Məhkəmə qərarları › İş №3(073)-777/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-777/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-777/2024 27.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, inzibati xəta törədən şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.1956-cı ildə Cəlilabad rayonu, Seyidbazar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Seyidbazar kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: 27 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 iyul 2024-cü il tarixdə oğlu Zərərçəkmiş şəxs döyərək, ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs bu əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmiş şəxsin izahatları, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs spirtli içki audəçisi olduğu üçün mütəmadi olaraq dəfələrlə onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Sonuncu dəfə 30 iyul 2024-cü il tarixdə axşam saatlarında qonşuluqda yaşayan Teymur onun evinə gələrək, onunla içkili vəziyyətdə mübahisə etməyə başlamışdır. Həmin zaman onun Teymuru döydüyünü deyil, əksinə Teymurun onu döydüyünü və Zərərçəkmiş şəxs bu barədə dediklərinin yalan və böhtan olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, 30 iyul 2024-cü il tarixdə axşam saatlarında öz yaşadığı evdə olan zaman anası Şəxs yaxınlıqda olan qəbiristanlıq istiqamətindən öz yaşadığı evə getdiyini görüb və anasına “Niyə məndən telefonu gizlətdin, buna görə mənim ailəm dağıldı” sözünü demiş, bundan sonra aralarında mübahisə yaranmışdır. Bu zaman qardaşı Faiq Nuriyev əlində olan ağac parçası ilə onun baş nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Sonda isə o, məhkəməyə yazılı ərizə verərək, barəsində inzibati xəta törədən şəxs Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin 03 avqust 2024-cü il tarixli, 662 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs hər iki qulaq seyvanında, hər iki yanaq və sağ dirsək nahiyyəsində sıyrıqla müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyaların təsirindən törənmişdir, törəmənin müddəti qərarda qeyd olunan 30 iyul 2024cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon X1 Bölməsinin 09 avqust 2024cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs törətdiyi əməlində cinayət məsuliyyətinə səbəb olmadığı üçün həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü barəsində qəbul edilmiş qərar Cəlilabad rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. İşdə olan Zərərçəkmiş şəxs məhkəməyə verdiyi yazılı ərizəsindən görünür ki, inzibati xəta törədən şəxs Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsinin qeydinin 3-cü bəndində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs ilə Zərərçəkmiş şəxs barışdıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs oğlu inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati materialın icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar