Məhkəmə qərarları › İş №3(073)-511/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-511/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-511/2025 23.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1992-ci il tarixdə Cəlilabad rayonu Dələli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Cəlilabad rayonu Dələli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir . Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:15 radələrində Cəlilabad şəhəri H.Əliyev prospektində «VAZ 21063» minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə ««VAZ 21063» minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Lakin polis əməkdaşları tərəfindən guya sərxoş vəziyyətdə olduğu üçün onun barəsində İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun həmin gün ayıq olmasını təsdiq edən həkim müayinəsinin nəticəsi olan xx.xx.2025ci il tarixli akt mövcuddur. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu əsassız hesab edir. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 333.1-ci maddəsində nəzərdə inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:15-də Cəlilabad şəhəri H.Əliyev prospektində «VAZ 21063» minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarında olan alkotester qəbzindən görünür ki, Şəxs sərxoşluq vəziyətinin yoxlanılması zamanı sərxoşluq göstəricisi 3.137 promil olmuşdur. İş materiallarında olan Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş 08 may 2025-ci il tarixli, 000505 nömrəli “Sərxoşluq vəziyətinin tibbi müayinəsi” haqqında aktdan görünür ki, Şəxs ayıq vəziyyətdə olmuş və onda alkoqol sərxoşluğu müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; -75.0.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir; -76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; -76.2-ci maddəsinə əsasən bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qərarın 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:15 radələrində Cəlilabad şəhəri H.Əliyev prospektində «VAZ 21063» minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra özü könüllü olaraq həkimə müraciət etmiş və həkim rəyinə əsasən onun sərxoş olmaması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məhkəməyə təqdim olunan sənədlər ziddiyyətli olmaqla onun sərxoş olmasını şübhə altına alır, buna görə də məhkəmə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək, şəxsin təqsirsiz olması və onun əməlində İXM-in 333.1-ci maddəsinin tərkibinin olmadığı qənaətinə gəlir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilən zaman İbrahimov X1 Rayon Polis şöbəsinin inzibati binasında videoçəkiliş aparılan zaman spirtli içki (pivə) qəbul etdiyini bildirsə də, onun həmin içkinin nə vaxt və nə qədər qəbul etməsi aydınlaşdırılmamışdır. Şəxs özü isə həmin vaxt polis əməkdaşlarının təkidi ilə belə bir ifadə işlətdiyini bildirmişdir. Belə olan halda, onun həqiqətən də Cəlilabad şəhəri H.Əliyev prospektində avtomobili sərxoş vəziyyətdə idarə etməsi və qeyd edilən inzibati xətanı törətməsi sübut olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Buna görə də, Şəxs əməlində İXM-in 333.1-ci maddəsinin tərkibi aşkar edilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53, 114.2.1, 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkibi olmadığından, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar