Məhkəmə qərarları › İş №3(073)-521/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-521/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-521/2024 14.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi qismində işə cəlb edilmiş Cəlilabad Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, 20 aprel 1968-ci ildə Cəlilabad rayonunda anadan olmuş, azərbaycanlı, orta təhsilli, evli, məhkum olunmamış, Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 04 iyun 2024-cü il tarixdə İXM-nin 333.3-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, ona məxsus olan nəqliyyat vasitəsində bir müddətdir ki, sükan hissəsində nasazlıq olduğundan onu “Green store” adlı dükanın parklanma ərazisində saxlamışdır. Həmin gün isə usta gəlməli və təmir etməli idi. Hadisə baş verən gün ümumiyyətlə nəqliyyat vasitəsini idarə etməmişdir. O, “Green store” adlanan dükana girmiş, özü üçün zəruri bəzi əşyaları aldıqdan sonra dükandan çıxıb maşınına yaxınlaşdıqda post patrul əməkdaşları ona yaxınlaşıb içkili olub-olmadığını soruşmuşlar, o, içkili olduğunu bildirmiş, sonra isə əməkdaşlar ona maşınını arxaya verərərkən digər bir maşını vurduğunu bildirmişdirlər və onu polis şöbəsinə dəvət etmişdirlər. Qısa bir müddət sonra isə yol polisi əməkdaşları həmin yerə yaxınlaşdılar. O, ümumiyyətlə maşını idarə etmədiyini, buna görə də qəzanın baş verməsinin mümkünsüz olduğunu bildirmiş, hazırda da maşınından həyat yoldaşına yazılmış həkim reseptini və bəzi kommunal xidmət kartlarını götürərək taksi ilə evinə gedəcəyini bildirmişdir. Baş vermiş mübahisədən yaxasını qurtara bilməyəcəyini və polisin münasibətini görüb onlarla birlikdə şöbəyə getməyə razı olmuşdur. Şöbədə isə onun üzərindəki həkim reseptləri və işıq kartı götürülmüşdür, onun səhhəti şöbədə pisləşmişdir. Şöbədən çıxanda həmin işıq kartını qaytarmadıqlarına görə isə 3 gün evində işıqsız qalmışdır. Şöbədə içkili olubolmadığını təkrar sorğu-sual etmişlər, o, pivə qəbul etdiyini və içkili olduğunu bildirmişdir, sonradan isə həkim müayinəsindən keçirilmiş və sərxoşluğunu müəyyən edən tibbi müayinə aktı tərtib edilmişdir. Şöbədə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur, həmin şəxs ona onunla hər hansı ədavətinin olmadığını bildirmişdir, sadəcə sənədləri imzalamağın məqsədəmüvafiq olduğunu bildirmişdir. Ona heç bir protokol və ya qərar təqdim edilməmişdir, həqiqətə uyğun olmayan izahatı alınmışdır və şöbədən buraxılmışdır. Avtomobili isə duracağa yerləşdirilmişdir. Polisin ona olan münasibətini qərəzli hesab edir, bunun o və polis orqanları arasında əvvəl də baş vermiş mübahisəyə görə baş verdiyini bildirir. Barəsində tərtib edilmiş protokolu qanunsuz hesab etmiş, özünü təqsirli bilməmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbi ilə müdafiəçi qismində məhkəmə iclasına dəvət edilmiş və müdafiəçi qismində işə buraxılmış Cəlilabad Rayon Vəkil Bürosunun vəkili X1 da verdiyi suallara eyni məzmunlu cavab vermişdir, yekunda müdafiəçi də hər hansı inzibati xətadan söhbət getmədiyini və hüquqlarını müdafiə etdiyi şəxs barəsində aparılan icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrindən birini də inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar sübut edilməli olan hallara aiddir. İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan 04 iyun 2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xətanın nəticəsi vəzifəli şəxs tərəfindən qeyd edilməmişdir. Halbuki iş materiallarında olan digər dolayı sübutlardan ehtimal olunur ki, xəta nəticəsində zərərçəkmişin avtomobili arxa hissədən əzilmişdir, yəni, maddi zərər dəymişdir, lakin birbaşa sübut hesab olunan inzibati xəta haqqında protokolda həmin nəticə görünmür. İnzibati Xətalar Məcəlləsinin 100.1.9-cu maddəsinə əsasən, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu barədə qeydlər inzibati xəta haqqında protokolda zəruri göstərilməli olan haldır. Həmçinin həmin protokol nə inzibati xəta törətmiş şəxs, nə də zərərçəkmiş şəxs tərəfindən imzalanmamışdır, imzalamaqdan imtina barədə isə hər hansı qeyd qoyulmamışdır. Bu isə Şəxs onun barəsində protokol tərtib edilməsindən xəbərsiz olması, ona protokolun surətinin verilməməsi barədə məhkəməyə verdiyi izahatını daha inandırıcı edir. İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. “Yol hərəkəti haqqında Qanun”un 84-cü maddəsinin 6-2) bəndinin tələbinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciət olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə vermək yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifəsidir. Məhkəmə qeyd edir ki, müvafiq icraat üzrə iş materiallarında hadisənin baş verməsini sübut edən hər hansı video görüntü, həmçinin qəza nəticəsində zədə almış avtomobillərin foto şəkilləri yer almamışdır. Halbuki hadisə baş verən ərazi böyük bir dükanın avtomobil parklanma ərazisidir, həmin dükanın çöl ərazisinin də müşahidəsini aparan video kamera qurğularının olması ehtimalı yüksəkdir, eləcə də zədə almış avtomobillərin foto şəkillərinin çəkilməsinin qarşısını alan heç bir istisnaedici hal olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, hadisənin baş verməsi ilə bağlı video görüntülərin və foto şəkillərin əldə edilməsi mümkün, eyni zamanda zəruri idi. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri bilir ki, inzibati xəta haqqında protokol 04 iyun 2024-cü il tarixdə tərtib edilsə də, iş üzrə digər sənədlər də həmin tarixdə tərtib və əldə edilsə də, materiallar məhkəməyə 14 iyun 2024-cü il tarixdə daxil olmuşdur. Məhkəmə hesab edir ki, qərardad əsasında həmin 10 gün müddət ərzində inzibati araşdırma apardıqdan sonra müvafiq protokolu tərtib edərək baxılması üçün məhkəməyə göndərməklə, inzibati orqanın qeyd edilən sübutları əldə etməsi və işin hallarını tam şəkildə müəyyən etməsi mümkünlüyü ağlabatan idi. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında yer alan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yazılı izahatındakı imzası ilə iş materiallarında yer alan yol nəqliyyat hadisəsinin sxemində olan imzası arasında aşkar fərqlər vardır ki, həm bu əsasla, həm də işin müəyyən edilmiş digər xüsusatları ilə ziddiyyətli olması əsasına görə, məhkəmə həmin sxemi mötəbər sübut növü kimi nəzərə almır. İş materiallarında yer alan Zərərçəkmiş şəxs verilmə və ya alınma tarixi göstərilməyən izahatına əsasən o, xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində Cəlilabad şəhərinin Qurtuluş prospektində yerləşən Green Store marketinin qarşısında etibarnamə əsasında idarə etdiyi VAZ 21-07 markalı, **-XV-*** qeydiyyat nişanlı avtomobili saxlayaraq alış-veriş üçün markete girmişdi. Bir müddət sonra marketdən çıxdı və avtomobilinə yaxınlaşanda polis əməkdaşları bildirdilər ki, avtomobilini Opel Omega markalı **-EU-*** nömrəli avtomobil vurmuşdur. Avtomobilinə baxış keçirdi və gördü ki, maşınının arxa qanadı əzilmişdir. Sonradan məlum oldu ki, avtomobili Tapdıq adlı şəxs öz avtomobilini arxaya hərəkət etdirərkən vurmuşdur. Hadisə yerinə yol polisi əməkdaşları gəldilər, müayinə apardılar və günahka sürücünü polis şöbəsinə gətirdilər. Məhkəmə zərərçəkmiş şəxsin həmin izahatını və inzibati xəta haqqında protokolda onun imzasının olmadığını nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxsin izahatı onun avtomobilində qeyd etdiyi zədənin məhz barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən yetirildiyini müəyyən etmir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, hadisə baş verməsi ehtimal edilən ərazi adi gündəlik şəraitdə, xüsusilə də hadisə baş verdiyi ehtimal edilən günorta saat 13 radələrində kifayət qədər gediş-gəlişli olduğuna görə şahidlərin də inzibati xəta haqqında protokola adlarının qeyd edilməsi və onlar tərəfindən protokolun imzalanması mümkünlüyü də ağlabatan idi. Beləliklə, qeyd olunan xüsusatları nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirliliyi sübuta yetirilmir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya protesti və ya şikayəti verilə bilər. Hakim:Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar