Məhkəmə qərarları › İş №3(073)-720/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-720/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-720/2023 12.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İnzibati xəta törədən Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs – xx xxxx 1994-cü il tarixdə Cəlilabad rayonu, Abazallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu, Abazallı kəndində qeydiyyatda olan və Cəlilabad rayonu, Abazallı kəndində yaşayan, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə barəsində Cəlilabad rayon X3 Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonu, Abazallı kəndində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nərmin Alışovanı vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işin məhkəmə baxışı zamanı inzibati xəta törətmiş Şəxs məhkəməyə izahat verərək Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə olan inzibati material üzrə özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, gələcəkdə də hər hansı belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə izahat verərək göstərdi ki, inzibati xəta törətmiş Şəxs onun həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində azyaşlı övladının qızdırması olduğu üçün həyat yoldaşı Sadiqi oyatmışdır ki, uşağı həkimə aparsınlar, lakin həyat yoldaşı Sadiq oyanmadığı üçün o, qardaşı ilə qonşu kənddə olan uşaq həkiminə getmişdir. Həkimdən qayıtdıqdan sonra qayınanası Cəmilə ona nə üçün həyat yoldaşını gözləmədiyini deyib onu evdən çıxarmaqla hədələmiş, onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək saçından tutumuşdur. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Sadiq bu söhbətlər üzərindən onunla mübahisə edərək, onun üz və qol nahiyəsinə sillə və yumruq vuraraq onu evdən çıxartmış, həmin gündən etibarən o. atasının yanında yaşayır. X1 dartmasına baxmayaraq onda gözlə görünən xəsarət yaranmamış, həyat yoldaşı Şəxs isə onun baş nahiyəsinə sillə ilə bir neçə dəfə və hər iki qollarına bir neçə dəfə yumruq vurmuş, bunun nəticəsində onda xəsarət izləri qalmışdır. Sadiq ilə barışmamışlar. Odur ki, onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Materiala əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsinin 25 iyun 2023-cü il tarixli, 546 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ və sol bazu, sol said və sol diz oynağı nahiyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sağ bazu nahiyəsindəki qançırın törənmə müddəti qərarda qeyd olunan xx.xx.2033-cü il tarixə, digər xəsarətlərin törənmə müddəti isə qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Materiala əlavə olunmuş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün şəxsi etirafı, zərərçəkmiş şəxsin izahatı, MN ******* saylı inzibati xəta haqqında protokol və inzibati xəta haqqında işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edirəm ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-cı maddələrini rəhbər tutaraq qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar