Məhkəmə qərarları › İş №3(073)-742/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-742/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-742/2024 02.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə “Matarskilet ij” markalı A1234 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 332.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi səbəbi ilə Şəxs barəsində Cəlilabad rayon Polis ŞöbəsininDYP Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqındaprotokol tərtib edilib baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3- cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin əlamətləri olmadığına görə xitam verilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN-in DYP Web Portalından çıxarışından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 332.2ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 332.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdır. “Elektron Məhkəmə İnformasiya” sistemindən əldə edilmiş məlumatdan görünür ki, informasiya sistemindən sorğu zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs adına sürücülük vəsiqəsinin olması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərkən müvafiq orqan tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nəqliyyat vasitələrinin idarəetmə hüququnun olub-olmadığı araşdırılmamış, həmçinin xx.xx.2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi üçün inzibati qaydada cərimə edilməsinə baxmayaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etmədiyinə görə barəsində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 sentyabr 2023-cü il tarixli qərarına əsasən, qanunverici xüsusi hüququn məhdudlaşdırılması növündə tənbehin yalnız belə hüquqa malik olan şəxslərə tətbiq edilməsini mümkün hesab etdiyindən, tənbehin icrası məhz bu hüququ təsdiqləyən müvafiq sənədin alınması yolu ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ ümumiyyətlə mövcud olmadığına görə həmin hüququn məhdudlaşdırılması qeyrimümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Cəlilabad rayon Polis Şöbəsinin DYP Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin əlamətləri olmadığından xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar