanların üzərindəki “Cappy” və “Fuse Tea” reklamlarını qanunsuz olaraq vurduğumu bildirdilər, onların sökülməli olduğunu, reklam yaymanın ancaq idarə ilə müqavilə bağladıqdan sonra mümkün olduğunu bildirdilər və getdilər. Daha sonra 22 may 2024-cü il tarixdə həmin orqanın 15 may 2024-cü il tarixli yazılışı bildirişini aldım, orada nöqsanların aradan qaldırılması üçün 5 gün vaxt müəyyən edildiyini gördüm. Mən sonradan həmin orqanın əməkdaşları ilə bir neçə dəfə görüşdüm və məsələni həll edəcəyimi bildirdim. Təxminən elə 30-31 may tarixlərində həmin reklamların hamısını sökdüm və hesab etdim ki, məsələ yəqin ki, bağlanılmışdır. Sonradan isə məhkəməyə verildiyimi bildim. Hazırda heç bir dükanda həmin yazılar qalmayıb, onsuz da o cür reklamlar müvəqqəti xarakterlidir, adətən 10 gün sonra sökülür, dükanlara isə oranın sahiblərinin razılığı ilə vurulur. Protokol onun imzası olmadan tərtib edilib, surəti ona təqdim edilməyib, həmçinin reklamların hamısını sökmüşdür, ona görə də məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, bununla bağlı məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə həmin inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və iş materiallarını tam tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında protokol əsaslı olduğuna və şəxsin təqsirliliyi sübuta yetirildiyinə görə X5 İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin Estetik nəzarət şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 15 may 2024-cü il tarixli aktdan görünür ki, Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən obyektlərdə “Cappy” və “Fuse tea” reklam fasadları reklam yayıcısı X5 tərəfindən “Reklam haqqında” AR Qanununun 26.3-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün müvafiq icazənin olmaması, LRRİ-nə hər hansı müraciət daxil olmaması, adra.gov.az internet portalında icazə sənədinin olmaması əsaslarına görə qanunsuz olaraq yayılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin tərəfindən tərtib edilmiş 15 may 2024-cü il tarixli 000221 nömrəli “Yazılı göstəriş”dən görünür ki, həmin reklamın yayımının 5 (beş) gün müddətində dayandırılması tələb edilmişdir. İş materiallarında olan teleqramdan görünür ki, X6 İdarəsi tərəfindən X3 xx.xx.2024-cü il tarixdə ünvanlanan SS899413656AZ saylı göndəriş xx.xx.2024-cü il tarixdə saat 15:58-də çatdırılmışdır. İş materiallarında olan 31 may 2024-cü il tarixli Baxış Aktından görünür ki, Cəlilabad rayonu ərazisində obyektlərdə yayımlanan “Cappy” və “Fuse Tea” reklamları ilə bağlı idarə tərəfindən 15 may 2024-cü il tarixli 00021 nömrəli akt və yazılı göstərişin 22 may 2024-cü il tarixdə çatmasına baxmayaraq obyektə tərəflərindən təkrar baxış keçirilərkən qanunsuz reklam yayımlanmasının davam etdirilməsi və yazılı göstərişdə qeyd olunanlara əməl edilmədiyi X6 İdarəsinin Estetik nəzarət şöbəsinin əməkdaşları tərəfindən aşkar edilmişdir. İş materiallarında olan 31 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 31 may 2024-cü il tarixdə Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən obyektlərdə “Cappy” və “Fuse tea” adlı reklamların yayıcısı X5 tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişi vaxtında və tam yerinə yetirməmişdir. Bununla da X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərdən görünür ki, sözügedən reklam fasadları müxtəlif dükanların üzərilərinə vurulmuşdur. İş materiallarında olan “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” haqqında çıxarışdan görünür ki, X5 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdir (VÖEN: **********). Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə şəxsin öz təqsirini qismən etiraf etməsini, həqiqətən də yazılı göstərişdə göstərilən müddətdən sonra reklam fasadlarını sökdüyünü və əvvəlki vəziyyəti bərpa etdiyini, gələcək fəaliyyətində məhz müvafiq inzibati orqan tərəfindən müəyyən edilən qaydada həmin fəaliyyətlə məşğul olacağını bildirdiyini, həmçinin İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə görə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat səlahiyyətlərini hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin həyata keçirdiyi halda onun da vəzifəli şəxs hesab olunmalı olması müəyyən edilsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “vəzifəli şəxs” anlayışı barədə formalaşdırdığı hüquqi mövqeni, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xəta nəticəsində başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etmədiyini nəzərə alaraq onun fiziki şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsini və barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə rəsmi qaydada təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar