Məhkəmə qərarları › İş №3(073)-810/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-810/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-810/2024 13.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, X1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin X3 nümayəndəsi X6 iştirakları ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin X3 xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X10 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X10 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X10 verdiyi izahatında göstərdi ki, o, müqavilə bağlamaqla işləmək üçün Qarabağ zonasına işçilər aparır. Bunun üçün də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş üçün portaldan icazə alır. Bəzən icazə aldığı şəxslər sonradan işləmək üçün Qarabağa getməkdən imtina edirlər. Ona görə də hansı şəxs Qarabağ ərazisinə keçirsə onunla əmək müqaviləsi bağlayır. 2023-cü ilin dekabr ayında X9, X4 və X13 Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına girişləri üçün portaldan icazə almışdır. Lakin həmin şəxslərdən X20 11 mart 2024-ci ildə işləmək üçün Qarabağ zonasına giriş etmiş və onunla da əmək müqaviləsi bağlamışdır. İşləyib qayıtdıqdan sonra isə onun əmək müqaviləsinə xitam vermişdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti X8 tərəfindən onun güya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X14 işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb etdiyinə görə barəsində 29 iyul 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və o, həmin protokol əsasında qəbul olunmuş 08 avqust 2024-cü il tarixli, MN ******* nömrəli qərarla 3000 (üç min) manat cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar əsassızdır, ona görə də ləğv olunmalıdır. Belə ki, o, X15 2023-cü ilin dekabr ayında portaldan icazə alsa da, onunla 11 mart 2024-cü il tarixdə əmək müqaviləsi bağlamış və bundan sonra onu işlərə cəlb etmişdir. 27 iyun 2024-cü il tarixdə isə X20 işdən ayrıldığı üçün onunla olan əmək müqaviləsinə xitam vermişdir. O, X14 əmək müqaviləsi olmadan işlərə cəlb etməmişdir. Bununla bağlı heç bir sübut olmadığı halda X22 Xidməti X8 tərəfindən barəsində əsassız olaraq qərar qəbul olunmuşdur. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti X8 tərəfindən onun barəsində 08 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv olunması və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin X3 nümayəndəsi X11 verdiyi izahatında protokolun və inzibati tənbeh vermə haqqında qərarın müvafiq sənədlər əsasında tərtib edildiyini və şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. X20 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, işəgötürən X10 ilə aralarında bağlanmış əmək müqaviləsi qüvvədə olduğu müddətdə portal icazəsi ilə Qarabağ və Şərqi Zəngəzur ərazisində işlədiyini, lakin əmək müqaviləsinə xitam verildikdən sonra həmin zonaya getmədiyini və orada işləmədiyini qeyd etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını araşdırıb, izahatları dinləyib hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş: • X22 Xidməti X8 tərəfindən xx.xx.2024-cü il tarixli, MN № ******* saylı İnzibati tənbehvermə haqqında qərardan görünür ki, X10 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X14 işğaldan azad olunmuş ərazilərdə əmək müqaviləsi hüququ qüvvəyə minmədən işlərin (xidmətlərin) görülməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. • Əmək müqaviləsindən görünür ki, X2 Ruhid Rövşən oğlunu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətli əmək müqaviləsi əsasında qəlibçi vəzifəsinə işə götürmüşdür. • Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X10 ilə X20 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndində(tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin X8 tərəfindən X7 ünvanlanmış 08 avqust 2024-cü il tarixli bildirişdən görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən təqdim olunan məlumatlar əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozulmaqla işğaldan azad edilmiş ərazilərdə işlərin (xidmətlərin) görülməsinə cəlb edilməsi halı müəyyən edildiyi üçün X5 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla 3000 (üç min) manat məbləğində cərimə olunması qeyd edilmiş və həmin cəriməni müvafiq hesaba ödənilməsi xahiş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vəzifəli şəxs X2 Ruhid Rövşən oğlu ilə bağladığı müavilə əsasında X14 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətli əmək müqaviləsi əsasında qəlibçi vəzifəsinə işə götürmüşdür. X15 işğaldan azad edilmiş torpaqlarda işləyə bilməsi üçün portal vasitəsilə icazə alınmışdır. X20 ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əmək Müfəttişliyi tərəfindən iş üzrə araşdırma aparılaraq X10 tərəfindən vətəndaş X13 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunması aşkarlanmış, buna görə də X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və sonuncu 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin İXM-nın 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM- nın 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar imperativ olaraq araşdırılmalıdır. Həmin Məcəllənin İXM-nın 78-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.5-ci maddəsinə əsasən bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Qeyd edilən xüsusatla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin X8 tərəfindən X5 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta haqqında iş üzrə zəruri araşdırmalar aparılmamışdır. Bundan başqa səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında X20 ilə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, ərizəçinin əməllərində İXMnin 192.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası Azərbaycan Respublikası İXM-nın 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasından da göründüyü kimi X10 barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən onun tərəfindən X13 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan, hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nın 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vusal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar