Məhkəmə qərarları › İş №3(073)-498/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-498/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-498/2024 11.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin sədri Cəbrayılov Vüsal Adil oğlu, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə Şəxs – xx xxxxxx 1980-ci il tarixdə Cəlilabad rayon Hacıməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayon Hacıməmmədli kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində Cəlilabad Rayon Polis Şöbəsindən Cəlilabad Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 20 may 2024-cü il tarixdə saat Cəlilabad rayon Hacıməmmədli kəndi ərazisində şəxsi münasibətlər zəminində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu döyərək ona dərəcələri təyin olunmayan xəsarətlər yetirmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işin məhkəmə baxışı zamanı inzibati xəta törətmiş Şəxs məhkəməyə izahat verərək Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə olan inzibati material üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Cəlilabad rayon Hacıməmmədli kəndində yaşadığı evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yarandığı üçün əsəbləşib, həyat yoldaşının sifət nahiyəsinə bir sillə vurmuşdur. xx.xx.2024-cü il tarixdə isə yoldaşı Zərərçəkmiş şəxs evdən çıxıb atasının evinə getmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmandır, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdiklərinin nəzərə alınaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə izahat verərək göstərdi ki, o, 2006-cı ildə Şəxs ilə ailə həyatı qurmuş və onların 5 övladları vardır. Lakin Şəxs mütəmadi olaraq spirtli içki qəbul edir, buna görə aralarında mübahisə yaranır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Şəxs evə içkili vəziyyətdə gəlmiş, o Azada iradını bildirəndə Azad onu döymüşdür. Şəxslə barışmamışdır. Odur ki, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, MN ******* saylı inzibati xəta haqqında protokol və inzibati xəta haqqında işin digər materialları ilə tam təsdiq edilmişdir. Materiala əlavə olunmuş 08 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 410 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın sol gicgah nahiyyəsində qançır müəyyən olundu. Müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs Azərbaycan Respulikası İXMnin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-cı maddələrini rəhbər tutaraq qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar