Məhkəmə qərarları › İş №3(073)-807/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-807/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-807/2025 17.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Masallı rayonu Xırmandalı kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Polis Şöbəsinin rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Cəlilabad Rayon Polis X1 Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyətı üzrə xx.xx.2025-ci il tarixdə Cəlilabad Rayon Məhkəməsinə təqdim edilmişdir. Cəlilabad RPŞ-nin İTB-nin polis sahə rəisi, Polis leytenantı Talıb Sucəddinov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardadla Masallı rayonu Xırmandalı kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə “İJ 54” markalı, qoşa lüləli, yivsiz, 0975 nömrəli sənədsiz mülki ov tüfəngini Cəlilabad rayonu ərazisində əlində gəzdirərək müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın əldə edilməsi, saxlanılması və daşınması qaydalarını pozmuşdur. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətdiyinə görə faktla bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək bildirmişdir ki, yaşadığı kəndin yaxınlığında mal-qara otararkən, vəhşi heyvanlardan qorunmaq üçün silahı özü ilə gəzdirir, silahın sənədsiz olması ovçuluq təsərrüfatının əməkdaşları tərəfindən yoxlanılarkən məlum olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonu ərazisində sənədsiz ov tüfəngini əlində gəzdirərək mülki silahın saxlanılması və daşınması qaydalarını pozmuşdur. İş materiallarında olan Şəxs izahatından görünür ki, xx.xx.2025-ci tarixində yaşadığı kəndin yaxınlığında yerləşən “Qırmızıkənd” ovçuluq təsərrüfatının ərazisində mal-qara otararkən, həmin vaxt ərazidə olan vəhşi heyvanlardan qorunmaq üçün istifadəsində olan “İJ 54” markalı 12 çaplı, qoşa lüləli, 0975 nömrəli ov silahını özü ilə götürmüş, açıq şəkildə əlində gəzdirdi üçün ovçuluq təsərrüfatının əməkdaşları ona yaxınlaşaraq silahı açıq gəzdirdiyi üçün irad bildirmiş və silahın qeydiyyatda olub-olmaması soruşmuşlar. Silahın heç bir qanuni sənədi olmadığı üçün, ovçuluq təsərrüfatının əməkdaşları ov silahını müvafiq akt əsasında ondan götürmüşlrər. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsiri sübuta yetirildiyindən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahı saxladığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş silah və döyüş sursatı müsadirə edilməklə inzibati cərimənin aşağı həddində tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ondan götürülmüş və hazırda maddi sübut kimi Cəlilabad rayon Polis şöbəsində saxlanılan – 01 ədəd “İJ 54” markalı, 12 çaplı, qoşa lüləli, yivsiz, 0975 nömrəli sənədləri olmayan ov silahı müsadirə edilməklə, 80 (səksən) manat inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ondan götürülmüş və hazırda maddi sübut kimi Cəlilabad rayon Polis şöbəsində saxlanılan - 01 ədəd “İJ 54” markalı, 12 çaplı, qoşa lüləli, yivsiz, 0975 nömrəli sənədləri olmayan ov silahı müsadirə edilməklə, 80 (səksən) manat inzibati cərimə edilsin. Cəlilabad rayon Polis şöbəsində saxlanılan - 01 ədəd “İJ 54” markalı, 12 çaplı, qoşa lüləli, yivsiz, 0975 nömrəli sənədləri olmayan ov silahı Azərbaycan Respublikası DİN-nin X6 Baş İdarəsinə təhvil verilsin. Qərarın icrası müvafiq olaraq Cəlilabad rayon Polis şöbəsinə və Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar