Məhkəmə qərarları › İş №3(073)-831/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-831/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-831/2024 11.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarlardan X6 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verərək, Baş Dövlət Yol Polis İdarəsinin EQ 21142568 saylı, xx.xx.2024-cü il tarixli, EQ 61998351 saylı, xx.xx.2024-cü il tarixli, EQ 21679928 saylı, xx.xx.2024-cü il tarixli, EQ 22040930 saylı, xx.xx.2024-cü il tarixli, EQ 22043119 saylı, xx.xx.2024-cü il tarixli, EQ 22040438 saylı, xx.xx.2024-cü il tarixli, EQ 22186338 saylı, xx.xx.2024-cü il tarixli qərarlarının qanunsuz hesab olunaraq ləğv olunması və həmin qərarlar üzrə inzibati xəta haqqında icraatlara ayrı-ayrılıqda xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X6 məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını, həmçinin tərəfindən təqdim edilmiş şahidlərin məhkəmə iclasında dindirilməsini və şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Bakı şəhəri DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə şikayət vermiş şəxs X2 və qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət verən şəxs X6 şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, mülkiyyətində “KİA Sorento” markalı, **-RO-*** dövlət qeydiyyat nömrəli avtomobili vardır, uzun müddətdir “Bel fəqərələrində fiziloji lordoz troyektoriyasında düzləşmə, L3-4 diskdədural kisəni sıxan sirkulyar qabarma, L4-5 dural, kisəni sıxan 5,5 mm ölçüdə geniş F əsaslı yırtıq" diaqnozu ilə bel-fəqərə xəstəliyindən əziyyət çəkir. Ona görə də avtomobili uzaq ərazilərə tanışları, yaxud pul müqabilində sürücülər idarə edirlər. Çünki xəstəliyi avtomobili həmin vəziyyətdə uzaq məsafələrə idarə etməyə imkan vermir, əyləşmək və sağ ayağında olan məhdudiyyətlə əlaqədar əyləc sistemindən istifadə etməkdə çətinlik çəkir. Ona (şikayətçiyə) məlum olmuşdur ki, xx.xx.2014-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Ələt-Bakı şosse yolunda, eləcə də Bakı şəhərində yol hərəkəti qaydalarının pozulmasına görə barəsində EQ 21142568 saylı, xx.xx.2024-cü il tarixli, EQ 61998351 saylı, xx.xx.2024-cü il tarixli, EQ 21679928 saylı, xx.xx.2024-cü il tarixli, EQ 22040930 saylı xx.xx.2024-cü il tarixli, EQ 22043119 saylı xx.xx.2024-cü il tarixli, EQ 22040438 saylı, xx.xx.2024-cü il tarixli, EQ 22186338 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarlar qəbul edilmişdir. Həmin qərarların surətlərini bu günə qədər əldə edə bilməmiş və ona həmin qərarların surətləri poçt vasitəsi ilə göndərilməmişdir. Özü elektron qaydada mobil telefonunda quraşdırılmış "xxxx" ASCnə aid olan “Birbank” elektron sisteminə şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edərək barəsində olan inzibati xəta haqqında qərarların nömrə və tarixlərini əldə etmişdir. Şikayətinə baxılarkən qeyd olunan qərarların surətlərinin sorğu verib alınmasını xahiş etmişdir. Onun istifadəsində olanı ***-***-**-** mobil nömrədən istifadə edir və qeyd olunan nömrəyə də SMS göndərilməmişdir. Bir neçə gün əvvəl yol patrul xidmətinin əməkdaşlarının reydi zamanı ona məlum olmuşdur ki, barəsində qeyd olunan inzibati xətalara dair qərarlar qəbul olunmuşdur. Qeyd edilən tarixlərdə bel-fəqərə xəstəliyi ilə əlaqədar avtomobili idarə etməmiş, həmin tarixlərdə avtomobilini uzaq yol məsafəsi ilə əlaqədar X9 (ünvan Masallı şəhəri, Səfərəli Məmmədov küçəsi ev 23) və X7 (ünvan Masallı rayonu, Məmmədrazaküçə kəndi) və Cəlilabad şəhərindən olan Ceyhun adlı şəxs idarə etmiş, o isə sərnişin kimi avtomobildə əyləşmişdir. Onların məhkəmə iclasında dindirilməsi də mümkündür. Hesab edir ki, inzibati xətanı o törətməmiş və cavab verən şəxs də o olmamalıdır. Qeyd edilənlərin nəzərə alınaraq barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarların ləğv olunmasna dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, şahid ifadələrini dinləyib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, Masallı Rayon Məhkəməsində sürücü vəzifəsində işləyir. X1 Masallı Rayon Məhkəməsinin hakimi olan vaxtlardan tanıyır. X2 bel-fəqərə xəstəliyi ilə əlaqədar avtomobili uzaq məsafələrə idarə etmək imkanı olmadığından ona (X5) məxsus olan “KİA Sorento” markalı 10 RO-727 dövlət qeydiyyat nömrəli avtomobili o (şahid), dəfələrlə idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 şahid X3 ifadəsinə uyğun ifadə vermişdir, bildirmişdir ki, o da Masallı Rayon Məhkəəsində təsərrüfat müdiri vəzifəsində işləyir, X4 o, orada hakim işləyərkən tanımışdır, bir neçə dəfə onun (şikayətçinin) xahişi ilə onun avtomobilini idarə etmişdir. Məhz protokollar tərtib edilən dövrlərdə yadındadır ki, avtomobili bir neçə dəfə idarə etmişdir, şikayətçini qərb rayonlarına aparmışdır. İşdə olan “Bioloji Təbabət” klinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müayinə sənədindən görünür ki, X5 “Bel fəqərələrində fizioloji lordoz trayektoriyasında düzləşmə L5 vertebrada sakralizasiya və L5-S1 intervertebral disk yüksəkliyində azalma, L4-L5 intervertebral diskin siqnal intensivliyində hidrasiyanın azalmasına bağlı azalma, L4-L5 intervertebral diskdə dural kisəni və dural kisə səviyyəsində sağ L5 sinir kökünü sıxan, sağ fəqərəarası dəliyi minimal daraldan, anulyar fissuranın müşaiyət etdiyi, geniş əsaslı santral-sağ parasantral disk yırtığı" diaqnozu qoyulmuşdur. İşdə olan elektron portaldan çıxarışdan görünür ki, X6 21142568 saylı, xx.xx.2024cü il tarixli protokol üzrə Azərbaycan Respublikasının İnxibati Xətalar Məcəlləsinin 328.3 maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 200 manat məbləğində cərimə edilmişdir. İşdə olan elektron portaldan çıxarışdan görünür ki, X6 21679928 saylı, xx.xx.2024cü il tarixli protokol üzrə Azərbaycan Respublikasının İnxibati Xətalar Məcəlləsinin 328.2 və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 300 manat məbləğində cərimə edilmişdir. İşdə olan elektron portaldan çıxarışdan görünür ki, X6 22186338 saylı, xx.xx.2024cü il tarixli protokol üzrə Azərbaycan Respublikasının İnxibati Xətalar Məcəlləsinin 328.3 maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 300 manat məbləğində cərimə edilmişdir. İşdə olan elektron portaldan çıxarışdan görünür ki, X6 21998351 saylı, xx.xx.2024cü il tarixli protokol üzrə Azərbaycan Respublikasının İnxibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 300 manat məbləğində cərimə edilmişdir. İşdə olan elektron portaldan çıxarışdan görünür ki, X6 22040930 saylı, xx.xx.2024cü il tarixli protokol üzrə Azərbaycan Respublikasının İnxibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 300 manat məbləğində cərimə edilmişdir. İşdə olan elektron portaldan çıxarışdan görünür ki, X6 22043119 saylı, xx.xx.2024cü il tarixli protokol üzrə Azərbaycan Respublikasının İnxibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 300 manat məbləğində cərimə edilmişdir. İşdə olan elektron portaldan çıxarışdan görünür ki, X6 22040438 saylı, xx.xx.2024cü il tarixli protokol üzrə Azərbaycan Respublikasının İnxibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 300 manat məbləğində cərimə edilmişdir. İşdə olan elektron portaldan çıxarışdan görünür ki, X6 22186338 saylı protokol üzrə Azərbaycan Respublikasının İnxibati Xətalar Məcəlləsinin 328.2 və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, EQ21142568 nömrəli inzibati tənbeh vermə haqqında qərar istisna olmaqla digərləri ləğv edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli qərar istisna olmaqla digər bütün protokollar İXM-nin 328.3 və 332.3-cü maddələri ilə tərtib edilmişdir, inzibati orqan şəxsi daha ağır sanksiya müəyyən edən 332.3-cü maddə ilə təqsirli bilmiş və şəxsi məhz həmin maddədə nəzərdə tutulan qaydada inzibati tənbeh etmişdir. Lakin işdə olan elektron çıxarışdan görünür ki, şikayətçinin sürücülük hüququ xx.xx.2024-cü il tarixdə məhdudlaşdırılmışdır. Belə olduğu halda həmin tarixdən sonra şikayətçi barəsində tərtib edilmiş digər protokollarla bağlı qərarlar üzrə nəqliyyat vasitəsinin məhz onun tərəfindən idarə edilməsini sübutetmə yükü inzibati orqanın üzərindədir. Bununla bağlı, yəni xx.xx.2024-cü il tarixdən sonra inzibati xəta haqqında protokollar tərtib edilərkən nəqliyyat vasitəsinin məhz şikayətçi tərəfindən idarə edilməsini müəyyən etmək üçün məhkəmə tərəfindən yol polisi orqanına foto və ya video görüntülərin təqdim edilməsi ilə bağlı sorğu göndərilsə də, inzibati orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, şikayətçinin nəqliyyat vasitəsini idarə etməyə bilavasitə çətinlik yaradan xəstəlikdən əziyyət çəkməsi barədə tibbi sənəd, həmçinin məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri daha inandırıcı və mötəbərdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. Həmin Məcəllənin 125.4-cü maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1-57.5ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir. Göründüyü kimi, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara dair işlər üzrə icraat zamanı inzibati orqanın inzibati xəta törətmiş şəxsi həm SMS bildiriş göndərməklə elektron qaydada məlumatlandırması, həm də tənbeh vermə qərarlarını kağız daşıyıcıda poçt orqanı vasitəsilə şəxsə göndərməli olması ilə bağlı öhdəliyi müəyyən edilsə də, inzibati orqan bu öhdəliyinə əməl etməmişdir. Məhkəmə təkrar qeyd edir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nə sübutları (inzibati xəta haqqında protokolun, qərarın təsdiq olunmuş surətlərini və baş vermiş inzibati xətanın törədilməsini əks etdirən foto və ya video görüntüləri) təqdim etməsi ilə bağlı sorğu göndərilsə də, inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə tərəfindən tələb olunan foto və ya video görüntülər təqdim edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, sürücülük hüququ məhdudlaşdırıldıqdan sonra şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə, yəni sürücülük hüququ məhdudlaşdırılmış vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsi əməlinə görə tərtib edilmiş protokollar və tənbeh vermə qərarlarına münasibətdə şikayətçinin barəsində inzibati xəta tərkibi yaranmır, yəni subyekt – xətanı törətmiş şəxs qeyri-müəyyəndir, inzibati xətaların məhz onun tərəfindən törədilməsi sübuta yetirilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 21142568 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğvi üçün isə məhkəmə hər hansı əsas görmür və hesab edir ki, həmin qərar qanuni qəbul edilmişdir. Belə ki, nəqliyyat vasitəsi yolda müəyyən edilmiş sürət həddini aşdığına görə şikayət vermiş şəxs barəsində İXM-nin 122.2-ci maddəsi rəhbər tutulmaqla elektron protokol tərtib edilmişdir. Məhkəmə həmçinin onu da nəzərə alır ki, şikayət vermiş şəxsin həmin vaxt sürücülük hüququ məhdudlaşdırılmamışdır və avtomobilin onun tərəfindən idarə edilməsi ehtimalı da yüksəkdir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 21998351 saylı, xx.xx.2024-cü il tarixli, EQ 21679928 saylı, xx.xx.2024cü il tarixli, EQ 22040930 saylı, xx.xx.2024-cü il tarixli, EQ 22043119 saylı, xx.xx.2024-cü il tarixli, EQ 22040438 saylı, xx.xx.2024-cü il tarixli, EQ 22186338 saylı, xx.xx.2024-cü il tarixli qərarlar X6 tərəfindən verilmiş şikayətə əsasən ləğv edilməli və inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN BDYPİ-ə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən X2 barəsində qəbul edilmiş EQ 21998351 saylı, xx.xx.2024-cü il tarixli, EQ 21679928 saylı, xx.xx.2024-cü il tarixli, EQ 22040930 saylı, xx.xx.2024-cü il tarixli, EQ 22043119 saylı, xx.xx.2024-cü il tarixli, EQ 22040438 saylı, xx.xx.2024-cü il tarixli, EQ 22186338 saylı, xx.xx.2024-cü il tarixli qərarlar ləğv edilsin və inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Şikayət qalan hissədə rədd edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar