Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-816/2024 24.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X5 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 verdiyi izahatında göstərdi ki, o, müqavilə bağlamaqla işləmək üçün Qarabağ zonasına işçilər aparır. Bunun üçün də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş üçün portaldan icazə alır. Artıq 4 ildir ki bu fəaliyyət növü ilə məşğul olur. Bəzən icazə aldığı şəxslər sonradan işləmək üçün Qarabağa getməkdən imtina edirlər. Ona görə də hansı şəxs Qarabağ ərazisinə keçirsə, onunla əmək müqaviləsi bağlayır. 2023-cü ilin dekabr ayında X7 və X9 Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına girişləri üçün portaldan icazə almışdır. Lakin həmin şəxslərdən X14 22 yanvar 2024-cü il tarixdə, X16 isə 05 fevral 2024-cü il tarixdə işləmək üçün Qarabağ zonasına giriş etmiş və hər ikisi ilə də göstərilən tarixlərdə əmək müqaviləsi bağlamışdır. İşləyib qayıtdıqdan sonra isə onların əmək müqaviləsinə xitam vermişdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən onun guya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X10 və X12 işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb etdiyinə görə barəsində 29 iyul 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş və o, həmin protokol əsasında qəbul olunmuş 08 avqust 2024-cü il tarixli, MN ******* nömrəli qərarla 3000 (üç min) manat cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar əsassızdır, ona görə də ləğv olunmalıdır. Belə ki, o, X11 və X13 2023-cü ilin dekabr ayında portaldan icazə alsa da, X14 ilə 22 yanvar 2024-cü il tarixdə, X16 ilə isə 05 fevral 2024cü il tarixdə əmək müqaviləsi bağlamış və bundan sonra onları işlərə cəlb etmişdir. 27 iyun 2024-cü il tarixdə isə işdən ayrıldıqları üçün onlarla olan əmək müqaviləsinə xitam vermişdir. O, X10 və X12 əmək müqaviləsi olmadan işlərə cəlb etməmişdir. Bununla bağlı heç bir sübut olmadığı halda X15 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən barəsində əsassız olaraq qərar qəbul olunmuşdur. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən onun barəsində 08 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv olunması və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yol verdiyi yeganə pozuntu hesab edilə biləcək məqam şəxslərlə əmək müqaviləsini ləğv etdikdən və onlar müvafiq zonadan qayıtdıqdan sonra onlar üçün almış olduğu portalda giriş icazələrinin ləğv edilməməsi olmuşdur ki, bunu etməyin zəruriliyindən məlumatsız olmuşdur, həmçinin burada hər hansı pozuntu olmasını zənn etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X8 verdiyi izahatında protokolun və inzibati tənbeh vermə haqqında qərarın müvafiq sənədlər əsasında tərtib edildiyini bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Bildirmişdir ki, inzibati orqan müvafiq sistemdə adıçəkilən şəxslərlə bağlı girişçıxış icazələrinin qalmasını görərək onlarla davam edən əmək münasibətlərinin qaldığını ehtimal etmişdir və buna görə də müvafiq qərar qəbul edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 məhkəməyə verdiyi ifadəsində işəgötürən X3 ilə aralarında bağlanmış əmək müqaviləsi qüvvədə olduğu müddətdə portal icazəsi ilə Qarabağ və Şərqi Zəngəzur ərazisində işlədiyini, lakin əmək müqaviləsinə xitam verildikdən sonra həmin zonaya getmədiyini və orada işləmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 məhkəməyə verdiyi ifadəsində işəgötürən X3 ilə aralarında bağlanmış əmək müqaviləsi qüvvədə olduğu müddətdə portal icazəsi ilə Qarabağ və Şərqi Zəngəzur ərazisində işlədiyini, lakin əmək müqaviləsinə xitam verildikdən sonra həmin zonaya getmədiyini və orada işləmədiyini qeyd etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını araşdırıb və izahatları dinləyib hesab edir ki, şikayət təmin edilməli, şikayətin predmeti olan inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X15 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X10 və X12 işğaldan azad olunmuş ərazilərdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) görülməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsindən və əmək müqaviləsinə xitam verilməsi haqqında elektron bildirişdən görünür ki, işəgötürən X3 ilə işçi X14 arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək davam edən müddətli əmək müqaviləsi mövcud olmuşdur, müqavilə əsasında işçi əsas iş yeri üzrə qəlibçi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsindən və əmək müqaviləsinə xitam verilməsi haqqında elektron bildirişdən görünür ki, işəgötürən X3 ilə işçi X16 arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək davam edən müddətli əmək müqaviləsi mövcud olmuşdur, müqavilə əsasında işçi əsas iş yeri üzrə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vəzifəli şəxs X1 Araz Dövlət oğlu ilə bağladığı müavilə əsasında onu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və X16 ilə bağladığı müavilə əsasında onu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətli əmək müqaviləsi əsasında qəlibçi və fəhlə vəzifələri üzrə işə götürmüşdür. X11 və X13 işğaldan azad edilmiş torpaqlarda işləyə bilməsi üçün portal vasitəsilə icazə alınmışdır və hər ikisi həmin ərazilərdə işə cəlb edilmişdir. X14 və X16 ilə bağlanmış müddətli əmək müqavilələrinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Müvafiq inzibati orqan tərəfindən iş üzrə araşdırma aparılaraq X3 tərəfindən vətəndaş X7 və X16 üçün alınmış iş icazələri ləğv edilməmiş, beləliklə də onların davam edən əmək münasibətlərində olması ehtimal edilmiş, buna görə də X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və sonuncu 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta haqqında iş üzrə zəruri araşdırmalar aparılmamışdır. Bundan başqa, inzibati orqanın nümayəndəsi məhkəmə iclasında X14 və X16 ilə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, ərizəçinin əməllərində İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, həmin maddə ilə nəzərdə tutulmuş məsuliyyət yalnız işçilərin əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb edildiyi halda yaranır ki, bu hal iş materialları ilə müəyyən edilməmişdir. Adları çəkilən şəxslər ilə bağlı iş icazələrinin mövcud olması onların əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb edilməsi nəticəsinə gəlməyə imkan vermir, iş icazələrinin və ya portal üzrə giriş-çıxış icazələrinin davam etməsi onların yalnız ehtimal edilən davamlı əmək münasibətlərində olması haqqında müəyyən ehtimal qənaətə gəlməyə əsas verə bilsə də, onların həqiqətən də əmək müqavilələrinə xitam verildikdən sonra da əmək fəaliyyətinə cəlb edilmələri faktı inzibati orqan tərəfindən sübut edilməmişdir ki, bununla da məhkəmə hesab edir ki, müvafiq maddənin dispozisiya şərti ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-816/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-816/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver